Bazar , 22 Dekabr 2024
Drone Cameras

GENERAL MƏDƏT QULİYEVİN PORTRET CİZGİLƏRİ

Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin rəisi general Mədət Quliyev oturuşmuş adətlərə, qayda-qanunlara sözsüz əməl edənlərdəndi. Çoxları öz gözləri ilə şahiddi ki, o, yas məclislərinə də gedir, toy-büsatlara da. Ancaq yeri gələndə, bu oturuşmuş adətlərə bir başqa, tamam yad bucaqdan baxmağı da bacarır. Qanrılıb qəfil geri baxmağı da, inanın, çox yaddaqalan, kinematoqrafik bir səhnədir.
Misal üçün, xalqımızın 20 Yanvar şəhidlərinin məzarlarının ziyarətində Mədət Quliyev Şəhidlər Xiyabanını oturuşmuş, bəsitləşmiş protokol qaydasıyla ziyarət etməyib. Yeniyetmə, bığ yeri təzəcə tərləmiş oğluyla birgə ziyarət edib bu xatirə kompleksini. Dövrü mətbuatda çap edilmiş bu fotoların lal səhnələri, belə deyək, çox kövrəkdir. Təsirlidir. Yadda saxlayın, belə ziyarətlərin xatirə fotoşəkilləri təkcə rəqəmsal yaddaşlara deyil, ilk növbədə ürəklərə həkk edilir. Mədət Quliyev, gördüyümüz kimi, belə detallara, incəliklərə, novatorluqlara meyillidir.

12540860_1087869247932481_86308052742030

Ancaq Mədət Quliyev öz övladını təkcə məhdud, məhəlli milli-mənəvi dəyərlər çərçivəsində böyüdüb boya-başa çatdırmaq da istəmir. Yeri gələndə bu balasının ruhuna kosmopolit bir ovqatı da hopdurub aşılayır. İstəmir onu dünyada əsən səmt küləklərindən kənarda saxlasın.
Misal üçün, dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq mayın əvvəlində vətənimizə gəlib. “Elektra Hall”da onu əhatələyən fanatların içində fotoqraflar qəfil yenidən bu yeniyetmə oğlanın tanış simasını görüb bərk diksiniblər.

Gördüyümüz kimi, Mədət Quliyev bayağı, əzbərçi vətənpərvərlərdən deyil. O, istənilən işə standartdan kənar bir yanaşma da sərgiləməyi bacarır. İnanın, əməliyyatçı peşəsində bu, çox vacib, bəlkə də ən həlledici nüansdır.
Misal gətirdiyimiz bu ilginc faktlar Mədət Quliyev portretinin ilkin ştrixləri, zəif konturları sayıla bilər. Beləliklə, fırçamı barmaqlarım arasında sıxaraq kətan üzərinə ilk cızıqları çəkirəm. Mənzərə tədricən böyüyüb öz əhatəsini genişləndirir. Bir də görürəm dələ tüklü fırçam, kətan üzərinə 60-cı illər Gəncəsinin niskilli, yaddaqalan mənzərələrini həkk edir…

Bax, bu Gəncədə keçirilən məktəblərarası növbəti şahmat yarışması çempionlarıdı. Aralarında bir bəstəboy, lakin çox inadkar birisi hələ uzaqdan hamının diqqətini özünə cəlb edir. Şahmat taxtasını qoltuğuna vuraraq “farağat!” pozisiyasını tutmuş bu 2-ci sinif şagirdinin indi saralmış kollektiv fotolarına baxarkən bəribaşdan sezilir ki, bu inadkar məktəbli gələcəkdə mütləq…hökmən general rütbəsi, paqonları qazanacaq.

Kətan üzərində yaratdığım portret məhz bu ilkin ştrixlərdən sonra öz ilk real məzmununu, görkəmini qazanır.
Beləliklə, Mədət Quliyev məktəblərarası yarışmalarda özünün ilk qələbəsini, gözlədiyimiz kimi, idman sahəsində deyil, yoxxxxx… şahmat oyununda əldə edib. Bu başlanğıc da onu elə bəribaşdan digər əzələ qəhrəmanlarından fərqləndirib. Şahmat ustasına lazım olan taktika və strategiya gedişləri, irəliləmə, geri çəkilmə mexanizmlərinə Mədət Quliyev məhz o günlərdə yiyələnib. Sonra girişib əzələ şişirtməyə, yumruq düyünləməyə.

40a460fba436d60a473f42c449ad0238

Müəllimlər hələ o vaxt uzaqdan-uzağa bu istedad sahibini seçib fotolarını Gəncədəki 1 saylı məktəbin şərəf lövhəsinə yapışdırıblar. Atası – mühəndis Qəzənfər Quliyev, anası – ədəbiyyat müəlliməsi Zambaq Quliyeva bu uşaqda çoxtərəfli bir istedad hiss edərək onu təkcə elə şahmat taxtası arxasında oturtmayıblar. Məcbur ediblər bu dəcəl oğlan digər idman növlərinə də mükəmməl yiyələnsin. Eşitdiyimə görə, o zamanlar idmançılara xüsusi ərzaq talonları verilərdi ki, uşaqlar yaxşı qidalanıb ətə-cana gəlsinlər. Bax, bəri başdan mərc gəlirəm – məncə, yarışlara göndərilən idmançılara verilən bu ərzaq talonları bizim gənc Mədətin çantasında olardı əvvəlcə. O da bu talonları sonralar öz idmançı həmkarları arasında insafla bölərdi. Hamı bərabər ölçüdə öz smetan, kolbasa, ət paylarını Gəncədəki “Dinamo” cəmiyyətinin ərzaq dükanından alıb gənc Mədətə “çox sağ ol” deyərdi.

O uzaq günlərdə aktiv idmanla məşğul olan M.Quliyev 18-22 yaşlarında Azərbaycan yığma komandası tərkibində müxtəlif ümumittifaq yarışmalarda, turnirlərdə iştirak edib. Dəfələrlə sambo üzrə yeniyetmələr arasında qalib kürsüsünə qalxıb, boynundakı qızıl, gümüş, bürünc medalların sayını artırıb. 160-dan çox fəxri fərmanla, mükafatla təltif edilib. 21 yaşında idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib.

Molbertə çəkdiyim kətan üzərində artıq Mədət Quliyevin ilkin portret cizgiləri hazırdı. Qarşımızda gənc idmançı canlanır. Boynundan çoxsaylı medallar asılıdır. Bədəni tuncdan tökülüb sanki. Bu bədən ölçülərini Mədət Quliyev inanın, indiyədək qoruyub saxlayıb. Qarın nahiyəsində bir qram belə artıq piy qatı mövcud deyil.
Dövrü mətbuata ara-sıra onun bax bu cür idmançı fotoları hələ də sızdırılır. Yəni ənənə davam edir.
Bədən elə həmin bədəndi. Mədət, elə həmin Mədətdi.

Kətan üzərində cızdığımız bu portret üzərinə 1980-ci ildə hərbi geyim əlavə olunur. Mədət Quliyev payız çağırışıyla sovet ordusu sıralarına çağırılır. Hərbi xidmətini bir müddət Ermənistanda keçir. Sonra Gürcüstanda. 1982-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Gəncənin “Dinamo” cəmiyyətinə qayıdaraq orda təlimatçı işləyir.

Peşəkar əməliyyatçı kadrların hazırlanması sahəsində Mədət Quliyevin təcrübəsi ilk dəfə bioqrafiyasının bax bu mərhələsində formalaşır.
Kətan üzərindəki portretə bir ştrix, epizod əlavə olunur bu vaxt: budur, gənc təlimatçı Mədət Quliyev idman döşəyi kənarında qərar tutaraq öz tələbələrini gələcək döyüşlərə hazırlayır. Kimisini çıxdaş edir komandadan, kimisini yeni idman zirvələrinin fəthinə çağırır.

Yağlı boya ilə çəkdiyim bu portretə mən bir komsomol döş nişanı əlavə edirəm indi. Nişanı Mədət Quliyevin göyümsov kostyumunun sol yaxasına sancıram. Məhz həmin zamanlar o, Gəncə Daxili İşlər İdarəsinin komsomol təşkilatı katibi vəzifəsinə gətirilir. Mülkü geyimi tədricən milis qiyafəsi ilə əvəzlənir. Daxili İşlər Nazirliyi ilə uzun illər davam edən əməkdaşlıq o vaxtdan start götürür. Gənc Mədəti atır dəli ehtirasların, oğru-quldur güllələrinin qabağına.
Çəkdiyim portretə ilk qan ləkəsi ilk dəfə məhz bu zaman əlavə olunur. Hadisə 10 dekabr 1993-cü ildə Gəncənin qatı zülmətə qərq olmuş bir oğru ünvanında baş verir. Sinəsini kor gülləyə sipər edən Mədət Quliyev yaralansa da qəddini əymir. Əməliyyatı sonadək həyata keçirməyi ilə qalır öz həmkarlarının yaddaşında.

medet_quliyev

Kətan üzərində gəzişən fırçamın sürəti bu andan etibarən birə yüz artır elə bil. Neynək. O vaxt zaman çox iti sürətlə axır, qarşısına çıxanı sel kimi uçuruma sürükləyirdi.

Mədət Quliyev 1994-cü il oktyabr 4-də Gəncə hadisələri zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə birlikdə, dövlət çevrilişinə cəhd göstərən cinayətkar dəstənin ləğv edilməsində də fəal iştirak edir. O, 1997-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirir.
1996-cı ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi müavini, 2001-ci ildə isə həmin idarənin idarə rəisi vəzifəsində çalışır.

2002-ci ildə DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində öz peşəsini davam etdirən Mədət Quliyev 2004-cü ildə İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilir. Polis general-mayoru rütbəsinəcən yüksəlir və 2006-cı ildən DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışaraq öz xidməti borcunu şərəflə yerinə yetirir.

123861_src

O, psixoanalizlə məşğul olmağı sevir, fikirlərini faktlarla, dəlillərlə əsaslandırmağı özünün mənəvi və vətəndaşlıq borcu hesab edir. 5 dildə danışmağı bacaran general-mayor Mədət Quliyev xidməti işi ilə əlaqədar olaraq Amerikada, Avstriyada, Fransada, İtaliyada çox olub.

Molbertdəki portretə indi diqqətlə zillənin. Qarşınızda general poqonlu bir vətən övladı canlanır. O, hərdən velosipedə əyləşir, gücünü verir pedallara. Bayraq meydanından başladığı bir marşrutu Milli Təhlükəsizlik Xidməti binasının qalın palıd qapılarınadək davam etdirir.
Gözəl marşrutdu bu.
1445405748_04
Onu xalqımıza, dövlətimizə məhz bu idmançı, velosipedçi, musiqiçi, bir sadə portretdə gördüyünüz Mədət Quliyev hədiyyə edib.
Həmin marşruta hamımızın qoşulmağı vacibdi.
Bu marşruta çoxlarının, xüsusilə də yüksək rütbəli dövlət məmurlarının qoşulması xalqımızı qələbə adlı finişə gətirə bilər əlbəttə. Bu xoş arzu ilə də firçamın son cizgisini vururam.
Portret hazırdır.

medet
Həmid HERİSÇİ(musavat.com)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir