Azay Quliyev
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, MM-in deputatı
Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında keçirilən ümumi debatlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edib.
Prezidentin çıxışına maraqla qulaq asdım və səmimi deyim ki, Prezidentimizlə bir daha qürur duydum. Ona görə ki, hələ indiyə kimi dünyanın ən nüfuzlu və ən böyük təşkilatı olan BMT-nin tribunasında Ermənistanın işğalçı və faşist mahiyyəti bu qədər dəqiq, açıq, sistemli və qətiyyətli şəkildə belə ifşa edilməmişdi. Çıxış kifayət qədər faktlarla zəngin və hərtərəfli idi. Demək olar ki, Ermənistanın törətdiyi bütün cinayətlər, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonda həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətlər, süni ekoloji böhran yaratmaq cəhdləri, Ermənistanın mülki şəxslər olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi 6 ildən artıq müddətdə girov saxlaması və işğalçı ölkənin digər cinayətləri tam təfərrüatı və dəqiq xronoloji ardıcıllıqla qeyd edildi. Xüsusilə, son zamanlar Paşinyan diktaturasının törətdiyi təxribatlar, Tovuz hadisələri, işğal altında olan torpaqlarımızda həyata keçirdiyi qanunsuz məskunlaşma və terrorçu dəstələrin burada yerləşdirilməsi halları, cari ilin avqust ayında erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdi bütün detalları ilə dünya ölkələrinin diqqətinə çatdırıldı.
Cənab Prezidentin Ermənistanın Tovuz təxribatından dərhal sonra Minsk qrupunun məlum həmsədr ölkəsi tərəfindən silahlandırılması faktını açıq şəkildə qeyd etməsi və bunu BMT tribunasından qətiyyətlə pisləməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycana qarşı yönələn cinayətlərlə yanaşı Prezident İlham Əliyev, həmçinin Ermənistanda geniş vüsət almaqda olan siyasi repressiyalar və bu ölkədə faktiki olaraq diktatura rejiminin qurulmasını da tutarlı faktlarla təsvir edib.
Hesab edirəm ki, cənab Prezidentin bu çıxışı tarixi olmaqla yanaşı, həm də hər birimiz üçün mükəmməl yol xəritəsidir. Adıçəkilən çıxışda yer almış bütün tezislər Ermənistanın yürütdüyü siyasətin real mahiyyətinin hərtərəfli ifşası baxımından hamı, xüsusilə diplomatlar, parlamentlərarası dostluq qruplarının üzvləri, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin üzvləri, QHT-lər, jurnalistlər, siyasi ekspertlər və şərhçilər tərəfindən effektiv istifadə edilməlidir.
Mən hamıya cənab Prezidentin BMT-dəki bu çıxışı ilə yaxından tanış olmağı tövsiyə edərdim:
https://president.az/articles/40937