Samir Adıgözəlli: “Komitə Xarici İşlər Nazirliyinin xəttilə xaricdəki Azərbaycan diaspor təşkilatlarını ilə xarici ölkərdəki səfirliklərimizi, diplomatik korpuslarımızı əlaqələndirməlidir”
“…Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar…” Bu fikirləri Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Prezidentin fikirlərinə şərh verən ekspertlər qeyd edir ki, ölkə başçısı illərlə mövcud olan bir problemin birdəfəlik həllini gündəmə gətirib. Ekpertlər hesab edirlər ki, doğurudan da, bu gün səfirliklərimizlə diaspor təşkilatları arasında sıx və səmərəli əlaqələr qurulmalı, bu istiqamətdə Disapor Komitəsi ilə Xarici İşlər Nazirliyinin işbirliyində dönüş olmalıdır.
- “Diaspor Komitəsi də xaricdə yaşayan azərbaycanılarla iş üzrə bir dövlət qurumu olduğu üçün mütləq şəkildə fəaliyyətini Xarici İşlər Nazirliyi ilə əlaqədar, birgə həyata keçirməlidir”
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının yeni təyin etdiyi xarici işlər nazirini videoformatda qəbul edərkən bu məsələni yenidən vurğulaması bu sahədə yeni istiqamətlərin açılmasına şərait yaradır. “Prezident Azərbaycan diasporu ilə səfirliklərimizin hansı formalarda əlaqədə olmalı olduqlarını, Azərbaycan dövlətinin maraqlarının müdafiəsi istiqamətində birgə hansı tədbirlər görməli olduqlarını aydın şəkildə izah etdi.
Əlbəttə ki, burada Dövlət Diaspor Komitəsinin bir fəaliyyət planı olmalıdır. Yəni Komitə Xarici İşlər Nazirliyinin xəttilə xaricdəki Azərbaycan diaspor təşkilatlarını ilə xarici ölkərdəki səfirliklərimizi, diplomatik korpuslarımızı əlaqələndirməlidir. Hər bir ölkənin Xarici İşlər Nazirliyi xarici əlaqələrdə əsas funksiyanı daşıyır. Diaspor Komitəsi də xaricdə yaşayan azərbaycanılarla iş üzrə bir dövlət qurumu olduğu üçün mütləq şəkildə fəaliyyətini Xarici İşlər Nazirliyi ilə əlaqədar, birgə həyata keçirməlidir. Yəni bütün xarici ölkələrdə mövcud olan Azərbaycan diaspor təşkilatları ilə səfirliklərimizin əlaqələndirilməsində bu qurumlar xüsusi rol oynamalıdırlar. Dünya təcrübəsində də var ki, ölkələrin tanıdılması, xarici siyasətinin təbliğ edilməsində, dövlətlər arasında mədəni-siyasi, iqtisadi və sair əlaqələrin qurulmasında icmalarla səfirliklər birgə işləyirlər. Digər ölkələrdə də səfirliklərlə icmalar arasında əlaqələrin qurulması Xarici İşlər Nazirliyi ilə diaspor qurumu vasitəsilə həyata keçirilir”-deyə bildirən S.Adıgözəlli qeyd etdi ki, ölkə başçısı yeni təyin etdiyi xarici işlər nazirinin qarşısına çox mühüm hədəflər qoyub:” Azərbaycan müharibə şəraitində olan, işğalçı ilə qarşı-qarşıya olan bir ölkədir. Burada həm də böyük informasiya müharibəsi gedir və ermənilər dünya ictimaiyyətini çaşdırmaq məqsədilə bizə qarşı əsassız böhtan-şər kampaniyası aparırlar. Bütün bu kimi neqativ halların aradan qaldırılması, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün diaspor təşkilatları ilə xarici ölkələrdəki səfirliklərimiz arasındakı soyuq münasibətlərə son qoyulmalı və onların əməkdaşlığı, birgə iş birliyi təmin edilməlidir. Bu da qeyd etdiyim kimi Xarici İşlər Nazirliyi və Diaspor Komitəsi arasında iş birliyinin daha da genişləndirilməsindən keçir”.
İradə SARIYEVA