Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistan bütün hərbi hissələrini Azərbaycan ərazisindən çıxarmalıdır.

Ermənistan ordusunun Xankəndidə yerləşən birliklərinin Azərbaycanı tərk etməsini göstərən daha bir video yayılıb. Sosial şəbəkələrdə yayılan videoda ermənilərin ağır texnikanı yük maşınları ilə daşıdığı əks olunub. Qeyd edək ki, erməni ordusunun Xankəndidən çıxmasını əks etdirən ilk video iki gün əvvəl yayılıb. Sözügedən videoda hərbi avtomobil karvanı və hərbçilərin Azərbaycan şəhərini Laçın dəhlizi ilə tərk etdiyi əksini tapmışdı.

Ermənilərin bu addımını nə ilə izah etmək olar?

 “Görünür, son tələblərdən sonra Ermənistan həmin razılaşmanı yerinə yetirməli olub”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Xankəndi və Rusiya sülhməramlılarının nəzarətində olan digər ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması həmin sülhməramlıların əraziyə yeridilməsi ilə başlanmalı idi: “Lakin sülhməramlıların əraziyə yeridilməsindən aylar keçməsinə baxmayaraq, hələ də sülhməramlılar bu proseslər barədə nə rəsmi məlumatlar paylaşır, nə də bunu təsdiq edən vizual görüntülər təqdim edir. Bu videodan görünür ki, proseslər, gec də olsa, hansısa formada aparılır. Bu proses imzalanan bəyanatın şərtlərinə uyğundur. Lakin Azərbaycan cəmiyyətini maraqlandıran həm də silahlı birləşmələrin çıxarılmasına aid məlumatların dəqiqləşdirilməsidir. Yəni nə qədər silahlı erməni, hansı sayda texnika nə zaman və hansı istiqamətlərdən çıxarılıb. Ancaq Ermənistan hakimiyyətinə yaxın dairələr məlumatın doğruluğunu təsdiqləyib. Bu baxımdan da, erməni silahlı birləşmələrinin Qarabağ ərazisini tərk etməsi doğru xəbərdir. Bildirilir ki, erməni silahlı dəstələrini daşıyan konvoy Rusiya sülhməramlı qüvvələrinin müşayiətilə Laçın dəhlizinə, oradan da İrəvana yola salınıb. Qeyd edək ki, noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya əsasən, Ermənistan özünün bütün hərbi hissələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Bundan başqa, Qarabağdakı separatçıların silahlı dəstələri də tərksilah edilməlidir. Rəsmi Bakı müharibə bitdikdən sonra dəfələrlə bu məsələni qaldıraraq, İrəvandan razılaşmaya əməl etməsini tələb edib. Görünür, son tələblərdən sonra Ermənistan həmin razılaşmanı yerinə yetirməli olub”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …