Türkiyə prezidentinin Bakı səfərinin ardınca Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının toplantısına qatılması və bu fonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sessiya çərçivəsində ehtimal edilən görüşü ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli maraqlı açıqlama verib: “BMT tribunasında Dağlıq Qarabağ məsələsinə yenidən müxtəlif aspektlərdən və iki dövlətin ortaq stratejisi baxımından yanaşılması problemin həllinə mühüm töhfələr verə bilər”.
Politoloq hər iki məsələ arasında müəyyən bağlılığın olduğunu düşünür:
“İlk növbədə Dağlıq Qarabağ münaqişəsi kontekstində Naxçıvanın təhlükəsizliyi məsələsi müzakirə ediləcək. Tərəflər mövqelərini bir daha dəqiqləşdirəcəklər. Türkiyə bu məsələdə hər zaman Azərbaycanın tutduğu mövqeyə uyğun siyasət yeridir, “Qarabağ məsələsində Azərbaycan nə deyirsə, o da olacaq prinsipi”ni rəhbər götürür. Sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də gözlənir. Hələ ki, danışıqlar prosesi ölü nöqtədən tərpənmir. Üstəlik, Ermənistan işğal edilmiş ərazilərdə məskunlaşma və toponimlərin dəyişdirilməsi istiqamətində anti-Azərbaycan siyasəti aparır. Ermənistan öz tarixini saxtalaşdırmaqla, az qala, bütün Qafqaza qarşı iddialar irəli sürür. Bu fonda danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi istisna edilmir. Əminəm ki, hər iki ölkə istər xarici işlər nazirləri səviyyəsində, istərsə də prezidentlər səviyyəsində sessiyaya qatılsa, mütləq Dağlıq Qarabağ baş mövzu olacaq. 202 dövlətin qarşısında bu məsələnin bir daha qaldırılması və Ermənistan təcavüzkarlığının anatomiyasının yeni faktlarla faş edilməsi, zənnimcə, Azərbaycanın haqq işinin beynəlxalq ictimai rəydə möhkəmləndirilməsi baxımından mühüm rol oynaya bilər”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11-i Azərbaycana səfər edəcək, daha sonra isə sentyabrın 19-25-də Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının toplantısına qatılacaq.
Sabiq dövlət müşavirinin BMT çərçivəsində keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi kontekstində Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsələnin müzakirə ediləcəyi barədə fikirləri nə dərəcədə inandırıcı görünə bilər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tərəflərin görüşünü təşkil etmək də müşkülə çevrilib:
“Bilirsiniz ki, Azərbaycan mənasız danışıqlarda iştirak etmək istəmir. Konkret təkliflər üzrə danışıqların aparılmasını istəyir. Bu səbəbdən də BMT toplantısı zamanı belə bir görüşün təşkilini vasitəçilər daha məqbul sayır. Ancaq hələ bu da dəqiq deyil. Görüş olarsa, Naxçıvanla bağlı müzakirələrin aparılması təbiidir. Çünki son zamanlar bu mövzu çox aktuallaşıb. Ermənilər bəyan edirlər ki, Azərbaycan həmin regiona çoxlu silah-sursat toplayır. Onlar ehtimal edirlər ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycan Ermənistana məhz həmin cəbhədən həmlələr edə bilər. Çünki Ermənistan paytaxtı ora yaxındır. Bir müddət əvvəl isə onların mətbuatında Azərbaycanın Naxçıvanla ölkənin digər bölgələri arasında quru yolu bərpa etmək, yəni blokadanı yarmaq niyyətinin olması dövriyyəyə buraxıldı. Bütün bu informasiyalar Naxçıvana hücum etmək üçün ermənilərin ortaya atdığı qabaqlayıcı bəhanələr ola bilər. Bilirsiniz ki, Naxçıvanın təhlükəsizliyi həm də beynəlxalq təminat altındadır. 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri də bunu şərtləndirir. Bunun narahatlığını çəkən ermənilər dəfələrlə həmin müqavilələrin təzələnməsini tələb ediblər. Ermənilər son vaxtlar Türkiyənin də Naxçıvanla bağlı ciddi addımlar atdığının fərqindədirlər. Bütün bu sadalananları əsas gətirsək, onda Naxçıvanın təhlükəsizliyinin təminatı ilə bağlı müzakirələrin aparılacağını inandırıcı saymaq olar”.