Bu günlərdə Naxçıvanda insanların ən çox üz tutduqları məkanlardan biri də Şahbuz rayonunda yerləşən Ağbulaq Xizək Mərkəzidir. Ötən iki il ərzində qurulan və fevralın 17-də istifadəyə verilən dağ-xizək mərkəzi bu gün həm yerli, həm də xarici turistlər üçün cazibədar istirahət məkanına çevrilib. Xizəkçilik idman növünə maraq göstərənlər də tərəddüt etmədən Ağbulaq Xizək Mərkəzinə üz tuturlar.
Boyukmillet.com AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb. Kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq var. Bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.
Ərazidə mərkəz üçün ikimərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.
Mərkəzdə muxtar respublika əhalisinin və turistlərin rahat istirahət etməsi üçün hər cür şərait yaradılıb. Bu da muxtar respublikada iqtisadi tərəqqinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür. Əgər bu günə qədər turistlər Naxçıvana daha çox yaz və yay aylarında gəlirdilərsə, artıq qış fəslini də burada keçirmək onlar üçün maraqlı olacaq. Beləliklə, Ağbulaqda kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edəcək, Ağbulaq Xizək Mərkəzi Naxçıvanın turizm brendinə çevriləcək.