Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Belarusda seçki baş tutmuş elan olundu: Lukaşenko iğtişaşlardan danışdı, medianı hədələdi

Bu gün 10 milyona yaxın əhalisi olan Belarusda kritik prezident seçkisidir. Pandemiya səbəbindən avqustun 4-dən etibarən səsvermə başlayıb. Seçicilərin a22 faizdən çoxunun səs verdiyi deyilir.

Seçkidə hazırkı prezident Aleksandr Lukaşenko ilə yanaşı, Svetlana Tixanovskaya, parlamentin keçmiş deputatı Anna Kanopatskaya, Belarus Sosial-Demokrat “Qramadı”nın sədri Sergey Çereçeni və “Həqiqəti danış” İctimai Birliyinin həmsədri Andrey Dmitriyev mübarizə aparır.

Lukaşenkonun əsas rəqibi həbs edilən bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır. Sual oluna bilər ki, əri həbs edildiyi halda, niyə onun soyadını daşıyan xanımın namizədliyi qeydə alınıb. Səbəb sadədir: Lukaşenko əvvəldən bəyan edib ki, xanım namizədləri özünə rəqib hesab etmir…  

Qeyd edək ki, Sergey Tixanovskidən başqa Vladimir Nepomnyaşi və Viktor Babariko da seçki yarışından uzaqlaşdırılıblar və həbsdədirlər.

Seçki qərərgahının rəhbəri saxlanıldı, Tixanovskaya gizlənməyə məcbur oldu 

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri Mariya Moroz avqustun 8-də axşam saxlanılıb. Ancaq onun niyə saxlanması barədə hər hansı rəsmi məlumat verilməyib. Avqustun 8-də axşam Svetlana Tixanovskaya da həbs olunma və ya hansısa təxribat səbəbindən Minskdəki evini tərk edib, qeyri-leqal şəraitdə işləməyə məcbur olub. Onun mətbuat katibi Anna Krasulinanın sözlərinə görə, Tixanovskaya gecəni tərəfdarları və jurnalistlərin əhatəsində keçirib. Krasulina Tixanovskayanın evinin yaxınlığında mülki geyimli asayiş keşikçilərinin toplandığını da qeyd edib.

Sükut günü, amma ölkə “tikan üstə”…

Avqustun 8-də ölkədə sükut günü elan edilsə də, seçkiqabağı gərginlik səngiməyib. Minskin bütün meydanlarında, küçələrində divarlar “Saşa 3 faiz” yazıları ilə “bəzənib”. Belarus hüquq-mühafizə orqanlarının təqiblərindən velosipedlərlə qaçan gənclər mümkün olan divar, hasar və səkilərə bu şüarı yazıblar. Minskin mərkəzində bir neçə müxalifət tərəfdarının aksiya keçirmək cəhdi isə baş tutmayıb. OMON mitinqin iştirakçılarını saxlayaraq naməlum istiqamətə aparıb.

Bildirilir ki, indi hər yerdə-avtomobillərdə, motosikiletlərdə Viktor Tsoyun Belarus müqavimətinin simvoluna çevrilmiş “Qəlblərimiz dəyişiklik tələb edir” mahnısını eşitmək olar.

Belarus hakimiyyəti həbsləri davam etdirdiyindən avqustun 8-də xüsusilə böyük şəhərlərdə-Minsk və Qrodnıda əhali çölə çıxmağa risk etməyib, küşə və meydanlarda tək-tək adamlar gözə dəyib. Bir çoxları şəhərətrafı bağlara gediblər, lakin Svetlana Tixanovskayanın çağırışına dəstək olaraq bu gün seçki məntəqələrinə gələcəklərinə söz veriblər. Amma “Lukaşenko özünə istədiyi nəticəni yazdıracaq” deyib, seçki məntəqəsini getməyin əbəs iş olduğunu düşünənlər də var. Bununla bərabər bəziləri ilk dəfə seçki məntəqəsinə gedəcəklərini və vətəndaş mövqelərini bildirəcəklərini deyib, ölkədə dəyişikliklər olacağına ümidlərini itirməyiblər. “Vesna” hüquq müdafiə təşkilatının rəhbəri  Valentin Stefanoviç deyib ki, əgər əvvəllər yalnız Minsk və Qrodnı Lukaşenkoya əsasən müxalif şəhərlər hesab olunurdusa,  indi əksər bölgələr dəyişiklik əhval-ruhiyyəsinə kökləniblər.

“İnternet və mobil telefonlar işləməyəcək” xəbərdarlığı

Minskdə hotellərin, müəssisələrin, ticarət obyektlərinin işçilərinə qeyri-rəsmi xəbərdarlıq edilib ki, bu gün ölkəboyu internet, mobil rabitə və hətta şəhər telefonları işləməyəcək. Seçkini işıqlandlırmaq üçün Belarus paytaxtında olan rusiyalı müxbirlər yerli mobil rabitə xidmətinin sim-kartını alıblar. Amma satıcılar onlara xəbərdarlıq edib ki, avqustun 9-da bu sim-kartlardan istifadə edə bilməyəcəklər, ən azı bu, paytaxt Minskdə mümkün olmayacaq. Xarici qonaqların qaldığı Minskin mərkəzindəki hotellərin birində də avqustun 9-da mobil rabitənin və internetin işləməyəcəyinin deyiblər. Bildirilir ki, iyulun 19-da Svetlana Tixanovskaya “Xalqlar Dostluğu” parkında təşviqat mitinqi keçirərkən də Minskdə rabitə ilə əlaqələrdə fasilələr yaranıb.  

Belarus xalqı nə qərar verəcək?

Rusiyanın müstəqil mediası Belarus seçkisindən yazarkən, postsovet avtoritarizminin son illərdə ən böyük problemlə üzləşdiyini iddia edirlər. Qeyd olunur ki, 1994-cü ildən hakimiyyətdə olan Lukaşenko “xalq sevgisini itirib”, amma hakimiyyətdən əl çəkmək fikrində deyil. Proqnozlar isə bir-birindən yalnız Lukaşenkoya yazılacaq səs faizi ilə fərqlənir. Məsələn, “Novaya gazeta” yazır ki,  prezidentə sadiq olan seçki komissiyaları Lukaşenkonun 75%  civarında qələbə qazandığını elan edəcəklər, amma belaruslar bu qələbəni qəbul etməyəcəklər. İddia olunur ki, avqustun 10-u Belarus üçün həlləedici olacaq.

Açıq yazılmasa da, belə ehtimal olunur ki, seçkinin nəticələri Lukaşenkonun xeyrinə saxtalaşdırılacaq, bundan sonrasını isə belarus xalqı həll edəcək. Bəs, ilkin nəticələr elan olunanda nə baş verə bilər? Müşahidələr göstərir ki, Belarusun hakim elitasında, ilk növbədə, güc bloku Lukaşenkoya sadiqdir və hakimiyyəti əldən saxlamaq üçün çalışacaqlar.

Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusuna görə, Tixanovskaya Lukaşenkonu 3% üstələyir. “MSK səsləri vicdanla sayacağı təqdirdə prezident seçkilərinin ikinci turu qaçılmazdır” deyə, bildirilir.

Rəyi soruşanların 31%-i Svetlana Tixanovskaya, 28%-i Lukaşenkoya, 18%-i “Həqiqəti danış” İctimai Birliyinin həmsədri Andrey Dmitriyevə, 4%-i Belarus Sosial-Demokrat “Qramadı”nın sədri Sergey Çereçenə, Anna Kanopatskaya isə 3% səs verməyə hazırdır. 7% hamıya qarşı səs verməyə hazırdır, 9% isə qərar verməyib. Seçici fəallığın 79% olacağı gözlənilir.

Belarus rəsmi dairələrinin məlumataına görə, seçkini izləmək üçün 248 xarici, 50 minə yaxın yerli müşahidəçilər akkreditasiya olunub. Müxalifət isə müşahidəçilərinin seçki prosesinə buraxılmadığını iddia edir.

Seçkinin son nəticələri avqustun 19-dan gec olmayaraq açıqlanmalıdır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …