Azərbaycanda ötən 7 ayda 140-dan çox insan minaya düşüb, onlar arasında həyatını itirənlər də, ağır yaralanıb əlil olanlar da, sağlamlığı ilə ömürlük vidalaşanlar da var.
Müharibə bitdikdən sonra Ermənistanın ərazilərimizə basdırdığı minalar böyük təhlükə kimi göz qabağındadır. Azərbaycan düşmən ölkənin mina terroruna qarşı mücadilələr verir, mübarizələr aparır. Amma 44 günlük müharibədə məğlub etdiyimiz düşmən xaricdəki havadarlarına arxalanıb minalanmış ərazilərin xəritələrini vermir ki, biz ərazilərimizi tamamilə təmizləyək və daha çox vətəndaşımızın həyatını itirmək təhlükəsini aradan qaldıraq.
Ermənistanın ərazilərimizdə basdırdığı minalar 100-dən çox insanın həyatına qəsd edib, etməkdə də davam edəcəyi qənaətindəyik. Amma dünya birliyi bunu bildiyi halda, Ermənistana təzyiq göstərmək əvəzinə susur, edilən müraciətləri eşitməzdən gəlir.
- “Ermənistanın mina terrorunun qurbanına çevrilənlərin böyük əksəriyyətinin mülki şəxslər olduğu məlumdur”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, bu, böyük rəqəmdir və Ermənistanın mina terrorunun göstəricisidir. “Hələ müharibədən əvvəl də, müharibə dövründə də terrorçu Ermənistanın əsas hədəfinin sivil vətəndaşlarımız olduğunu dəfələrlə qeyd etmişdik. Ermənistanın mina terrorunun əsas hədəfi Azərbaycanın mülkü şəxsləridir. Ermənistan yaxşı bilirdi ki, Azərbaycan xalqı ölüsünə-dirisinə sayğı, hörmət bəsləyən xalqdır və torpaqlar işğaldan azad olunduqdan sonra hər kəs əzizlərinin məzarlarını ziyarət etməyə gedəcək, bu səbəbdən də düşmən daha çox tələfatımız, itkimiz olsun deyə, bu ərazinin hər qarışına mina döşəyib. Ermənistanın mina terrorundan təkcə biz əziyyət çəkmirik, bu, rus sülhməramlılarının həyatı üçün də hər an təhdid yaradır, çünki ermənilərin haralara mina basdırmış olduqlarını onlar da bilmir, bu səbəbdən sülhməramlılar da ziyan çəkiblər.
Ermənistanın mina terrorunun qurbanına çevrilənlərin böyük əksəriyyətinin mülki şəxslər olduğu məlumdur. Bu da bu ölkənin mahiyyətini ortaya qoyur.
Bir neçə gün əvvəl iki jurnalistimiz Ermənistanın mina terrorunun qurbanı oldu. Bu, düşmən ölkənin bizə qarşı terrorunun davamıdır. Minalanmış ərazilərin xəritələrinin indiyə qədər Ermənistan tərəfindən dövlətimizə təqdim olunmaması, 10 noyabr bəyanatının maddələrinə əməl edilməməsi bu ölkənin bizə qarşı törətdiyi cinayətlərin örnəklərindən biridir”.
S.Adıgözəlli hesab edir ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiqlər göstərib minalanmış ərazilərin xəritəsini bizə təqdim etməsələr, mina terrorundan əziyyət çəkən vətəndaşlarımızın sayı daha çox olacaq: “Beynəlxalq təşkilatlar Ermənistana təzyiqlər göstərməli, cinayətlərinə görə sanksiyalar tətbiq etməlidirlər. Təbii ki, Azərbaycan tərəfindən ərazilərimizin minalardan təmizlənməsi sahəsində təxirəsalınmaz işlər görülür, indiyə qədər xeyli ərazi minalardan təmizlənib. Bu proses o qədər mürəkkəb, risqli, təhlükəli bir prosesdir ki, kənardan asan görünməməlidir. Biz bilməliyik ki, Ermənistan ərazilərimizdə minalamadığı yer qoymayıb. Son 7 ayda 140 nəfərin Ermənistanın mina terroruna məruz qalması, ölməsi, yaralanması onu deməyə əsas verir ki, bu terrorun qarşısı beynəlxalq birlik tərəfindən alınmasa, daha çox insan faciəsi ilə üzləşə bilərik. Dünya erməni sevgisini bir yana buraxıb, terrorçu Ermənistanı cəzalandırmalıdır” – deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA