Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Komitə sədri tənqid edildi: “Kabab qonaqlığı vermək, şəkərbura-paxlava paylamaq…”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sərt tənqid edilib.

Boyukmillet.com-un xəbərinə görə, F.Muradov sosial şəbəkədəki hesabında Azərbaycan diasporunun xüsusi fəallıq göstərdiyini yazıb.

F.Muradov bildirib ki, Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb: 

“Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən 30 ölkədən 92 nəfər  “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunur”.

F.Muradovun açıqlaması birmənalı qarşılanmayıb. Xaricdə yaşayan azərbaycanlılar komitənin fəaliyyətindən narazılıqlarını bildiriblər.

Jurnalist Tünzalə Rafiqqızı: “Hörmətli komitə sədri o tədbirlərə nə zaman, nə qədər vəsait ayrıldığını açıqlasın. Zəhmət olmasa, son Tovuz hadisələri və İkinci Qarabağ savaşında dəstək nümayiş etdirən və medal alan o fəallar kimdir, adlarını sadalasın. Mən qarışıq mitinqlərdə fəal olan yüzlərlə insan öz parasının hesabına, balasının boğazından kəsib, o mitinqlərə getmişik! Diasporla İş üzrə Dövlət Komitəsindən bir zərrə dəstək görməmişəm”.

Jurnalist Rəşid Mustafazadə: “Keçirilən tədbir və aksiyalarda komitə olaraq rolunuz nədən ibarət olub, hörmətli Fuad bəy və komandanız?”.

Jurnalist Fərahim İlqaroğlu: “Hörmətli Fuad Muradov, heç bir diaspor fəaliyyətindən söhbət gedə bilməz. Təbii ki, söhbət sizin komitəyə bağlı, Azərbaycandakı vergi ödəyicilərinin hesabına formalaşan fonddan maliyyələşən təşkilatların fəaliyyətindən gedir. Həmin təşkilatlar 20 nəfərdən artıq adamı bir yerə yığmağı bacarmayıb. Səs-küylü aksiya və yürüş mitinqlərinin əksəriyyəti Avropada, xüsusilə Almaniyada yaşayan mühacir azərbaycanlılar tərəfindən təşkil olunub. Diaspor fəaliyyətinin iqtidarı, müxalifəti olmur, ancaq buna siz və rəhbərlik etdiyiniz komitə əməkdaşları, yuxarıda qeyd etdiyim kimi vergi ödəyicilərinin pullarını kabab qonaqlığına, şəkərbura-paxlava paylamaq kimi mənasız tədbirlərə xərcləyənlər şərait yaradıblar”.

Digər istifadəçilər də komitə rəhbərliyini tənqid ediblər. Qurumun fəaliyyətini müsbət qiymətləndirənlər də olub.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …