““Oruc Rəis” gəmimizə hücum etməyin, hücum etsəniz, ağır bədəlini ödəyərsiniz”, dedik və bu gün ilk cavablarını aldılar”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin quruluşunun 19-cu ilinə həsr olunmuş toplantıda Şərqi Aralıq dənizindəki gərginliklə bağlı açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Aralıq dənizində yunan hərbi gəmisi Türkiyənin dənizdə neft-qaz arxtarışı aparan “Oruc Rəis” sondaj gəmisini qoruyan T.C.G Kemal Reis” friqatına atəş açıb. Cavab atəşi ilə Yunanıstanın “Limnos” adlı friqatı ciddi zədə alıb. Bundan sonra yunanlar geri çəkilib və dərhal Avropa ölkələrindən yardım istəyib.
Rəsmi Afinanın bu yardım çağırışına Türkiyə ilə münasibətləri gərgin olan Fransa dərhal müsbət cavab verib. Maraqlı burasıdır ki, bu gün Fransa Yunanıstana dəstək üçün hətta Aralıq dənizinə iki hərbi gəmi, bir neçə qırıcı və iki helikopter göndərib. Üstəlik, birgə hərbi təlimlərə start verdiklərini bəyan ediblər.
Ərdoğan bu cür içiboş təhdidlərin Türkiyəni yolundan döndərə bilməyəcəyini təkrar bəyan edib.
Ərdoğandan dərhal sonra Türkiyə Müdafiə Nazirliyi də bəyanat verib.
Bildirilib ki, Türkiyə dənizdəki yetki ərazilərində haqq və mənafelərini qərarlı şəkildə qorumaqdadır: “”Oruc Rəis” gəmimiz hərbi güclərimizin müşayiəti ilə ilk gündə olduğu kimi qərarlıqla fəaliyyətini davam etdirir”.
Yunanıstanla Fransanın Türkiyəyə qarşı Aralıq dənizində birgə hərbi təlimi ABŞ-ı da narahat edib.
Pentaqon sözçüsü Conatan Hoffman Yunanıstan və Fransanın dəniz qüvvələrinin Aralıq dənizindəki ortaq hərbi təlimindən narahat olduqlarını bəyan edib: “ABŞ gərginlyin azaldılmasını istəyir. Dənizdə savaş gəmilərini hərəkətə gətirməkdənsə, siyasi həll yolları axtarılmalıdır”.