44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir biçimdə bərpasında, turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc son günlərdə ölkəmizdə baş verən mühüm hadisələrin əmlak bazarına təsirinə dair fikirlərini bölüşüb.
- Bir-birini təqib edən karantin, pandemiya, Vətən müharibəsi və yenidən sərt karantinin daşınmaz əmlak bazarına təsirini necə qiymətləndirərdiniz?
2020-ci il ölkəmiz üçün mühüm dəyişikliklər ili oldu. Pandemiya və sərt karantinin iqtisadiyyata, ələlxüsus da əmlak bazarına təsiri ilə bağlı mütəxəssis rəyi ilə çıxış edərək ictimaiyyətə məlumat vermişdik. Həmin məlumatda müvafiq dövr üçün bazara edilən təkliflərin mövcud olmağına baxmayaraq, tələbatın bu təkliflərlə müqayisədə daha az göründüyü qeyd edilmişdi. Bu səbəblə də sözügedən dövrdə qiymətlərdə müəyyən qədər enmələrin və azalmaların baş verməsi təbiidir. Bundan başqa pandemiya dövründə Beynəlxalq Qiymətləndirmə Standartları komissiyasının xüsusi rəyində həmin dövrdə mövcud olan qiymətlərin, bazar dəyəri olmadığı da qeyd edilmişdi. Başqa sözlə desək, xüsusi fors-major vəziyyət olduğuna görə, əmlakların bazar dəyəri məhz sözü gedən dövrdəki kimi götürülə bilməz. Bununla bağlı rəhbərliyində təmsil olunduğum Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də müvafiq dövrə uyğun sənədlər qəbul etmişdi. Bazarım daimi təhlilini aparan və mövcud dinamikanı müşahidə edən bir şirkət kimi baş verən dəyişikliklər, qiymətləndirmə işinə birbaşa təsir göstərdiyini deyə bilərik. Pandemiya başlanan dövrdən indiyə qədər əmlakın qiymətlərində müəyyən dəyişikliklər baş verib. Bu da karantin ilə əlaqədar müəyyən planların, yeni ailələrin qurulmasının təxirə salınmasından irəli gəlir. Təbii ki, əmlak alqı-satqısında müəyyən fasilələr yaranır, nəticədə əmlakını təklif edərkən mövcud şəraiti nəzərə almaq lazım gəlir, bu isə qiymətlərin düşməsinə gətirib çıxarır. Amma indi yeni bir situasiya yaranıb – Azərbaycanın müzəffər ordusu, illərdir işğal altında olan əraziləri azad edib. Artıq gündəmdə həmin ərazilərin yenidən qurulması və bərpa işlərinin görülməsidir. Bu prosesdə Azərbaycana dost olan və iqtisadi münasibətləri yüksək səviyyədə qurulmuş dövlətlər öz maraqlarını ortaya qoyaraq müəyyən investisiya yatırımı təklifləri ilə çıxış edəcək. 44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir biçimdə bərpasında, turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər. Bildiyiniz kimi azad olunan ərazilər həm turizm üçün gəlirli, həm də kənd təsərrüfatı üçün mühüm əhəmiyyətə və münbit şəraitə malikdir. Bu səbəbdən də həmin ərazilərdə yenidənqurma işlərinin aparılması Azərbaycan iqtisadiyyatında çox böyük müsbət tendensiyalara səbəb olacağı və iqtisadiyyatımızın bu proseslərin nəticəsi olaraq böyüyəcəyi təbii haldır. Digər tərəfdən iqtisadiyyat böyüdükcə, yeni yatırımlar olduqca əmlak qiymətlərində də müəyyən dəyişikliklər olacaq.
- Bu fikri bir qədər ətraflı izah edərdiniz …
- Yəni iqtisadiyyatı böyük olan dövlətlərdə əmlakların qiymətləri daha yüksək olur. Götürək qonşu – Rusiya və ya Türkiyəni, bu ölkələrdə iqtisadiyyat böyüdüyü anda əmlak qiymətlərində yüksəlməni müşahidə etmişik. Avropada iqtisadi inkişafın zirvəsində olan dövlətlərdə əmlak bizdəki qiymətlərdən 1,5-2 dəfə yüksəkdir. Əmlakın dəyəri həmin ölkələrdə baş verən iqtisadi proseslərlə birbaşa əlaqəlidir. Belə ki, iqtisadi proseslərdə uğursuzluq və ya hər hansı bir problem yarananda əmlakın qiymətində enmələr labüd olur.
Təqribi hesablamalarımıza görə, Azərbaycan iqtisadiyyatında Vətən müharibəsi nəticəsində azad edilən bölgələrin payı 25-30%-dir və bu payın yenidən ölkə iqtisadiyyatının tərkib hissəsinə daxil olması, həmin ərazilərdə həyatın yenidən canlanması, istehsalatın bərpası ölkə iqtisadiyyatına elə bir təsir göstərər ki, daşınmaz əmlak bazarında da alqı-satqı prosesləri aktivləşə, daşınmaz əmlaka tələbatlar arta bilər, bunun nəticəsində isə biz ciddi şəkildə iqtisadi inkişafın yüksəlməsinin və paralel olaraq daşınmaz əmlak bazarının aktivləşməsinin şahidi ola bilərik.
- Azad edilmiş torpaqlara köçkünlərin qaytarılması paytaxtda, ümumilikdə ölkədə daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edəcək?
- Məsələ ondan ibarətdir ki, torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir. Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşamağa davam edəcək. Başqa sözlə desək köçdən deyil, qismən köçdən söhbət gedir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq.
Qeyd etdiniz ki, xarici ölkə şirkətləri tərəfindən investisiya cəlb edilməsi üçün geniş imkanlar yaranacaq, bu amilin daşınmaz əmlak bazarına təsiri necə olacaq?
- Birmənalı şəkildə müsbət olacaq. Səbəb isə ondan ibarətdir ki, ölkənin iqtisadi inkişafına səbəb olan sərmayə yatırımı həm də ölkəmizə xarici iş adamlarının gəlməsi deməkdir. Bu isə ya müvəqqəti, ya da birdəfəlik əmlakın alınması və ya kirayə götürülməsi istiqamətində ciddi artımın olacağını söyləməyə əsas verir. Bundan başqa iqtisadi inkişaf təbii ki, əhalinin də rifahına təsir edir və onlar da bu zəmində əmlak – mənzil, obyekt sahibi olmaq haqqında düşünür. Mən düşünürəm ki, torpaqlarımızın alınması alqı-satqı faktlarında azalmanın deyil, daşınmaz əmlak bazarında mövcud olan süstlüyü aradan qalxmasına səbəb olacaq. Belə ki, məcburi köçkünlərin öz yurdlarına qayıtması onların daha öncə məxkunlaşdığı ərazilərdə iş yerlərinin artmasına, bu isə əhalinin büdcəsində müsbət yönə dəyişməyə səbəb olacaq. Bütün bunların fonunda əmlak bazarında heç bir durğunluq və ya böhrandan söz ola bilməz.
- Hazırda iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən şirkətlər şəhid və qazı ailələrinə mümkün yardımı etməyə çalışır. Siz bu istiqamətdə hansı addımları atmışınız?
- Biz Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirməyə başlamışıq. Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir. Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka krediti vasitəsilə ölkə vətəndaşlarının mənzil ilə təmin olunması üzrə həyata keçirilən sosial layihəsi çərçivəsində Qarabağın azad edilməsi uğrundamüharibə iştirakçıları tərəfindən alınan mənzillərin qiymətləndirilməsi50% güzəştlə həyata keçiriləcək.
- İşğaldan azad edilmiş ərazilərdə xidmət ilə əlaqəli planlarınız varmı?
- Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsi ilə sonuclanan prinsipial və qətiyyətli siyasətinin və xalqımızın Qarabağın azadlığı amalı ətrafında birləşərək göstərdiyi həmrəyliyin töhfəsidir. Erməni vandallarının talan etdiyi ərazilərimizdə həyat yenidən canlanacaq, sənaye və istehsalat inkişaf edəcək. Artıq həmin ərazilərdə iqtisadi inkişafa dəstək olmaq və qiymətləndirmə sifarişlərinin vaxtında və operativ yerinə yetirmək məqsədilə, “VECON CONSULTING” şirkəti yurdumuzun dilbər guşəsi Qarabağda yeni nümayəndəlikləri açmağı planlaşdırır.
Biz əminik ki, illərdir doğma yurduna həsrət qalan və artıq o torpaqlara qayıdan xalqımızın rifahının bərpa ediləcək.
Boyukmillet.com