İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib: “Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Ermənilərin belə təxribatlara məhz indiki məqamda əl atmaları maraqlı görünür. Bu hiylələri ilə ermənilərin bir neçə istiqamət üzrə təxribat törətmək cəhdlərini təxmin etmək olar. Birincisi, Azərbaycanın təşəbbüsü ilə pandemiya ilə mübarizə məqsədilə BMT-nin xüsusi sessiyasının çağırılmasının qarşısını almaq məqsədi güdülə bilər. Qeyd edək ki, həmin təşəbbüsə yalnız Ermənistan razı olmadığı ilə bağlı səs verib. İkincisi isə bugünlərdə Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə Minsk Qrupunun fəaliyyətini sərt tənqid etməsi ilə əlaqəli olan versiyadır. Çox güman ki, belə təxribatları törətməklə ermənilər danışıqlar və sülh prosesini pozmaqla bağlı məsuliyyəti Azərbaycanın üstünə yükləmək istəyir. Ermənilərin məhz indiki məqamda atəşkəsi kobud şəkildə pozması ilə əlaqəli ekspertlər nə düşünür?
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyevin sözlərinə görə, bu gün günorta saatlarından başlayaraq dövlət sərhədlərimizin Tovuz rayonu istiqamətində Ermənistanın silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycanın mövqelərini atəşə tutub: “Əslində atəşkəsin Ermənistan tərəfindən hər gün pozulduğunu nəzərə alsaq, bugünkü hadisə çox da gözlənilməz hesab edilməməlidir.
Ancaq bugünkü atəşkəs pozuntusunun sual doğuran bəzi məqamları var.
Əvvəla, nadir hallarda rast gəlinən hadisədir ki, Ermənistan bu dəfə artilleriyadan geniş şəkildə istifadə edir. Demək, düşmənin hədəfi tək ordumuzun döyüş mövqeləri yox, həm də yaşayış məntəqələri və dinc sakinlərdir.
İkinci, atəşkəsin geosiyasi anlamda maraq çəkən bəzi hadisələrin fonunda məhz indi baş verməsi təsadüf kimi görünmür. Azərbaycan Prezidenti bu günlərdə Minsk Qrupunun fəaliyyətsizliyini konkret tənqid edib və Ermənistanın hər bir təxribatına konkret reaksiya verilməsinin vacibliyini tələb edib. Çox böyük ehtimalla Ermənistan bu dəfəki atəşkəsin məhz Azərbaycan tərəfindən törədildiyi kimi bir yalanı dövriyyəyə buraxaraq, Minsk Qrupunu və Azərbaycanı fakt qarşısında qoymağa çalışacaq.
Üçüncü, Ermənistanın atəşkəsi BMT-nin pandemiya ilə bağlı xüsusi sessiyasına ciddi hazırlıq günlərində pozması çox diqqətçəkicidir.
Məlumdur ki, bu sessiya Azərbaycanın təşəbbüsü ilə icraya qəbul edilib, sessiya barədə qərarın verilmə prosesində Ermənistan faktiki təklənib və pis vəziyyətdə qalıb. Ehtimal etmək olar ki, düşmən ölkə dünyanın diqqətini məhz Azərbaycanın təşəbbüsü ilə hazırlanmaqda olan qlobal tədbirdən müvəqqəti də olsa yayındırmaq istəyir. Nəhayət, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin bəzi məsələlər fonunda anlaşılmaz və gərgin olması ilə bağlı da bu təxribatın törədilməsinə xüsusi niyyətlərlə yanaşa bilər. Bütün hallarda Ermənistan regionda sülh və sabitlik istəmədiyini açıq göstərir”.
Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyətinin belə təxribata əl atmasının bir neçə səbəbi ola bilər: “Birincisi, Ermənistan hakimiyyəti bu cür təxribatçı addımları ilə daxili siyasi proseslərdən diqqəti yayındırmaq məqsədini güdür. Siyasi gərginliyin istiqamətini dəyişmək üçün Qarabağ kartından istifadə etməyə çalışırlar. Onlar qoşunların təmas xəttində bir neçə dəfə vəziyyəti gərginləşdirməyə cəhd ediblər. Hər zaman olduğu kimi, Azərbaycan səbrlə davranıb, yalnız düşməni cavab atəşi ilə geri oturdub. Bu gün baş verənlərdən görünür ki, Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməkdə xüsusi maraqlıdır. Təxribatın dövlət sərhədimizdə törədilməsi də diqqət çəkəndir. Bu həm də onu göstərir ki, müharibədə tərəf Ermənistandır. Onların illərdir dünyaya çatdırmaq istədiyi yalan bir daha ifşa olunur. Məndə olan məlumata görə, Tovuz istiqamətində Ermənistan ordusu ciddi təxribat addımları atmağa cəhd ediblər. Onların hərbi birləşmələri bizim mövqeləri atəşə tutub və canlı qüvvə ilə bir-iki istiqamətdən mövqelərimizə soxulmağa çalışıblar. Bunun qarşısı ordumuz tərəfindən alınıb. Hazırda Ermənistan ordusunun həmin təxribatının qarşısının alınması istiqamətində döyüş gedir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatlarına həmişəki kimi olduqca sakit mövqe nümayiş etdirir. Minsk Qrupu həmsədrləri bu istiqamətdə hər hansı açıqlama ilə çıxış etmirlər”.
Ekspertin sözlərinə görə, Azərbaycan buna baxmayıb, öz mövqelərini möhkəmlətməli və düşmənə layiqli cavabı verməlidir: “Ermənistana sarsıdıcı zərbələr vurulmasa, bir müddət sonra onlar yenə öz təxribatlarını davam etdirəcəklər. Təbiidir ki, Azərbaycanın beynəlxalq aləmdə nümayiş etdirdiyi liderlik siyasəti Ermənistanda ciddi qıcıq yaradır. Ermənistanın BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsünə mənfi səs verməsi bunun sübutu sayıla bilər. Fikir versəniz görərsiniz ki, Ermənistan hər zaman ölkəmizdə keçirilən mühüm, dünya əhəmiyyətli tədbirlər zamanı cəbhədə vəziyyəti gərginləşdirir. İndiki anda vəziyyəti gərginləşdirməklə Ermənistan həm də Azərbaycanın beynəlxalq təşəbbüslərinin qarşısını almağa cəhd edir. Eyni zamanda, belə təxribatları ilə Ermənistan beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki, güya Azərbaycan sülh danışıqlarına təhdid yaradır. Bütün hallarda düşmənin cavabı layiqincə verilməlidir”.
Təbiidir ki, Ermənistan həmişə olduğu kimi, bu təxribatının da acısını dadacaq. Azərbaycan beynəlxalq təşkilatların nəzərinə bir daha Ermənistanın hansı səviyyədə təxribatlara əl atdığını çatdırmalıdır. Allahdan ordumuza qüvvət diləyirik!
Məhəmmədəli QƏRİBLİ