“Azəravtoyol” 85 ailənin yaşadığı binanı sökmək istəyir, sakinlər isə ödənilən kompensasiyadan narazıdır
Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 25 ünvanında yerləşən, 5 mərtəbəli bina üçün sökülmə əmri verilib. Binanın ilk 3 mərtəbəsi Bakı Dövlət Layihə İnstitutuna, 4 və 5-ci mərtəbəsi isə vaxtilə fəaliyyət göstərən “Tramvay-troleybus” idarəsinə məxsusdur.
“Tramvay-troleybus” idarəsi 1991-ci ildə Bakı Dövlət Layihə İnstitutundan icazə alaraq, bu binanın son iki mərtəbəsində evi olmayan işçilərini müvəqqəti yerləşdirib. Həmin müddətdə Bakının iki yerində idarənin işçiləri üçün yataqxanalar tikilirmiş. Tikinti bitdikdən sonra buradakı ailələr oraya köçürülməli imiş. Lakin müharibə başladığı üçün tikintilər yarımçıq saxlanılır və müvəqqəti yerləşən işçilər daimi məskunlaşmağa məcbur qalırlar. Zamanla binada özləri üçün yaşam şəraiti quran sakinlərə “kupça” da verilib. Hazırda 85 ailə burada tam qanuni şəkildə yaşayırlar. Onların arasında qaçqın və məcburi köçkünlər də var.
Yaşam şəraitlərindən narazı olmayan ailələrə bir müddət öncə “Azəravtoyol” ASC tərəfindən bildiriş verilib ki, bina sökülür və sakinlərə evlərinin hər kvadratmetri üçün 1500 manat pul veriləcək. Bu binada isə evlərin ölçüsü 11-20 kvadratmetr arasında dəyişir. Buna görə də sakinlər verilən pulla razılaşmırlar.
Bina sakini Məleykə Əliyeva vaxtilə həyat yoldaşına verilən evdə 26 ildir ki, yaşayır. Onun həm oğlu, həm də həyat yoldaşı 1-ci qrup əlildir. M.Əliyeva deyir ki, normal pul verməsələr, evdən çıxan deyil: “Mərkəzdə, normal şəraitdə yaşayırıq. Halımızdan da razıyıq. Amma indi “Azəravtoyol” bizim binanı sökmək qərarına gəlib. Sökürlər, yaxşı edirlər. Biz etiraz etmirik. Lakin pulumuzu düzgün versinlər. Bizim evlərin kvadratmetri çox azdır. Hər kvadrata 1500 manat verirlər. Bu da elə bir məbləğ edir ki, buna heç yerdə ev ala bilmərik. Ən yaxşı halda 20-30 min manat arasında pul verilir. Bu məbləğə özləri ev ala bilərlər? Üstəlik, biz illərdir şəhərin mərkəzində yaşayırıq. İndi o pulla bəlkə Bakının hansısa ucqar kəndində torpaq almaq olar. O da bəlkə… Torpaqla iş düzəlirmi? Biz niyə yaxşı yerdən, mərkəzdən pis yerə, uzağa köçək ki? Mənim oğlum 1-ci qrup əlildir. Sağlam əsgər göndərmişdim, aparata bağlı halda, əlil kimi özümə qaytardılar. Onun halı pisləşəndə Neftçilər xəstəxanasına qucağımda aparıram. Uzağa köçsəm onu xəstəxanaya aparanda yolda ölər. Ölüm-ölümdürsə, elə burada ölərəm, çıxmıram evimdən. Səsimiz prezidentimizə çatmır. Bizə ancaq o kömək edə bilər. O, həmişə deyib ki, vətəndaşlar razı salınsın. Biz isə hazırda narazı salıblar”.
Fatma Əhmədova deyir ki, onların köçməsi üçün normal kompensasiya ödənilməlidir: “”Azəravtoyol” yolu genişləndirmək adı ilə binamızı sökmək istəyir. Amma bizə elə bir kompensasiya verir ki, bu məbləğ bizi heç cür qane edə bilməz. Camaat illərdir burada yaşayır. Uşaqları burada məktəbə gedir, işlərini əraziyə görə qurublar. Evimizdən razıyıq. Heç vaxt da narazılıq etməmişik. Onlar bizi köçürmək istəyirlər, deməli razı salmalıdırlar”.
Bina sakinlərindən biri olan Elduzə Abbasova pul yox, yaşaya biləcəyi ev istəyir: “68 yaşım var və ikinci qrup əliləm. Uzun illər “Tramvay-troleybus” idarəsində işləmişəm. Evi də mənə oradan veriblər. İndi gəlib deyirlər ki, “Evinizi sökürük”. Mənə dedilər ki, pulumu gedib bankdan götürə bilərəm. Mən isə razı olmadım. Tək qadınam, övladım, heç kimim yoxdur. Mənə pul lazım deyil. Birotaqlı ev versinlər, köçüm, yaşayım. Başqa da heç nə istəmirəm. Onlara da dedim ki, gedin, mənə ev verəndə gələrsiniz”.
Əliyar Bağışovun sözlərinə görə, onlar dəfələrlə müxtəlif qurumların qapısını döyüblər. Amma hamısı sonda onları şikayətçi olduqları qurumun üstünə göndəriblər: “18 ildir 5 nəfər ailə üzvümlə burada yaşayıram. İki oğlum buradan əsgər gedib. Həyat yoldaşım 1-ci qurum əlildir. Cəmisi 11.7 kvadratmetr evdə yaşayıram. Mənə 16605 manat pul verirlər. Bu pula harada ev ala bilərəm? Bu pul bizə lazım deyil. Mənə yaşadığım ərazi üzrə ev versinlər, gedim, yaşayım. Dövlətimizin qərarı var. Yaşayış sahəsi 25 kvadratmetrdən az olan mənzil sahiblərinə yaşadıqları ərazi üzrə mənzil verilir. Bundan əlavə, ölkə başçısının sərəncamı var ki, mənzilinin sahəsi 60 kvadratdan az olanlara əlavə 20 faiz kompensasiya ödənilməlidir. Bu qanunların bizə də şamil edilməsini istəyirik. Müxtəlif qurumlara şikayət etmişik. Hamısı da bizi “Azəravtoyol”a yönləndirir. Bizim şikayətimiz onsuz da bu qurumdandır. Həll edilsəydi, niyə başqa qurumlara gedirik ki?”
Məsələ ilə bağlı musavat.com-a açıqlama verən “Azəravtoyol” ASC-nin Mətbuat katibi Anar Nəcəfli deyib ki, hazırda məsələ ilə bağlı müzakirələr aparılır: “Həmin bina Yusif Səfərov küçəsinə paralel yeni yolun salınması və Kövkəb Səfərəliyeva küçəsinin yenidən qurulması, həmçinin bu küçələr boyunca abadlıq işlərinin aparılması layihəsi çərçivəsində sökülür. Layihənin ilkin mərhələsində Yusif Səfərov küçəsinə paralel yeni yol salındı və yol boyunca bir-neçə bina və evin sökülməsi, ərazinin isə abadlaşdırılması işləri aparıldı.
Layihənin davamı olaraq isə sözügedən binanı sökülməsinə hazırlıq işləri aparılır. Dediyim kimi, “Azəravtoyol” sadəcə icraçı qurumdur. Bu məsələdə nə kompensasiyanın verilməsi, nə də digər məsələlər bizim səlahiyyətimizdə deyil. Orda olan mənzillər müstəqil qiymətləndirici şirkət tərəfindən qiymətləndirilib. Mənzillərin sənədləri və qiymətləndirmə sənədləri də daxil olmaqla bütün sənədlər bizim tərəfimizdən toplanaraq aidiyyəti üzrə göndərilib.
Orada mənzillərin hər kvadrat metrinə görə 1500 manat kompensasiya müəyyən edilib. Həmin binada bəzi vətəndaşlar kompensasiya ilə razılaşaraq məbləği götürüb artıq mənzillərindən çıxıblar. Bir qrup sakin isə kompensasiya ilə razılaşmır. Bununla bağlı vətəndaşlar bizə rəsmi olaraq bir-neçə dəfə müraciət ediblər. Hətta bizim cəmiyyətin sədri Saleh Məmmədov tərəfindən qəbul ediliblər. Həmin mənzillər Azəravtoyol ASC-nin xahişi ilə təkrarən qiymətləndirilib, ancaq yenə də 1500 manat kompensasiya müəyyən edilib.
Qeyd etdiyim kimi, bu məsələdə Azəravtoyol sadəcə icraçı qurumdur. Ancaq buna baxmayaraq bizim rəhbərlik həmin sakinlərin problemlərini çox gözəl başa düşür və məsələnin müsbət həlli üçün hazırda aidiyyəti qurumlarla müzakirələr aparılır. Təbii olaraq çalışılacaq ki, sözügedən binanın bir qrup sakinin narazılığı müsbət həll edilsin. Bunun necə olacağını isə hələlik demək bir az çətindir. Müzakirələrdən sonra bununla bağlı dəqiq nəsə fikir söyləmək mümkün olacaq”.
Məhəmməd Türkmən
Musavat.com
Fotolar və video müəllifindir