Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fransanın bu mövqeyi Ermənistanı uçuruma aparır – Şərh

Fransa ilk dəfə deyil ki, Azərbaycan əleyhinə fikirlər səsləndirir, belə hallar əvvəllər də olub. Bilirik ki, 44 günlük Vətən müharibəsində də Fransa Azərbaycanın qələbəsini həzm edə bilmədi və indiyə qədər də bu mövqeyini açıq və ya gizli şəkildə davam etdirir. Amma Fransa bilməlidir ki, ATƏT-in Minsk qrupu Azərbaycan üçün artıq tarixə qovuşmuş bir məsələdir.

Bu sözləri Publika.az– a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

Ekspert qeyd edib ki, Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına öz gücünə nail olub və ərazi bütövlüyünü bərpa edib, odur ki, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas yoxdur:

“Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında bildirdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti indiyə qədər heç bir nəticə vermədi. Belə demək mümkünsə, Minsk qrupu illərlə Azərbaycanın başının altına yastıq qoydu. Biz sülh danışıqlarına sadiq qaldıq, eyni zamanda, işğala və terrora məruz qalan da biz idik. Nəticədə Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində müəyyən olunmuş sərhədlərini döyüş yolu ilə bərpa etmək məcburiyyətində qaldı və Ermənistanı yerinə otuzdurdu. Odur ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmayıb.

Kapitulyasiyaya imza atmaqla Ermənistan öz məğlubiyyətini çoxdan etiraf edib. Görünür ki, bu, Fransanı hələ də narahat edir. Fransanın bəzi prezidentləri bir çox hallarda ermənipərəst mövqedən çıxış edib. ATƏT-in Minsk qrupu hər hansı bir irəliləyiş etmək gücündə olsaydı, münaqişəni 30 il müddətində həll edərdi. Artıq münaqişə başa çatdıqdan və Azərbaycan qələbə qazandıqdan sonra buna heç bir ehtiyac qalmayıb. Cənab Prezident öz çıxışlarında dəfələrlə bildirib ki, bu istiqamətdə Ermənistanla heç bir danışıqdan söhbət gedə bilməz. Bütün işğaldan azad olunmuş ərazilər Azərbaycanın tərkib hissəsidir və öz ərazi bütövlüyümüzü təmin etmişik. Bütün dünya, bütün beynəlxalq təşkilatlar, o cümlədən Rusiya ilə Fransa da Azərbaycanın bu sərhədlərini tanıyıb. Belə olanda halda ATƏT-in Minsk qrupunun hansı fəaliyyətindən söhbət gedə bilər? Bundan sonra Ermənistan yalnız işğalçılıq və terrorçuluq siyasətinə son qoyarsa, 3+3 formatına qoşula bilər. Təbii ki, bundan sonra regionda kommunikasiyalar açılacaq və yollar bərpa olunacaq. Nəticə etibarı ilə bütünlüklə regiona sülh və barış gələcək. Əgər Ermənistan yenə də öz yolundan dönməzsə, hiyləgərlik edərsə, onları daha böyük fəlakətlər gözləyəcək. Əslində, bu gün Ermənistanın hər hansı addım atmağa gücü qalmayıb, demək olar ki, ordusu darmadağın olunub, bir dövlət kimi də artıq gələcəkdə mövcud olub-olmayacağı sual altındadır.

Avropa Parlamentinin, eləcə də Fransanın ermənipərəst mövqeyi bu günə qədər fayda vermədi, Makron isə rüsvay oldu. Fransanın bu çabaları bundan sonra da heç bir nəticə verməyəcək, Ermənistanı xilas etməyəcək, əksinə, Fransanın bu mövqeyi Ermənistanı daha da uçuruma aparır. Fransa anlamalıdır ki, Azərbaycan müstəqil siyasət yürüdən bir dövlətdir, cənab Prezident İlham Əliyev də Azərbaycanın milli maraqları çərçivəsində istənilən addımı atır. Nə Fransanın, nə də başqa ölkələrin hər hansı mövqeyi Azərbaycanı yolundan çəkindirməyəcək”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …