Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı keçmiş hərəkatçıların “Xilas” birliyindən danışdı

Azərbaycanda Milli Demokratik (Xilas) Hərəkatı (MD(X)H) yaradılıb. Yeni qurumu XX əsrin 80-ci illərinin sonlarında baş vermiş Azərbaycan Milli Azadlıq Hərəkatının bir qrup iştirakçısı təsis edib. MD(X)H-nin Təşəbbüs qrupunun üzvləri bunlardır:

Aydın Bayram – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim.

Bəybala Əbil – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

Elxan Nuriyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Qubadlı RİH-in sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim.

Eynulla Qara – Milli Azadlıq Hərəkatının iştirakçısı, Ucar RİH başçısının sabiq I müavini, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

Əli Quliyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Nəsimi RİH-in sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

Əlövsət Sadıqlı – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim, hüquq müdafiəçisi, AXC Təşkilat Şöbəsinin əməkdaşı olub.

Fəhmin Haçıyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, 1992-93-cü illərdə AR DİN Daxili Qoşunların komandanı, 1994-2004-cü illərdə siyasi məhbus, içtimai-siyasi xadim. AXC Ali Məclisinin üzvü olub.

İlham Həsən – Milli Azadlıq Hərəkatının iştirakçısı , Kəlbəcər RİH-in sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olub.

Pənah Məmmədzadə – Milli Azadlıq Hərəkatının iştirakçısı, Göygöl RİH-in sabiq başçısı, ictimai xadim, AXC Gəncə şəhər şöbəsi İH-nin sədr müavini olub.

Hərəkat siyasi hakimiyyətə iddialı olmadığını, ölkədə xalq hakimiyyətinin qurulmasına, hüquq dövlətinin formalaşmasına yardım etmək iddiasında olduğunu, milli dövlətçilik əleyhinə olan bütün fəaliyyətlərə qarşı duracağını  bəyan edib.

Hərəkatın platformasında qeyd olunur ki, milli dövlətçiliyi özünün əsas ideoloji və fəaliyyətinin qayəsi elan edən və buna əməl edən istənilən siyasi, siyasi-ictimai, ictimai təşkilatların üzvləri, eləcə də ayrı-ayrı fərdlər milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq “Milli Demokratik (Xilas) Hərəkatı”na qoşula bilərlər.

O da xüsusi olaraq vurğulanır ki, hərəkat ictimai müzakirə platformasıdır və yaşından, siyasi mənsubiyyətindən asılı olmayaraq milli-demokratik-hüquqi dövlətciliyin əsaslarını dərk və qəbul edərək mənimsəmiş hər kəsə açıqdır, platformada bərabərhüquqlu fəaliyyət uçün heç bir məhdudiyyət yoxdur.

Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, VHP sədri, deputat Sabir Rüstəmxanlı “Xilas” barədə fikirlərini “Yeni Müsavat”a bildirdi: “Milli Demokratik Xilas Hərəkatının ictimai müzakirə platformasına, yəni təqdimat sənədinə baxdım. Ümumiyyətlə, mən xalqın fəallığına, ictimai müzakirələrə müsbət yanaşıram. Bu cür birliklər əgər xoş niyyətlə yaradılıbsa, bunların çox olmasını istəyirəm. Xüsusilə, XX əsrin 88 və 90-91-ci illərdə fəal olmuş insanların yenidən bir növ durğun həyatdan qopub, təzədən siyasi, yaxud ictimai mübarizə meydanına gəlmələrinə də mənfi yanaşmıram. Demək istəyirəm ki, bəri başdan yaranan bu birlik haqqında hər hansı bir şübhə doğurmaq, bu birliyə pis münasibət bəsləmək niyyətim yoxdur. Allah xeyirli-uğurlu etsin. Normal işləsinlər, dövlət maraqlarımıza xidmət etsinlər. Amma təəssüflər olsun ki, bu təqdimat məndə bu təəssüratı doğurmadı. Ümumiyyətlə, təqdimat ziddiyyətlərlə doludur. Bu barədə danışmaq istəmirəm. Öz təqdimatları ilə içəridəki iddialar, ittihamlar bir-biriylə uyğun gəlmir. Lazım gələrsə, bunu müzakirə etmək də olar. Əgər bu birlik doğrudan da Azərbaycanın problemlərinin həlli, ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşməndən azad olunması, milli birliyimizin gücləndirilməsi, hakimiyyətlə xalq arasında normal dialoqun qurulması, normal seçkilərin keçirilməsi, demokratiyanın inkişafı və.s kimi işlərə xidmət edəcəksə, eşq olsun. Buna hər hansı bir söz demək olmaz. Amma bəri başdan 30 ilə yaxın yol keçmiş bir iqtidarın ”antixalq mahiyyətindən” söhbət açılırsa, o zaman milli birliyə nail olmaq, şübhəsiz ki, çətindir. Mübahisəli şeylər çoxdur. Bir yandan deyilir ki, milli dövlətçiliyi bərpa etmək niyyəti ilə yaradılıb, o biri yandan da deyilir ki, siyasi hakimiyyətə iddialı deyilik. Bunlar bir-birini inkar edən məsələlərdir. Hərəkat kimi danışmaq tezdir. Qoyun bir az fəaliyyət göstərsinlər, sonra qalan məsələlərə baxarıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …