Cümə , 22 Noyabr 2024
Drone Cameras

Tanınmış tədqiqatçı Adıgözəl Məmmədov onun araşdırma materiallarının oğurlandığını iddia edir…

Adıgözəl Məmmədov: “…ən çox plagiatlığa məruz qalan müəlliflərdənəm”

Bütün hallarda, plagiatlıq halları, başqasının min bir zəhmətlə tədqiq edib ərsəyə gətirdiyi materaiallardan, nəşrlərdən istinadsız istifadə məsələləri son zamanlar daha çox gündəmə gətirilir. Bəzi elm adamları, məşhur tədqiqatçılar başqa həmkarlarını plagiatlıqda ittiham edirlər.

Slavyan-Türk xalqları hərəkatının lideri, psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı Adıgözəl Məmmədov öz rəsmi “Facebook” hesabında əsərlərinin plagiatlığa məruz qaldığını bildirib. “Əziz dostlar, çox xahiş edirəm, “Yeni Müsavat” qəzetində İlham Cəmiloğlu kimi özünü təqdim edən şəxsə çatdırın ki, mənim kitablarımdan oğurladığı materialları öz adına çıxarmağa son qoysun! Dəfələrlə bunu edir. Ay Allahsız, heç olmasa kimə istinad etdiyini yaz. Əks təqdirdə məhkəmədə görüşməli olacağıq. İlham Cəmiloğlunun plagiatlığının bir nümunəsini Sizə təqdim edirəm”.

A.Məmmədov sonra fikrini əsaslandırmaq üçün barəsində danışdığı “Bağırovun Xruşovu güllələməsi – azərbaycanlıları “qanmaz” adlandırması komandirə baha başa gəlib” sərlövhəli məqaləni təqdim edib. 

  • “Mənim məhkəmələrə getməyə nə vaxtım, nə də həvəsim var”

Adıgözəl Məmmədov “Bakı-Xəbər” bildirdi ki, plagiatlıq onun ən yaralı yeridir. “Mən ən çox plagiatlığa məruz qalan, bundan əziyyət çəkən müəlliflərdənəm. Mən bunu nə ilə bağlayıram? Onlar əziyyət çəkmədən hazır materaillar əldə edirlər və bunu öz adlarına çap edirlər. Mənim kitablarım xüsusən sənədlər üzərində qurulan kitablardır. Ömrümün xeyli hissəsini Azərbaycan və Moskva arxivlərində çox ciddi sənədlərin əldə edilməsi istiqamətində işlərə həsr etmişəm, bunun üçün çox ağır zəhmətlər çəkmişəm. Elə sənədlər var ki, onları əldə etmək çox çətindir. Məsələn, Mircəfər Bağırovun cinayət işi 11 cilddir, onun yalnız iki cildi Azərbaycandadır, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanır, qalan 9 cildi isə Moskvadadır. Onlara çatmaq, onları əldə etmək, onları öyrənmək bilirsiniz nə qədər çətindir, əziyyətlidir. Bunun maddi tərəfini bir qırağa qoyuram, özü böyük zəhmət tələb edən bir işdir. Kitabı yazıb ortalığa qoyuram. Ümumiyyətlə, kitabları yazanda məqalələr çap etdirmirəm. Amma sonra gördüm müəyyən adamlar kitablarımdan materialları götürürlər, sözün əvvəlini və axırını dəyişirlər, öz adlarını qoyub çapa verirlər. Məsələn, Elmlər Akademiyasında bir nəfər vardı, mənim kitabımın 210 səhifəsini fotokopiya edib monoqrafiya etmişdi. Mən sonradan akademiyanın o dövrkü rəhbərliyinə şikayət etdim və sair. Belə hallar çoxdur. Jurnalistlər arasında da kitablarımdan materiallar götürüb öz adlarına çap edənlər var. Bəziləri sənədli filmlər çəkirlər. Zaur adlı bir nəfər var, götürüb bir sənədli film çəkib, mənim ANS televiziyasında Mircəfər Bağırovla bağlı bir çıxışım vardı, həmin çıxışı mətnə çevirib, öz adından verib. İlham Cəmiloğlu da belə edib. Bilmirəm, İlham Cəmiloğlu adlı bir nəfər varmı, yoxsa bu, kiminsə təxəllüsüdür. Bilmirəm. Yaxşı ki, bu müsahibəni mən 12 il bundan əvvəl tanınmış jurnalist Seymur Verdizadəyə vermişdim. O da bu müsahibənin bir hissəsini götürüb öz adından verib. Demirəm ki, gətirib mənə “pul  verin”, istəmirəm, amma etika deyilən bir məsələ var. Adımı çəksinlər, kitablarıma istinad etsinlər ki, bu, Adıgözəl Məmmədovun “Mircəfər Bağırov, tam məxfi sənədlər”, “Kreml rəhbərlərinin psixoloji portretləri” və sair kitablarından götürülüb. Heç olmasa istinad etsinlər, bu kitabın zəhmətini çəkib, onu ortalığa çıxaran adam var. Bu adamlara deyirsən ki, bu məlumatı haradan götürmüsən, mənbəyini göstər. Hardan göstərəcək ki? Çünki məndən götürüb, amma istinad etməyib. Hətta akademiyada işləyən bir nəfər mənə dedi ki, bu məlumatları arxivdən götürmüşəm, arxivdə işləmişəm. Mən ona sual verdim ki, hansı arxivdən götürmüsən? O heç arxivlərin adını bilmir, bilmir ki, hansı material hansı arxivdədir. O adam dedi ki, “FSB”nin arxivindən götürmüşəm. Amma o bilmir ki, həmin material Azərbaycan arxivindədir. Belə plagiatlar çoxdur. Dərinə gedəndə sübut edə bilmir, mənbə göstərə bilmir. Hərlənib fırlanıb Adıgözəl Məmmədovun əsərlərinin və istifadə etdiyi arxiv sənədlərinin üzərinə gəlirlər. Hər bir arxiv sənədinin arxasında da möhürü var, nömrəsi var, onlar elə-belə verilmir. Çünki həmin arxiv sənədlərinin çoxu məxfi qrifi ilə saxlanır, tədricən onların məxfiliyi götürülür. Ona görə də mən plagiatlardan çox əziyyət çəkirəm. Sözün düzünü deyim ki, bundan yorulmuşam. Həyatımı bunu həsr etməyəcəyəm ki? Mənim məhkəmələrə getməyə nə vaxtım, nə də həvəsim var, amma o adamlardan yeganə istəyim odur ki, istinad etsinlər, mənbəni göstərsinlər. Bu təkcə mənim əsərlərimə aid deyil, bütün əsərlərə aiddir, istinad etsinlər və adamın zəhmətini yerə vurmasınlar”.

A.Məmmədov onu da bildirdi ki, o, “Facebook”da bu barədə status yazdıqdan sonra “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan onunla əlaqə saxlayaraq məsələnin araşdırılacağını bildirib. “Allah tərəfi onu da deyim ki, Azər Ayxan mənə yazdı ki, Adıgözəl müəllim, sizdən üzr istəyirik, biz bu məsələni araşdırarıq. Bu da bir mədəniyyətdir. Yəqin ki, onlar bu məsələni araşdıracaqlar. Bilirsiniz, İlham Cəmiloğlu mənim nə qədər məqaləmi və kitablarımdan materialları götürüb öz adına verir” – deyə A.Məmmədov qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …