Təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti təlim bölgəsinə yola düşüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimlər mayın 20-dək davam edəcək.
***
Təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Boyukmillet.com Müdafiə Nazirliyinə isttinadla bildirir ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün (mayın 16 – Red) Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.
Müdafiə Nazirliyi bildirir ki, Zakir Həsənovun rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.