Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistan tərəfinin bütün təxribat cəhdləri iflasa məhkumdur

Bildiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ordumuzun əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulub, Ermənistanın təxribatına əməli cavab verilib. Erməni tərəfi itkilərini etiraf etməsə də, Azərbaycan qüvvələri düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsini məhv etmişdir.
Ermənistanın bu cür təxribatlara əl atmasının əsas səbəbi son dövrlər Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, Cənab Prezidentin irəi sürdüyü qlobal təşəbbüslərin – Qoşulmama Hərakatının Zirvə toplantısı, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi kimi məsələlərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi ilə bağlıdır. Sözsüz ki, Azərbaycanın diplomatik cəbhədə bu uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymuşdur.
Bu cür uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Tovuz istiqamətində gedən döyüşlərdə Erməni tərəfinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurmuş, əhali və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları ironiya ilə qarşılayaraq etiraz aksiyalarına başlamışlar.
Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yaratmaqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxartmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hesab edirəm ki, bu cür təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.
Onların bu təxribatları xalqımız tərəfindən hər zaman hiddətlə qarşılanmışdır. Son vaxtlar sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhəyə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsi bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğuna dəlalət edir.
Bu səbəbdən Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanımızın əmri ilə sərhədlərimizin keşiyində cəsarətlə dayanacaq. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb, qalmayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …