Samir Adıgözəlli: “Hesab edirəm ki, bu məsələdə inzibati amillərlə yanaşı, ictimai qınağın da rolu güclü olmalıdır”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib. Çox geniş məzmunlu müraciətdə Mehriban xanım, demək olar ki, bütün lazımi aspektlərə toxunub.
Müraciətdə diqqət çəkən məqamlardan biri də Birinci vitse-prezidentin vətəndaşlarımızın və xaricdə yaşayan soydaşlarımızın sosial şəbəkələrdəki davranışlarına qiymət verməsidir. Mehriban Əliyeva bu xüsusda bildirir ki, sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilir: “Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır”.
Mehriban Əliyeva təəssüflə qeyd edir ki, başqa misallar da var:“Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlbinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan?”
Göründüyü kimi, Birinci vitse-prezident ölkəmizə qarşı aparılan sistemli informasiya təxribatı ilə bağlı müəyyən boşluqların olduğunu qeyd edib. Ölkə rəhbərliyini narahat edən bu amilləri necə aradan qaldırmaq mümkündür?
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkənin vəzifə ierarxiyasında ikinci sayılan şəxsin belə bir məsələdən keçirdiyi narahatlıq olduqca qürurvericidir:“Mehriban xanımın bu müraciətindəki səmimiyyəti hamı hiss edir. Görünür ki, o, ölkənin probleminə, müharibə mövzusuna yalnız vəzifə sahibi kimi deyil, eyni zamanda bir ana kimi necə ürək ağrısı ilə yanaşır. Bəli, razıyam ki, sosial şəbəkələrdə sapı özümüzdən olan baltalardan çox ciddi zərbələr alırıq. Ancaq mən müharibə və informasiya mövzusunda bir irəliləyiş də hiss edirəm. Məsələn, 4 il bundən əvvəlki Aprel döyüşləri zamanı biz bir çox elektron media nümunələrinin qeyri-peşəkar davranışını müşahidə etdik. Yadımdadır ki, hətta Baş prokurorluq bununla bağlı bir neçə sayta xəbərdarlıq da etdi. Budəfəki Tovuz hadisələrində biz mediadan əsasən peşəkar yanaşma gördük. Eyni zamanda, Müdafiə Nazirliyinin informasiya siyasətini çox lazımi şəkildə operativ apardığının şahidi olduq. Bizim əsas problemlərimiz sosial şəbəkələrdə yaşandı. Təəssüflə qeyd etməliyəm ki, bu məsələdə bəzi vətəndaşlarımız və xaricdə yaşayan soydaşlarımız birbaşa erməni təbliğatının əsirinə çevrildilər. Bu azmış kimi, hətta həmin məlumatların tirajlanması ilə məşğul oldular. Ən pisi budur ki, bunu bilməyib edənlərlə yanaşı, məqsədli edənlər də az deyildi. Məsələn, bugünlərdə ixtisasca jurnalist olan bir xanım rus jurnalistlərinin “məhsulu” adı ilə ortaya qoyulan, əslində isə sırf erməni təxribatına xidmət edən məlumatı səhifəsində paylaşmışdı. Az qala Azərbaycanın yarısı ona irad bildirdi, yenə inadından dönmürdü. Sonda videonu silməli oldu. Bax, bu kateqoriya adamlarla bağlı xüsusi araşdırma aparılmalıdır. Belə düşmən dəyirmanına su tökməkdə məqsədləri nə ola bilər? Mən hesab edirəm ki, bu məsələdə inzibati amillərlə yanaşı, ictimai qınağın da rolu güclü olmalıdır. Bəzi hallarda biz görürük ki, ictimai qınaq qarşısında müəyyən təxribata meylli insanlar da geri çəkilir. Xüsusilə də maarifləndirmə tədbirlərini gücləndirmliyik. QHT-lərin , KİV-in üzərinə bu məsələdə ciddi məsuliyyət yükü düşür. İnanıram ki, sistemli təbliğatla sosial şəbəkədəki bəzi azğınların da öhdəsindən gələ biləcəyik. Mehriban xanım doğru qeyd edir ki, bu məsələdə yaxşı amillər də müşahidə edildi. Hətta vətəndaşlarımızın sosial şəbəkələrin erməni seqmentində düşmən yalanlarına necə aktiv cavab verdiklərinin şahidi olduq”.
Bu istiqamətdə hər bir vətəndaşın fərd olaraq məsuliyyət hiss etməsi vacibdir. Çünki bilməliyik ki, müharibə şəraitində informasiya həm də bir silah sayılır. Onunla yanlış davranış özümüzə xətər yetirə bilər.
Məhəmmədəli QƏRİBLİ