Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

TAP-ın inşasında istifadə ediləcək boruların hamısı Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisində istifadə olunacaq boruların hamısı Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb. Bildirilir ki, TAP-ın inşasında istifadə ediləcək boruların son partiyası Yunanıstanın Saloniki şəhərinə gətirilib. TAP-ın inşasında istifadə olunacaq ümumilikdə 55 min borunun nəqli təxminən il yarıma tamamlanıb. İlk borular 2016-cı ilin aprelində Albaniyanın Durres şəhərinə, bir ay sonra isə Yunanıstana gətirilib.

TAP-ın Yunanıstan hissəsində 32 min, Albaniyada 13 min, dəniz hissəsində 9 min 150 və İtaliyada isə 670 borudan istifadə olunacaq. Boruların çəkisi ümumilikdə 520 min ton təşkil edir. Bir 18 metrlik borunun çəkisi 9,3 tondan 16,3 tona qədər dəyişir.

Borular tikinti meydançalarına müxtəlif ölçülü 79 gəmi və Yunanıstan ərazisində isə 158 blok qatarla nəql çatdırılıb. Borular Yunanıstan “Corinth Pipeworks” şirkəti və Almaniyanın “Salzgitter Mannesmann” şirkətində istehsal edilib.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 57 faizi icra edilib. Boru kəmərinin keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır. TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində – Kipoidə, digəri isə Albaniyanın qərbində – Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir