Cümə , 22 Noyabr 2024
Drone Cameras

Moskva arzulamadığı dilemma qarşısında: Azərbaycan, yoxsa Ermənistan

Sabiq nazir: “Paşinyan öz siyasəti ilə Rusiya üçün ayrı seçim saxlamayıb”

İyunun 12-si günorta saatlarında Ermənistan hərbi bölmələri Azərbaycanla sərhəddə, Tovuz istiqamətində növbəti dəfə təxribata cəhd edib. Belə ki, düşmən Tovuzun Ağdam kəndi istiqamətindəki mövqelərimizə hücum edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi bölmələri tərəfindən düşmənin hücumunun qarşısı qətiyyətlə alınıb, erməni hərbçiləri itki verərək geri oturdulub. Təxribatın qarşısını alarkən Azərbaycan hərbçilərindən 4-ü qəhrəmancasına şəhid olub.

Ötən gecə də sərhəddə erməni təxribatı davam edib. Cavab atəşi ilə susdurulan düşmən postunun dayaq məntəqəsi məhv edilib. Ermənistan rəsmən açıqlamasa da, çoxlu itki verib. Hazırda sərhəddə ermənilərin təxribatının davam etdiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyi döyüş şəraitinin Azərbaycan Ordusunun nəzarətində olduğunu açıqlayıb.

Sərhəddəki təxribatını davam etdirən rəsmi Yerevan digər yandan da havadarlarına müraciətlər edir, vəziyyətlə bağlı dezinformasiyalar yayır. Belə ki, dünən səhər düşmən ölkənin Baş Naziri hökumətin fövqəladə iclasını çağırıb, orada beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Guya ki, Azərbaycan sərhəddə gərginlik törədir. Digər yandan Paşinyan Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) səslənib. O, təşkilata “sərhədlərinə təcavüz edildiyini” iddia edib.

KTMT-nin Baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində gərginləşmə ilə bağlı qurumun Daimi Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sonradan toplantı təxirə salınıb.

Gərginliklə bağlı rəsmi Moskvadan hansısa münasibət bildirilməməsi müəyyən suallar yaradır. “Rusiya niyə susqundur?” sualına cavablar müxtəlifdir.

“Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar”

Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov AYNA-ya deyib ki, hazırda Paşinyan hökuməti ilə Kreml arasında münasibətlər böhran istiqamətində inkişaf edir: “Artıq Paşinyan başa düşüb ki, o, Moskva üçün heç də tərəfdaş ola bilməz. Onu Rusiya siyasi fiqur kimi qəbul etmir. Əksinə, Kreml Ermənistan Baş Nazirinin siyasi rəqiblərinə dəstək verir. Demək olar ki, Rusiya zaman gözləyir ki, Paşinyanı hakimiyyətdən devirsin. O da Rusiyadan üz döndərib Qərbə üz tutmaq istəyir. Amma məsələ burasındadır ki, Qərb də Paşinyanı qəbul etmir. Ermənistan Baş Naziri üçün faktiki olaraq bir yol qalır, bu da hərbi əməliyyatları bərpa etməkdir”.

“Hərbi əməliyyatların nəticəsinə baxmayaraq Paşinyan istəyir ki, Rusiyanı ittiham etsin. O mənada ki, Rusiya kömək etmir, KTMT funksiyasını yerinə yetirmir və s. Paşinyanın digər məqsədi daxili müxalifətə yönəlik addımlardır. Ona görə ki, Ermənistan müxalifətinin böyük bir hissəsi Rusiyaya meyilli siyasətçilərdir. Paşinyan bu ssenarini həyata keçirməklə öz hakimiyyətini gücləndirmək, Qərbdə yeni “patron” tapmaq niyyətindədir. Proseslər təxminən bu şəkildə gedir. Belə ssenarilər çoxdan bəllidir ki, bunu da Paşinyan ardıcıllıqla həyata keçirir”, – Zülfüqarov bildirib.

Keçmiş nazirin qənaətincə, indiki mərhələdə Rusiya hər imkandan istifadə etməyə can atır: “Rəsmi Moskva “Azərbaycanı seçim, yoxsa Ermənistanı” dilemması qarşısında qalmağı arzulamır. Amma görünən odur ki, Paşinyan öz siyasəti ilə Rusiya üçün ayrı seçim saxlamayıb. Mənə elə gəlir ki, indiki mərhələdə hərbi əməliyyatların bərpası  qaçılmazdır. Bəlkə də, hansısa səbəblərdən hərbi əməliyyatlar səngiyəcək, atəşkəs bərpa olunacaq. Amma bir müddətdən sonra bu təxribatlar yenidən vüsət alacaq. İstisna etmirəm ki, Ermənistan dinc əhaliyə qarşı atəş açacaq. Düşmən artilleriya zərbələri endirə bilər ki, bu da hərbi əməliyyatları qaçılmaz edəcək”.

Suriyanın Krımla bağlı addımı beynəlxalq aləmdə əhəmiyyət daşımır ...

