Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Erməni diasporu BMT TŞ-nin dörd qətnaməsinin məzmunundan xəbərsiz olduğu üçün Ermənistan rəhbərlərinin toruna düşür

“Müxtəlif millətlərin nümayəndələri, hətta ermənilər də bizi dinləyib”

 

İsmayıl Ağayev: “Bunu yalnız QHT-lər, KİV-lər və son vaxtlar xüsusilə izləyici auditoriyası artan sosial şəbəkələr vasitəsilə etmək mümkündür”

 

Ermənistan rəhbərliyi Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən bütün hadisələrdə yalnız bir siyasətə ardıcıl şəkildə əməl edir. Maksimum yalan danışmaq və dezinformasiya ilə proseslər üzərində manipulyasiya imkanlarını çoxaltmaq.

Bu fakt Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 4-cü Avropa erməniləri konfransında Qarabağın Azərbaycana məxsus olmaması ilə bağlı səsləndirdiyi fikirlərdən də aydın görünür. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nalbandyanın açıqlamasını şərh edib. Həmin fikirlərdən bu qənaətə gəlmək olar ki, Nalbandyan  erməni diasporunun problemin mahiyyəti və qəbul edilən BMT qətnamələri barədə məlumatsızlığından istifadə edib onlara ağ yalan danışır. Hikmət Hacıyevin sozlərinə görə, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı: “Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edib. Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub. Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyyatı təkrarlamaması və heç olmasa, peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı. Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını və diaspor ermənilərini çaşqın vəziyyətə salır”.

Nalbandyanın bu ağ yalan açıqlamasına erməni diaspor nümayəndələrinin heç bir reaksiya verməməsi onların məsələnin mahiyyətindən tam xəbərsiz olduğuna dəlalət edir. Bunun aradan qaldırılması üçün Azərbaycan hansı addımları atmalıdır?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan bütün istiqamətlər üzrə əlindən gələni edir: “Bunun üçün ilk növbətə təbliğat gücləndirilməlidir. Yəni özümüz deyib, özümüz eşitmək kimi təbliğatdan söhbət getmir. Bizim  xarici dildə xəbər yayan informasiya portallarımız fəal olmalıdır. Çünki həmin informasiyaları erməni diaspor nümayəndələrinin oxumaq imkanları var. Bir növ, onların daxilinə informasiyamızla nüfuz etməyi hədəfləməliyik. Bu yöndə QHT-lər də ciddi iş aparır, bir az da təşəbbüs güclənməlidir. Məsələn, biz təşkilat olaraq Avropanın bir çox universitetlərində Qarabağ guşələri yaratmışıq. Həmin təhsil ocaqlarında tədbirlər keçirmişik. Müxtəlif millətlərin nümayəndələri olan kontingent bizi dinləyib. Maraqlanmışıq ki, həmin tələbələrin sırasında ermənilər də olub. Azərbaycan dövlətinin ayırdığı maliyyə hesabına reallaşan həmin tədbirlərdə bizim xüsusi bukletlər, disklər paylamaq imkanımız da olub. Bu təbliğatın diplomatik kanallarla, yəni sırf dövlət xəttilə aparılması bir qədər çətindir. Çünki Avropada Azərbaycanın hansısa rəsmi qurumunun keçirdiyi tədbirə sözsüz ki, erməni diasporunun nümayəndələri dəvət olunmayacaq. Olunsa da, iştirak etməyəcəklər. Bizim aparmaq istədiyimiz təbliğat sırf həqiqətə söykəndiyi üçün, üstünlük əldə etmək şansımız çoxdur. Xaricdə yaşayan ermənilər Ermənistandakılardan bir qədər fərqlidirlər. Onlara arqumentlərlə sübut olunsa ki, Nalbandyan səviyyəsində ağ yalan danışılır, inandırım ki, fikirlərində əsaslı dönüş olar. Bunu yalnız QHT-lər, KİV-lər və son vaxtlar xüsusilə izləyici auditoriyası artan sosial şəbəkələr vasitəsilə etmək mümkündür. Bir çatışmazlığı da deyim. Bir də görürsən hansısa QHT məhz bu istiqamətdə tədbir keçirir. Gedib xarici ölkələrdə yalnız azərbaycanlı tələbələri yığıb onlara Qarabağdan danışır. Bu da olmaz. Fərqli spektri, hətta erməniləri həmin auditoriyaya cəlb etməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir