Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan xalqı dünyaya mesaj verdi ki…

Sabir Rüstəmxanlı: “Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənləri bunu gələcək üçün nəzərə almalıdır”.

“Erməni xalqı bunun hesabını Paşinyandan soracaq”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı ölkə gündəminin mövzuları iıə bağlı cumhuriyyet.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

– Sabir bəy, şair dili ilə desək dünyamız uzun bir müddətdir ki, xəstəhaldır. Məlum virus epidemiyası sonu görünmədən davam edir. Necə görürsüz bu gedişatın axırını?
– Əvvəla deməzdim ki, dünyamız xəstə durumdadır. Dünya yenə öz əvvəlki məhvərində, ayı, günəşi yerində, təbiət öz işində… Dərd, ələm içində olan insanlardır. Həm də bu virus, epidemiya, xəstəlik dərdi deyil sadəcə, insanlıq üçün bir sınaq dönəmidir. Epidemiya nə dövlətlərə, nə də insanlara gücünə, mövqeyinə görə fərq qoymamaqla bir dərs keçdi və keçməkdədir. Dövlətlərin imperalist maraqları, insanların dünya malı hərisliyi mənasızlığı və gərəksizliyi ilə ortada. Yerə göyə hakimlik iddiasında olan, müharibələrlə fırtına qoparan, sayagəlməz sərvət toplayan insan övladı kiçik bir virusun qarşısında aciz durumdadır. Əlbəttə, bir gün bu epidemiya bitəcək, virus problemi ortadan qalxacaq, amma ən önəmlisi insanın indiki durumun nəticələrindən dərs çıxarıb gələcək dünyanı yeni və barış düşüncəli əsaslar üzərində qurmasıdır. Mən gedişatı belə görmək istərdim. Özünü yer üzünün əşrəfi adlandıran insana yaraşan budur.
– Etiraf edək ki, nə böyük dövlətlərin, nə də beynəlxalq təşkilatların bu yöndə açıq və qətiyyətli niyyətinin və əməlinin şahidi olmadıq. Əksinə yenə də böyük dövlətlər fürsətdən istifadə edib iqtisadi siyasi maraqlarını təmin etmək üçün çalışdılar.
– Təəssüf ki bu bir gerçəklikdir. Yaxın Şərqdə və ya dünyanın digər bir nöqtəsində hansısa supergücün geopolitik marağına toxunulan kimi beynəlxalq təşkilatlar bir araya gəlir, bəyanatların ardı arası kəsilmir, böyük bir hərəkətlənmə yaşanır. Amma baxın 21-ci əsrin 20-ci ilinin yarısını dünya epidemiya şəraitində başa vurur, yarım milyon insan dünyasını dəyişib və bunun nə qədər davam edəcəyi bəlli deyil və dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT hələ də bununla bağlı toplanmayıb. Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır. Bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzüzədir və BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Bu qədər zaman keçəndən sonra BMT Baş Assambleyasının Xüsusi Sessiyası Azərbaycanın təşəbbüsü ilə işə başlayır. Bu təklif birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və BMT-yə üzv olan 130 dövlət tərəfindən dəstəklənib. Bu Azərbaycan tərəfindən pandemiya ilə mübarizədə bütün səylərin birləşdirilməsi baxımdan mühüm təşəbbüs olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzu baxımdan da mühüm bir hadisədir. Azərbaycanın bu təşəbbüsü bütün dünyaya bizim barış niyyətimizi bir daha göstərmiş oldu.
– Yeri gəlmişkən, Azərbaycanın təklifinə qarşı çıxan yeganə dövlət Ermənistan olmuşdu…
– Daha doğrusu, Ermənistan növbəti dəfə özünü beynəlxalq ictimaiyyət qarşısında rüsvayçı vəziyyətə saldı. Bu dövlətin xarici siyasəti məntiq üzərində deyil, Azərbaycanı inkar üzərində qurulub. Biz dünyanın fırlandığını desək onlar bunun əksini iddia edəcəklər. İndi də Paşinyan hökuməti və erməni diplomatiyası eyni prinsiplə hərəkət etdi və iç üzünü göstərdi…Hazırki Ermənistan hakimiyyəti ciddi problemlər yaşayır, ölkədə siyası və iqtisadi böhran mövcuddur. Paşinyan və onun komandası ümidləri doğrultmadı. Korrupsiya və diktaturaya qarşı xalq etirazları üzərində hakimiyyətə gələn komanda özü hazırda bu yaramazlıqlara qurşanıb. Erməni cəmiyyəti bunu görür və açıq etirazını bildirir. Bacarıqsızlıqdan irəli gələn siyasi problemləri Ermənistanın iqtisadi durumunu bir qədər də ağırlaşdırıb. Yaranmış problemdən çıxış yolu kimi isə Paşinyan hökuməti erməni ictimaiyyətinin diqqətini başqa istiqamətə yönəltməkdə görür. Şuşada andiçmə mərasimi, Qarabağa intensiv səfərlər, Azərbaycan əleyhinə pafoslu bəyanatlar da bu məqsədə xıdmət edir.
– Elə isə dünəndən başlayaraq cəbhə xəttində yaşanan gərginlik də eyni ssenarinin tərkib hissəsidir?
– Bəli və təəssüf ki, bir qrupun siyasi ambisiyaları insan həyatı hesabına başa gəlir. Şəhidlərimiz var. Allah rəhmət eləsin. Ancaq növbəti dəfə düşmənə layiqli cavab verilib. Qarşı tərəf daha böyük itkilərə məruz qalıb və yəqin ki, erməni xalqı bunun hesabını Paşinyandan soracaq. Pandemiyanın ağır şərtləri altında, sosial-iqtisadi böhran içində ölan bir ölkənin belə bir hərbi təxribatını özünə hörmət edən xalq hakimiyyətinə bağışlamaz. Dünən cəbhədə baş verənlər bir neçə həqiqəti ortaya qoydu. Əvvəla dünya pandemiya ilə birgə mübarizə üçün çağırış edən Azərbaycanla cılız işğalçılıq hisslərinə qapılan Ermənistan arasında fərqi gördü. İkincisi Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənlərinə bu, bir dərs olmalıdır… Nəhayət, ən ən vacib və qürurverici məqam Azərbaycan xalqının cəbhədən ilk xəbər gələn andan səfərbər olmasıdır. Həm cəbhə bölgələrimizdə, həm də paytaxtda insanlar heç bir təşkilatlanma, əvvəlcədən razılaşdırma olmadan “Qarabağ” deyə ayağa qalxdılar və ordumuza dəstək göstərdilər. Bu çox mühüm bir məsələ idi. Azərbaycan xalqı dünyaya “Qarabağ bizimdir, bizim olacaq!” mesajı verdi. Azərbaycan torpaqları üzərində manipulyasiya edən diplomatlar da bir daha gördülər ki, bu xalq torpaq məsələsində güzəşt tanımır.

Söhbətləşdi: Nəsimi

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …