Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Diaspor quruculuğu sahəsində Azərbaycanın yeni dövlət siyasəti prinsipi – YAŞAT sistemində diaspor fəalları…

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.

Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə;

 İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun fəaliyyətinə vacib dövlət qurumları nəzarət edəcək

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fərmana əsasən, Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.

Himayəçilik Şurasının tərkibində tanınmış diaspor nümayəndələri…

Bunun ardınca Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. “YAŞAT” Fondunun Himayəçilik Şurasında Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov və Danimarkada yaşayan Avropanın tanınmış nevroloqu Məsud Aşina da yer alır. Göründüyü kimi, bu cür vacib missiyanı əhatə edəcək qurumda diaspor nümayəndələrimizə də etimad göstərilib.

5,3 milyon avro məbləğində mükafata layiq görülən yeganə azərbaycanlı…

Qeyd edək ki, Məsud Aşina Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Avropa həkimləri arasında böyük nüfuza malik olan Məsud Aşina elmi fəaliyyətinə görə Lundbeck Fondunun 5,3 milyon avro məbləğində mükafatına layiq görülən yeganə azərbaycanlı həkimdir.

“Əməkdar incəsənət xadimi” fəxri adını daşıyan diaspor fəalımıza göstərilən etimad…

Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Cahangir Novruzov da zəngin yaradıcılıq fəaliyyətinə malikdir. O, Azərbaycanda və Rusiyada peşəkar təhsil alıb, bir çox ölkələrdə Azərbaycan teatrını layiqincə təmsil edib, Şəki Dövlət Dram Teatrının quruluşçu rejissoru, Azərbaycan Musiqili Komediya teatrının baş rejissoru, Gənc Tamaşaçılar Teatrının rus bölməsinin baş rejissoru kimi teatr sənətinə böyük töhfələr verib.

C.Novruzov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki fәaliyyәtlәrinә görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Cəmiyyətimizdə yardımlaşma  ruhunun  möhkəmlənməsinə töhfə verəcək…

Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə verilən töhfə deməkdir.

Bəllidir ki, Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir, dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır.  Ancaq bütün bunlarla yanaşı, ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan “YAŞAT” fondu da məhz bu funksiyanı yerinə yetirəcək. Bizim ən yaxşı milli xüsusiyyətlərimizdən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmi göstərə bilməsidir. Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla, həm də milli birliyimizi gücləndirir.

Qazilərə qayğı dövlətin sosial siyasətinin əsas qayəsini təşkil edir

Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğalçı erməni ordusunu darmadağın etməklə dünya hərb tarixinə bir çox yeniliklər gətirdi. Dağlıq Qarabağın və ətraf rayonların çətin, mürəkkəb coğrafi relyefə malik olmasına baxmayaraq, döyüş əməliyyatları dəqiqliklə hazırlanaraq, ən müasir texnika ilə aparıldı. Məhz Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması və Ali Baş Komandanın peşəkar rəhbərliyi, hücum edən tərəf olmağımıza baxmayaraq, itkilərimizi minimuma endirdi. Ancaq hər bir müharibədə olduğu kimi, ikinci Qarabağ müharibəsi də itkisiz olmadı – bu müharibədə 2783 şəhid verdik. Allah onlara rəhmət eləsin. 1300-ə qədər qazimiz müxtəlif dərəcəli xəsarətlər aldı. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş və əlillik dərəcəsi almış qazilərə qayğı dövlətin sosial siyasətinin əsas qayəsini təşkil edir. Birdəfəlik sığorta ödənişləri ilə yanaşı, onların mənzil şəraiti yaxşılaşdırılır, minik avtomobilləri ilə təmin olunur, övladları dövlət hesabına ödənişsiz təhsil alır, səhiyyə müəssisələrində pulsuz müalicə alırlar. Yeri gəlmişkən, indiyə qədər bu kateqoriyadan olan 9000 insan evlə, 7000-ə yaxını isə fərdi minik avtomobili ilə təmin olunub.

“Mən gördüm ki, Azərbaycan xalqı bu  prosesdə ürəklə, yaxından iştirak edir”

Bu vacib məsələdə diaspor fəallarına da göstərilən etimad diaspor quruculuğu sahəsində Azərbaycanın yeni dövlət siyasəti prinsipini ifadə edirmi?

Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin “YAŞAT” Fondunun yaradılması barədə imzaladığı fərman dövlətin öz şəhidinə, qazisinə göstərdiyi qayğının ən yüksək təcəssümüdür: “Müharibə başlayan andan xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsini, milli birlik nümayiş etdirməsini bütün dünya gördü. Həmin milli birliyi “YAŞAT” Fondunun formalaşmasında da göstərməliyik. Hər bir azərbaycanlı özünü şəhidlərimizin, qazilərimizin qarşısında bir növ borclu hesab edir. Onlara yardım etməkdən şərəf duyur. Düşünürəm ki, ilk növbədə imkanlı vətəndaşlarımız dövlət başçısından, Heydər Əliyev Fondundan nümunə götürərək, “YAŞAT” Fondunun fəaliyyətinə də öz töhfələrini əsirgəməyəcək. İnanıram ki, “YAŞAT” Fondu torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinin, sağlamlığını itirmiş qazilərimizin problemlərinin həlli baxımından çox əhəmiyyətli işlər görəcək. Fürsətdən istifadə edərək, bütün imkanlı şəxsləri bu nəcib işdə yaxından iştirak etməyə çağırıram. 44 günlük müharibə dönəmində mənim özüm arxa cəbhədən ön cəbhəyə yardımların aparılmasında fəal iştirak etdim. Mən gördüm ki, Azərbaycan xalqı ürəklə bu prosesdə yaxından iştirak edir. Hətta imkanı zəif olan ailələr belə imkanları çatan xırda sovqatı əsgərlərimizə çatdırmağı tərcih edirdi. “YAŞAT” Fondunun yaradılmasını çox təqdir edirəm. Xüsusilə də Fondun idarəçiliyində diaspor nümayəndələrinə etimadın göstərilməsi ürəyimizcə oldu. Etiraf edim ki, müharibə dönəmində cəbhəyə etdiyimiz yardımların böyük hissəsini xaricdə yaşayan diaspor fəallarımız təşkil edirdi. Hətta adlarının açıqlamasını belə istəmirdilər. Biz görürdük ki, bu yardımlaşma işində bütün dünyadakı diaspor fəallarımız olduqca fəaldırlar. Lakin bəzən görürdük ki, onların göndərdiyi  vəsaitlər müəyyən şəxslər tərəfindən lazımi istiqamətə xərclənmir. Bu baxımdan da belə bir Fondum yaradılmasına ciddi ehtiyac vardı”.

“Əminəm ki, məhz bu istiqamətdə də diasporumuz ona göstərilən etimadı tam doğruldaraq, daha koordinasiyalı fəaliyyət ortaya qoyacaq”

Müsahibimizin sözlərinə görə, Prezidentin fərmanı ilə yaradılan Fonda ciddi ictimai nəzarət olacaq: “Bu baxımdan da xeyriyyəçilik, dəstək məqsədilə yığılan vəsaitin şəffaf xərclənməsinə dair ciddi məsuliyyət yaranacaq. Diasporumuza bu işdə göstərilən böyük etimad onu daha da həvəsləndirəcək. Bu addımı dövlətimizin diasporumuza böyük etimadının göstəricisi sayıram. Əminəm ki, məhz bu istiqamətdə də  diasporumuz ona göstərilən etimadı tam doğruldaraq daha  koordinasiyalı fəaliyyət ortaya qoyacaq. Dövlət deyilən kateqoriya vətəndaşlarımıza lazımi dəstəyi göstərir. Ancaq xeyriyyəçilik etmək istəyənlərin də niyyətlərinin şəffaf vasitələrlə təminatına zərurət vardı. Çünki bu Fond həm də mütəmadi hesabat verəcək. Hətta xeyriyyəçilik məqsədilə adının çəkilməsini istəməyən soydaşlarımız belə yardımlarının necə şəffaf şəkildə xərcləndiyinə şahid olacaqlar”.

Müsahibimiz diaspor fəllarına bu sahədə də göstərilən diqqətə görə ölkə başçısına öz minnətdarlığını çatdırdı.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …