Samir Adıgözəlli: “Bunun iqtisadi faydası ilə yanaşı, böyük siyasi mənası da var”
Prezident İlham Əliyev yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib ki, bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq:
“Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu bizim regionda və hətta bu regiondan uzaqda – Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq.
Sizin dediyiniz regional əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib”.
Göründüyü kimi, Azərbaycan imzalanan Memarandumu əlamətdar hadisə kimi qiymətləndirib. Bu prosesi tarixi hadisəyə çevirən faktorlar nədən ibarətdir?
Boyukmillet.com xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirib ki, Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması olduqca sevindirici xəbərdir: “Ölkə başçısının bu hadisəyə verdiyi qiymətlə tam razıyam. Çünki uzun illərdən sonra əldə olunan bu razılaşma doğrudan da əlamətdar çəkiyə malikdir. Biz Türkmənistanla eyni köklərə malik ölkələrik. İki qardaş ölkənin münasibətlərinin iqtisadi və siyasi müstəvidə inkişafı bizi dərindən sevindirir. Bunun iqtisadi faydası ilə yanaşı, böyük siyasi mənası da var. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğu, qardaşlığı simvolizə edir. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu layihənin həm də çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Razılaşmanın əldə edilməsi, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir. Bu layihədən hər iki ölkə böyük iqtisadi fayda götürəcək. Eyni zamanda, bizim türk dünyası ilə əlaqələrimizin möhkəmlənməsinə ciddi töhfə verəcək. Azərbaycan bir dövlət olaraq əldə etdiyi bu cür nailiyyətləri ilə həm də türk dünyasını bir araya gətirməyi bacaran ölkə rolunu oynayır. Bu tarixi razılaşma ölkəmizin dünyada olan nüfuzunu daha da artıracaq. Eyni zamanda, Asiyadakı karbohidrogen ehtiyatlarının ölkəmiz vasitəsilə dünya bazarına çatdırılmasında mühüm rol oynayacaq. Ümidvaram ki, bu razılaşma ölkələrimiz arasındakı münasibətlərin bütün aspektlər üzrə inkişafına mühüm töhfə verəcək. Yaxşı olar ki, digər müsəlman və xüsusilə də türk əsilli ölkələr əldə olunan bu nailiyyətdən özləri üçün ciddi nəticə çıxarsınlar. Bu, həm də qardaş Türkiyə ilə Mərkəzi Asiya regionunda yerləşən türk dövlətlərinin birliyinin möhkəmlənməsinə şərait yaradacaq. Qardaş ölkə kimi Türkiyə Azərbaycan vasitəsilə istədiyi layihələri asanlıqla reallaşdıra biləcək”.
Ekspert bu tarixi hadisə münasibətilə bütün türk dünyasına gözaydınlığı verməyimizi xahiş etdi.
Məhəmmədəli QƏRİBLİ