Diplomatın sözlərinə görə, Ermənistanla bağlı Rusiyada əsas iki mövqe var: “Birinci mövqe odur ki, hərbi əməliyyatlara imkan verməyərək, uzun müddət sülh danışıqları imitasiyası yaradırlar. Məsələni uzadırlar ki, Paşinyan hökuməti Ermənistan cəmiyyətində reytinqini itirsin və onun istefası ictimaiyyət tərəfindən dəstək qazansın. Digər bir mövqe ondan ibarətdir ki, Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Mən deyim ki, bu fikirlər artıq açıq səslənməyə başlayıb. İndi Kremlin seçim etmək vaxtı gəlib çatıb. Rusiya regionda əsas real tərəfdaş olaraq Azərbaycanı və Türkiyəni görür. Təbii ki, Türkiyə və Azərbaycan Ermənistanla müqayisə oluna bilməz. Həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan aradakı fərq çox böyükdür”.

“Bu gün Moskva üçün Ermənistan kimi tərəfdaş heç bir xeyir verməyən yükdür. Rusiyanın bəzi dairələri bu yükdən azad olmaq istəyirlər. Hesab edirəm ki, hərbi əməliyyatların bərpası Rusiyadakı həmin dairələrin də lehinə ola bilər. Çünki, hərbi əməliyyatlardan sonra Paşinyan Rusiyaya qarşı kampaniyaya başlayacaq. Bu da, əsrlər boyu ermənilərin təbliğ etdiyi dostluğu pozacaq. Təxminən hadisələrin gedişi yaxın müddətdə bu cür inkişaf edəcək”, – deyə keçmiş nazir fikrini tamamlayıb.

Politoloq İlqar Vəlizadə isə AYNA-ya açıqlamasında məsələnin kökünə diqqət çəkib: “Sərhəddə hərbi gərginlik müxtəlif vaxtlarda baş verir. Bu günlərdə yaşanan gərkinlik daha ağrılıdır. Hazırda sərhədlərin konfiqurasiyası dəyişməyib, yəni hansısa tərəf digər tərəfin sərhədlərini zəbt etməyib. Azərbaycan öz suveren əraziləri çərçivəsində addımlar atıb, Ermənistanın təxribatının qarşısını alıb. Yəni ki, Ermənistanın növbəti işğal cəhdinin qarşısı Azərbaycan Ordusu tərəfindən sərt formada alınıb. Yəqin, digər ölkələrin, məsələn, Rusiyanın, Qazaxıstanın və yaxud da KTMT-dəki digər ölkələrin sərhədlərinə hansısa ölkə təcavüz cəhdi eləsə, o zaman həmin dövlətlər də adekvat addımlar atacaq. Ona görə də, Rusiya nə reaksiya verə bilər ki?!”.

“Ermənistanın KTMT-yə həyasızcasına müraciətinə söz tapmaq çətindir. Hazırda bütün ölkələr öz problemləri ilə məşğuldur. Heç kəsə Ermənistanın şıltaqlığı maraqlı deyil. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin gərginliyinin mahiyyətini KTMT-dəki ölkələrin hamısı yaxşı bilir. Paşinyanın və Ermənistanın hərəkətləri hamını bezdirib. Rəsmi Yerevan yersiz gərginlik yaratmaqla başqa dövlətlərə də problem yaşadır. Hesab edirəm ki, bu gün heç kəs Ermənistanın oyunlarında iştirak etmək marağında deyil. KTMT ölkələrinin sakitliyi onu göstərir ki, hər kəsin başı öz probleminə qarışıb, ortada kimsənin prosesə müdaxilə etmək niyyəti yoxdur”, – Vəlizadə bildirib.

Hazırkı məqamda Azərbaycanın Rusiya ilə münasibətlərə yenidən baxa bilməsi məsələsinə gəldikdə, politoloq deyib ki, Azərbaycan rəsmiləri tərəfindən verilən açıqlamalara, rəsmi qurumların bəyanatlarına ciddi şəkildə fikir versək, görərik ki, Rusiya ilə münasibətlərimiz normal şəkildə davam edir: “Hazırda Moskva-Bakı münasibətlərində heç bir problem yoxdur. Problemin olmasını nə Rusiya, nə də Azərbaycan istəyir. Rusiya başa düşür ki, problemlər yaransa, o zaman üçüncü qüvvələr bundan yararlanmaq istəyəcək. Bu da Rusiyanın marağında deyil. Bu gün Rusiya üçün Azərbaycan İrana ən qısa yoldur, Şimal-Cənub Dəhlizi layihələri həyata keçirilir. Kreml çalışır ki, Azərbaycanla münasibətlər daha da möhkəmlənsin. Aydındır ki, Rusiyanın Ermənistanla bağlı maraqları var. Amma rəsmi Yerevan o maraqları son vaxtlar təmin etmir. Ona görə, hesab edirəm ki, Rusiya ilə münasibətləri inkişaf mərhələsində saxlayaraq, öz addımlarımızı atmalıyıq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …