Artıq ötən gündən etibarən ABŞ-ın 46-cı prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başlayıb. Bu seçkinin nəticələrinin İran üçün faydalı olacağı gözlənilir. Ehtimal edilir ki, ABŞ-ın demokrat rəhbərliyi İrana qarşı loyal davranacaq.
Maraqlıdır ki, sanksiyalar aradan qaldırılsa, İran bölgədəki mövqeyini bərpa edəcəkmi? İranın güclənməsi Azərbaycan üçün təhlükə yarada bilərmi?
“İran siyasətində ciddi dəyişiklik olmayacaq”
Mövzu ilə əlaqədar olaraq, Cebhe.info-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, ABŞ-ın İrana qarşı siyasəti hansısa prezidentin gəlişindən asılı deyil: “Odur ki, Baydenin Trampı əvəz etməsindən sonra ABŞ-ın İrana qarşı siyasətində elə ciddi dəyişiklik olacağına inanmıram. ABŞ İranla bağlı şərtlərini artıq açıqlayıb. Bu da raket istehsalı ilə bağlı yaranan problemlərin aradan qaldırılması yönündədir.
Hələ bunu Baydenin özü də prezident seçilməzdən öncə bəyan etmişdi. Hesab edirəm ki, o şərtlər qüvvədə qalacaq. İranın raket fəaliyyətində, atom-nüvə proqramı ilə bağlı başladığı məsələlərdə şəffaflıq tələb olunacaq. Bundan sonra ABŞ-ın İrana münasibətində hansısa formada dəyişiklik baş verə bilər və yaxud sanksiyalar yumşaldıla bilər”.
“İranın bölgədə elə güclü tərəfdarı yoxdur”
Politoloq hesab edir ki, ABŞ-ın İrana qarşı mövqeyi dəyişsə belə, İran əvvəlki gücünü bərpa edə bilməyəcək: “Çünki İranın indiki hakimiyyətinin ölkəni yenidən əvvəlki güc halına gətirməsi imkanı çox aşağıdır. Əvvəla, İran heç iqtisadi cəhətdən artıq o gücə malik deyil.
Eyni zamanda bölgədə elə güclü tərəfdarı yoxdur. İran əgər Amerika ilə dil tapsa, ABŞ-ın bölgədəki müttəfiqləri üçün çox faydalı ola bilər. Əks halda, İrandan davamlı sürətdə bölgədəki Amerika müttəfiqlərinə təhlükə hər zaman var və təhdid olunacaq. Çünki İran bölgədə, o cümlədən, Azərbaycanda ABŞ-ın maraqlarını daim izləyəcək”.