“Üz-gözündən “kamillik” fışqıran bu adam Milli Məclisin 44 yaşlı deputatı Cavid Osmanovdur. Müsahibələrində cərimələrin artırılmasını təklif edir, Avropa ölkələrində, İtaliyada, İspaniyada cərimələrin yüksək məbləğdə olduğunu deyir. Bildirir ki, Avropada cərimələr 2500 funt sterlinqdir. Qədim yunan heykəltaraşlarını xatırladan Cavid Osmanova xatırlatmaq lazımdır ki, 2500 funsterlinq 5 min manatdan çox puldur. Və həm də:
Birincisi, arada Avropanın deputatları ilə də özünü müqayisə elə! Sənin kimi adamlar Avropada ən yaxşı halda “moyşik” işləyərdi. İndi nə edək ki, Avropada ən yaxşı halda “moyşik” ola biləcək bir adam bizim ölkədə mandat qazanıb(?).
İkincisi, Avropanın cəriməsini yox, öncə maaşını bura gətir. Ondan sonra cəriməsini də tətbiq edərsən. Avropada zibildaşıyanların aldığı maaş bizim alimlərin, müəllimlərin, həkimlərin, jurnalistlərin maaşından qat-qat çoxdur.”
Bu sözləri şəxsi feysbuk səhifəsində jurnalist Samir Feyruzov yazıb:
“Azərbaycan vətəndaşı az qalıb ki, əlində olan bir tikə çörəyi “qril” şüşəsinə sürtüb yesin. Bu tərif, yarınmaq cəhdləri sənə başucalığı da gətirmir. Elə təmsil etdiyin partiyanı da, hökuməti də, parlamenti də, dövləti də gözdən salırsan. DURUN da! Bahalı kostyumların ortasından boylanan çəpəki baxışlar mandatı hörmətə mindirmir axı… Ortaya bir strategiya, problemdən xilas yolunu göstərən xəritə qoymaq lazımdır, Cavid Osmanov! Tərif düşmənçilikdir, dostluq yox! Sən indi əslində hökumətə də, dövlətə də, dövlətin başçısına da, xalqa da düşmənçilik edirsən bu qıcıq yaradan çıxışlarınla… Nəyə lazımdır bu ifrazat çıxışlar? Başınız yoxdur? Kömək edin də dövlətə. Tərif, tərif, tərif… Başqa? Dombalaq aşmaq qalıb bircə…
Deputatlardan biri deyir ki, kim koronavirusa inanmırsa, cərimə etmək lazımdır, o biri bildirir ki, cərimə yox, həbs etmək lazımdır, başqa bir deputat da balkonunda quş saxlayır. Bəlkə danışmayasınız!? Yox, siz elə etməyin, karantini pozanların bir qismini Bakının girişində dar ağacından asın, şəhərdən çıxanlar “Salam, dar ağacı” deyib edama məhkum olunsunlar. Bir hissəsini dənizdə batırın, qalanlarını da soyundurub şəhərdə lüt gəzdirin. Qoy biabır olsunlar, zalım uşaqları…”
Mövzu ilə bağlı millət vəkilinin də mövqeyinə yer verməyə hazırıq.