Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki,bu barədə daimi nümayəndəlikdən məlumat verilib.
Daimi nümayəndəliyin kollektivi və qonaqlar əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Naxçıvanın muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmış, gərgin, ağır, eyni zamanda şərəfli bir yol keçmişdir. Ümummilli Liderimizin Azərbaycana bağlı Naxçıvan və onun tarixi barədə çoxlu sayda qiymətli fikirləri, ölkəmizin tarixinə sistemli baxış və müstəqil dövlətin milli maraqlarına uyğun elmi yanaşma tələb edən müddəaları vardır. Böyük Heydər Əliyev deyirdi: “Naxçıvanın tarixi muxtar respublikanın yaranmasından başlamır. Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox qədim tarixə malik olan Azərbaycanın bir hissəsidir. 3500 illik, bəlkə ondan da çox tarixə malik olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərmişdir və gələcəkdə də göstərəcəkdir”.
Daimi nümayəndəliyin rəhbəri bildirib ki, bu əlamətdar gündə Naxçıvanın və onun muxtariyyətinin böyük hamisi, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini böyük iftixar hissi ilə yad edir, ruhu şad olsun-deyirik. Bu gün xalqımızın böyük oğlunun siyasi xəttinin davamçıları- möhtərəm Prezidentimiz İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixinə və müasir inkişafı ilə bağlı məsələlərə böyük həssaslıq, əsl dövlətçilik münasibəti göstərmiş və göstərməkdədir”.
Naxçıvan ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətçiliyinin və azərbaycançılığın qorunub saxlanmasında özünəməxsus və mühüm rol oynamasından bəhs edən Bəxtiyar Əsgərov deyib ki, əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi Naxçıvanı fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisinin böyük bir hissəsini qoruyub saxlaya bilmiş, müasir dövrümüzədək gətirib çıxarmışdır. Min illər boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu torpaqda X əsrdə “Naxçıvan şahlığı” adlı xüsusi feodallıq yaranmış, Naxçıvan şəhəri XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olmuşdur. 1747-ci ildə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermişdir. Naxçıvanın xarici müdaxilələrdən qorunmasında 1918-ci ildə yaradılmış Araz-Türk Respublikasının da mühüm xidmətləri olmuşdur. Bu dövrdə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Naxçıvan məsələsi 1918-ci ildə Zaqafqaziya Seymində, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində, Türkiyə Parlamentində, 1919-cu ildə isə Paris Sülh Konfransında müzakirə edilmişdir. Təkcə onu göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox müzakirəyə çıxarılmış, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud Ağa Şahtaxtinskinin prinsipial mövqeyi, qardaş Türkiyə dövlətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 8 fevral 2021-ci il tarixdə “Naxçıvanda Qars müqaviləsinin 100 illiyinin keçirilməsi ilə bağlı” imzaladığı Sərəncamda da ətraflı qeyd olunub. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir.
Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi. Ümummilli Liderimizin dediyi kimi, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi”. Qeyd olunanlar onu göstərir ki, ötən dövr ərzində ölkəmizdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, böyük bir inkişaf yolu keçmişdir. Naxçıvanın muxtar respublika statusu bu bölgənin 97 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir. Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində qəbul olunmuş konstitusiyalar da mühüm rol oynamışdır. 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının üç konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra 1998-ci il dekabrın 29-da isə Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyası qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolunun çətinliklərindən bəhs edən Bəxtiyar Əsgərov bildirdi ki, ötən əsrin 90-cı illərində – bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. Bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olmuşdur. Belə ki, 1990-cı il noyabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir.
Muxtariyyət tarixindən, qədim diyarımızın, xüsusilə, son 25 ildən artıq bir dövrdə keçdiyi inkişaf yolundan danışan Bəxtiyar Əsgərov vurğulayıb ki, Naxçıvanın muxtariyyət statusu bu dövrdə erməni işğalı təhlükəsinin aradan qaldırılması, ağır blokada şəraitində adamların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul edilməsinə şərait yaratmış, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi ümummilli lider Heydər Əliyev qonşu İran və Türkiyə respublikaları ilə əlaqələr quraraq bu ölkələrdə səfərlərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalamışdır. Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi – böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimizin Naxçıvanla bağlı tarixi missiyası barədə demişdir: “1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”. Vasif Talıbov 7 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı məktubunda Naxçıvanın muxtariyyət tarixini, keçdiyi mürəkkəb və çətin inkişaf yolunu haqlı olaraq həm də 5 mərhələyə bölürdü: 1924-1969, 1969-1987, 1987-1991, 1991-2003-cü illər, nəhayət, 2003-cü ildən sonrakı illər.
Daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına əsasən muxtar respublikanın 95 illik yubileyləri qeyd olunmuşdur. Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileylərində proqram xarakterli çıxışlar, muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz dirçəliş dövrünü yaşayır. Bu gün qədim diyar Muxtariyyət statusu əldə etməsini və Naxçıvan Muxtar Respublikasının 97-cı ildönümünü böyük nailiyyətlərlə qeyd edir. Prezident İlham Əliyevin dediyi kimi, “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
“Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənclər himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir. Bu mənada ötən il daha əlamətdar olmuş, 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmiş, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-islam əxlaq fəlsəfəsinin qurucu liderləri: Türküstandan Anadoluya İrfan məktəbinin alimləri” mövzusunda beynəlxalq konfransı keçirilmişdir”, – deyən Bəxtiyar Əsgərov onu da əlavə edib ki Naxçıvanın muxtar respublika statusu onun 97 illik tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbə və bu qələbənin nəticəsi Naxçıvan Muxtar Respublikasının önəmini bir daha ortaya çıxarmışdır. Azərbaycanın öz tarixi ərazisi olan Naxçıvanla quru yolunun açılması ilə bağlı əldə edilmiş razılaşma bu diyarın yaxın gələcəkdə dünyanın aparıcı logistika mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası 97 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 25 ildən artıq bir dövrdə hərtərəfli inkişafa tam nail olmuşdur-desək, yanılmarıq. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermişdir. Bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan çiçəklənən diyardır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir. Təbii ki, bu nailiyyətlərin qazanılması Naxçıvanın muxtariyyət statusunu daha da möhkəmləndirir.
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun 44 günlük haqq savaşında qazandığı şərəfli və tarixi qələbədən bəhs edən Bəxtiyar Əsgərov böyük qürur hissi ilə qeyd etdi ki, ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində şanlı Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir. Cəmi 29 illik müstəqillik tarixi olan bir ölkənin ordusunun dünyanın 50 ən güclülərindən biri olması beynəlxalq aləmin diqqətindən yayına bilməzdi. Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlətdir. 30 ilə yaxın davam edən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dünyanın ən reytinqli təşkilatları həll edə bilmədikləri halda, Prezident İlham Əliyev rəşadətli Milli Ordumuzun gücü ilə cəmi 44 gün ərzində icra etdi. Xatırladaq ki, bu il noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanat Ermənistanın kapitulyasiyası, ölkəmizin isə tarixi qələbəsinin nəticəsi idi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış bəyanatda nəzərdə tutulan ən mühüm məsələlərdən biri də artıq qeyd etdiyimiz Azərbaycanla Naxçıvan arasında quru yolunun açılmasıdır. Bu yol Naxçıvan üçün çox mühümdür. Onu ermənilər sovet dövrünün sonlarında – keçən əsrin 80-ci illərinin axırlarında bağlamışdılar. Bununla da Azərbaycanın Naxçıvanla quru əlaqəsi tamamilə kəsilmiş, muxtar respublika blokadaya düşmüşdü. İndi isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə Ermənistan ərazisindən Naxçıvana yol açılır. Bununla bağlı Prezident İlham Əliyev dediklərini xatırlatmaq istəyirəm: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu, əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim, şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi – çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü – faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.
Qeyd olundu ki, son 97 il ərzində Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi, hərbi və s. sahələrdə böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Artan imkanlar sosial-iqtisadi səviyyəyə də öz təsirini göstərmiş, muxtar respublikada elm, təhsil, səhiyyə , mədəniyyət, idman və gənclər siyasəti yeni inkişaf müstəvisinə çıxmışdır. Prezident İlham Əliyevin də dediyi kimi, “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.
Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun tarixi əhəmiyyəti və Heydər Əliyevin bu statusun möhkəmləndirilməsindəki xidmətlərindən, Prezident İlham Əliyevin diqqət və qayğısı Vasif Talıbovun rəhbərliyi ilə bu diyarda əldə olunmuş nailiyyətlərdən danışdı.
Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının inkişaf modelindən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqillik tariximizin ərsəyə gətirdiyi elmi əsərlərdən söhbət açdı.
Sonra çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov Naxçıvanın muxtariyyət tarixində müstəsna xidmətlər göstərmiş tarixi şəxsiyyətlərdən, xüsusilə, ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən Prezident İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müasir muxtar respublikasının hərtərəfli inkişafındakı böyük xidmətlərindən, elm, mədəniyyət, incəsənət adamlarına göstərdiyi diqqət və qayğıdan, yaradılan şəraitdən bəhs etdi.
Yazıçı-jurnalist Röya Bənənyarlı Naxçıvanın muxtariyyət günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik etdi, müasir Naxçıvanın inkişaf modeli haqqında ətraflı çıxış etdi.
Sonda tədbir iştirakçıları daimi nümayəndəlikdə Naxçıvan Muxtar Respublikasının 97-ci ildönümünə həsr olunmuş kitab sərgisi ilə tanış olub.