Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcması 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirib

12 iyunda Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan onlayn konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Ankara təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri, yazıcı jurnalist Oktay Hacımusalı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Oktay Hacımusalı bildirib ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir: “Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil.”


Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli qeyd edib ki, o zaman qurtuluşun əsas missiyası müasir Azərbaycan dövlətini xaosdan, parçalanma təhlükəsindən və işğaldan qurtarıb inkişafını təmin etməklə şərtlənirdisə, ötən il 44 günlük müharibə və yenilməz ordumuzun şanlı qələbəsi əsl mahiyyətini göstərdi:

“Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi.”


Milli Məclisin deputatı Cavid Osmanov isə çıxışında qeyd edib ki, müstəqilliyin əvvəllərində Azərbaycan anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşmişdi. Məhz Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoydu: “Respublikamızda önəmli siyasi və iqtisadi islahatların həyata keçirildi, neft strategiyası gerçəkləşdi, cəbhədə atəşkəs əldə olundu, nizami ordu quruculuğu prosesinə başlandı, cəmiyyətin inkişafı üçün fundamental əsaslar yaradıldı.”


Millət vəkilinin sözlərinə görə, Ulu öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir dövrün Azərbaycanının uğurlarının əsasında dayanaraq ölkənin gələcək perspektivlərinin, uğurli inkişafın əsasını qoyub və bu gün də bu proses müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxş edən millət vəkili Cəbi Quliyev bildirib ki, xalqımız tərəfindən 15 İyun – Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilməkdədir. Bu isə onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü sabitliyini, xoş güzəranını və gələcəklə bağlı düşüncələrini Ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində baş verən bütün müsbət dəyişikliklər məhz 15 iyun Milli Qurtuluş günü ilə sıx surətdə bağlıdır.


Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı – yazar Dr.Derya Akdemir bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra faktiki olaraq ölkə böyük bir fəlakətdən xilas olub, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaradılıb. Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq siyasəti həmin dəst-xətt, ahəng, üslub, siyasi cəsarət, gələcəyə nikbin, aydın baxışlar və düzgün hədəflərlə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Daha sonra çıxış edən Azərbaycan Texnologiya Universiteti avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Azər Huseyn, Azərbaycan Texnologiya Universiteti Qida mühəndisliyi fakültəsinin dekanı Mərdan Tağıyev bildirdilər ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq: “O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqli olacaqdı. Ona görə də biz tam məsuliyyətlə Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik.

Bunun biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi, Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür”.
Yekun nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.


Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını söyləyən natiq Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuzun 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …