Həsənli: “Belə bir mövqe sərgiləyən ermənidirmi?”
Sabiq Müdafiə naziri Rəhim Qazıyevin sosial şəbəkələr üzərindən etdiyi son, səsli müraciət cəmiyyət tərəfindən ciddi etirazla qarşılanıb. İyulun 12-dən etibarən ermənilərin təxribatları nəticəsində Tovuz rayonu istiqamətində yaranan gərginlikdən danışan sabiq nazir dezo informasiya xarakterli fikirlər səsləndirib. O, açıq şəkildə ictimaiyyəti provokasiyaya çəkməyə çalışıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a danışaraq keçmiş nazirə sərt cavab verib:
“Təəssüflər olsun ki, bu vəziyyətlə bağlı bəzi insanlar hələ də şəxsi və qrup mənafelərini güdürlər. Bu insanların başında Rəhim Qazıyev kimi şəxslər gəlir. Onun səhvi, xəyanəti nəticəsində bizim torpaqlarımız işğal olunub. Şuşa, Laçını itirmişik. Ümumiyyətlə, Azərbaycanda Rəhim Qazıyev, Əlikram Hümbətov, Surət Hüseynov kimi adamlara yer yoxdur. Rəhim Qazıyev o vaxtkı xəyanətlərin başında duran adamdır. Ona sual ünvanlayıram: əgər sənin canın bu ölkəyə yanırdısa, Təhsil naziri olardın, niyə Müdafiə naziri oldun?”
Hərbi ekspert ordumuzun gücündən də söz açıb: “Azərbaycanın güclü ordusu var. Döyüşən ordumuza hər zaman inanırıq. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəkləyir. Təəssüflər olsun ki, Rəhim Qazıyev bu vəziyyətdən istifadə edərək Azərbaycan dövləti və ordusu əleyhinə müxtəlif çıxışlar edir. Onun bu hərəkətləri bağışlanmazdı. Rəhim Qazıyev kimi adamlar ömrünü həbsxanada keçirməlidir, onun azadlıqda yaşamağa haqqı yoxdur. O, Vətən xainidir. Şəhid verdiyimiz, bütün xalqımızın həmrəy mövqedən çıxış etdiyi bir vaxtda onun belə addımlar atması bağışlanmazdır. Bu məsələdə şəxsi və qrup mənafeyindən istifadə edən şəxsləri qınayırıq. Bütün bunlar ehtiyatda olan zabitlərdə, şəhid ailələrində, müharibə veteranlarında, təxris olunmuş şəxslərdə, məcburi köçkünlərdə ikrah hissi yaradır. Azərbaycan gəncləri buna etiraz edirlər. Rəhim Qazıyev kimilər xain əməllərindən əl çəkməlidirlər. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirik. Müharibə vəziyyətində ölkənin maraqlarına zidd çıxış edən adamlar müharibə qanunlarına uyğun cəzalandırılmalı və həmin adamlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər”.
E. Həsənli sonda Xədicə İsmayılın hərbçilərimiz Tovuzda düşmənlə savaşarkən yazdığı statusa münasibət bildirib:
“Bu status birbaşa ermənilərin mənafeyinə xidmət edir. Həmin statusu oxuyan hər kəsdə öncəliklə bu sual yaranar ki, belə mövqe sərgiləyən ermənidirmi? Belə şəxslər cəzasız qalmamalıdır”.
Cavanşir ABBASLI