Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib

“Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına cavab olaraq deyib.

XİN rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb: “Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …