Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“Qarabağ” – PAOK matçı Respublika stadionunda keçiriləcək

“Qarabağ”ın hazırkı vəziyyəti hər bir komandanın, idman həyatını davam etdirən hər kəsin başına gələ biləcək hadisədir”. 

 

“Report”un məlumatına görə, bunu “Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl jurnalistlərə açıqlamasında deyib.

Klub rəsmisi ardıcıl məğlubiyyətlərə baxmayaraq, rəhbərlik etdiyi komandanın “qara zolaq”da olmadığını bildirib: “Qarabağ” son üç oyunu səfərdə oynayıb. “Kəpəz”, “Fiorentina” və “Qəbələ”… Statistikaya baxdıqda komandanın pis oynamadığını görürük. Komandaya dəstək olmaq lazımdır. Bizim birliyimiz, bərabərliyimizlə dəf edə bilməyəcəyimiz heç bir problem olmaz”.

Ə.Çəlikel yeni müqavilə imzalanan gənc qapıçı Emil Balayevlə bağlı da danışıb. O, gənc qolkiperin yeni transfer adlandırılmamasını xahiş edib: “Balayev yayın əvvəlindən komanda ilə məşq edir və bizimlə bir yerdədir. Sadəcə, müqaviləni yeni bağlamışıq. Onu yeni transfer kimi qiymətləndirməməyinizi xahiş edirəm. Emil Almaniyada bir klubla danışıqlar aparırdı və müqavilə bağlamaq ehtimalı vardı. Bu səbəbdən bizimlə müqaviləni gec bağladı. Onun gəlişi hansısa qapıçının getməsinə dəlalət etmir. Gələcəkdə kimin qalıb-gedəcəyinə qaldıqda, bu məsələyə dair qərarı baş məşqçimiz verir. Digər transferlərə gəlincə, baş məşqçimiz var. Mənim hansısa transferdən danışmağım düzgün olmaz. Hansı mövqelərdə çatışmazlığın olduğunu Qurban Qurbanov daha yaxşı bilir”.

Baş direktor bildirib ki, komandanın kapitanı Rəşad Sadıqovun “Qarabağ”ın U-19 komandasına baş məşqçi təyin olunması onun futbolçu kimi çıxışına heç bir təsir göstərməyib: “Düşünmürəm ki, Rəşadın bütün diqqəti 19 yaşlı futbolçularımıza yönəlib və oyuna fikir vermir. Onun həyatı futbolla bağlıdır. U-19-da köməkçiləri var. Bu təyinatın Rəşadın gələcək məşqçilik karyerası üçün düzgün addım olduğunu düşünürəm. Üstəlik, gələcəyin böyük futbolçusu olacaq uşaqların qarşısına yaxşı nümunə qoymuşuq. Bu, onların motivasiyası üçün də yaxşı yoldur. Rəşadın enişdə olduğunu düşünmürəm. Onun çıxışı “Qarabağ” üçün xeyirlidir”.

Klub rəsmisinin sözlərinə görə, Avropa Liqasının qrup mərhələsinin III turunda oktyabrın 20-də Yunanıstanın PAOK klubu ilə oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Üstəlik, bu müddətdə Premyer Liqa oyunu da mərkəzi arenada ola bilər: “PAOK-la oyunda layiqlıi nəticə qazanmaq istəyirik. Hazırda 7 futbolçu yığmanın düşərgəsindədir. Millinin oyunları səbəbindən yaranan fasilədə yoxlama oyunu keçirməyəcəyik. Hələ bu barədə dəqiq qərar yoxdur. Düşünürəm ki, Yunanıstanla oyuna tam heyətlə çıxacağıq. Respublika stadionunun vəziyyəti əlverişlidir və ümid edirik ki, mövsüm sonunadək ot örtüyündə heç bir problem olmayacaq. “Sumqayıt”la oyunun da mərkəzi arenada keçirilmə ehtimalı var. Ancaq hələ heç bir qərar verilməyib. Meydanın vəziyyətinə uyğun addım atılacaq”. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir