Bəli, keçmiş SSRİ-nin bütün tarixi demək olar ki, irili-xırdalı müharibələrin tarixi olub. Onlardan, əlbəttə, ən uzunmüddətlisi, məşhuru və təbii ki, ən böyüyü və yadda qalanı Böyük Vətən müharibəsidir.
Zaman baxımından ondan uzaqlaşdıqca o, daha qeyri-müəyyən, hətta sirli olur, ən azı ona görə ki, birincisi, o vaxt bir yerdə olan xalqların və millətlərin sonradan yolu ayrıldı və bu gün də ayrılmaqda davam edir.
Məsələn, keçmiş sosialist ölkələri belə hesab edirdilər (və bu reallıqda da belə idi) ki, onlar faşist işğalından azad olandan sonra yenidən kommunist SSRİ-nin işğalına məruz qaldılar. İkincisi, aydın məsələdir ki, sovet-alman müharibəsində, daha doğrusu, II dünya müharibəsində qələbəyə iddialılar çoxdur və bu da istər-istəməz hadisənin tarixini dolaşdırır və siyasiləşdirir.
Yox, biz o müharibənin bütün detallarının üzərində dayanmayacağıq, onlar hamıya məlumdur və zaman keçdikcə hamı tərəfindən yekdil qəbul olunmaq əvəzinə mübahisəli və qeyri–müəyyən olur. Ona görə də burada iki detalı qeyd etmək istərdik.
II dünya müharibəsi sonuncu qlobal müharibə oldu. Bu, müxtəlif xalqların və dövlətlərin xidməti idi.
Amma hər dəfə bu mövzuya toxunulanda dərhal atom və nüvə bombalarını ixtira edən fiziklər də yada düşür.
Yalnız yenidənqurmadan sonra Sovet İttifaqının məmurları və alimləri etiraf etdilər ki, birinci sovet atom bombası amerikalıların bombalarının eynisi, sanki onun dəqiq surəti idi. Ona görə də bunu təkcə sovet kəşfiyyatçılarının yox, həm də fiziklərin böyük xidməti kimi qəbul etmək lazımdır. Bəli, bu adamlar belə qərara gəldilər ki, bu məsələdə paritet olmasa dünya çox böyük təhlükə qarşısında qalar. Ona görə də sovet dövlətinə nüvə silahının sirlərini ötürəndən sonra onların bir hissəsi həbsə düşdü, digərləri isə etibarsız adamlar kimi uzunmüddətli təqiblərə məruz qaldılar, amma bu insanlar öz missiyalarını yerinə yetirdilər.
Görəndə ki, ilk atom bombasının sirləri SSRİ-yə məlumdur, amerikalılar nüvə silahı üzərində çalışmağa başladılar. Tez bir zamanda Moskva da tədiqaqatlara başladı və tezliklə hidrogen bombası yaradıldı. Məhz bu bomba siysətçiləri, diplomatları və xüsusən də hərbçiləri məyus etdi. Onlar tez başa düşdülər ki, nüvə müharibəsində qalib olmayacaq. Bunun üçün ikicə misalı gətirmək yetər.
II dünya müharibəsindəki bütün partlayıcı maddələrin ümumi gücünü götürüb ona vursaq, bir hidrogen müharibəsinin gücü alınar. Üstəlik, indi belə hesab edilir ki, bütün planeti məhv etmək üçün cəmi dörd hidrogen bombası yetər.
Amma hətta bu da hərbçiləri sakitləşdirmədi. Onlardan ən mühafizəkarları bu gün də belə hesab edirlər ki, prezident Con Kennedi III dünya müharibəsini başlamamaqla qələbəni əldən verdi, çünki o vaxt silahların sayına görə ABŞ SSRİ-dən xeyli qabaqda idi. Amma daha böyük əksəriyyət bu gün də III dünya müharibəsinin qarşısını almış siyasətçilərin xatirəsini əziz tutur və onları şərəflə anırlar.
Daha bir məqam onunla bağlıdır ki, dünya bu gün də II dünya müharibəsinin nəticələrinə uyğun yaşayır. Müharibə bitəndən dərhal sonra BMT yaradıldı və bu prosesdə qalib ölkələrə xüsusi imtiyazlar və səlahiyyətlər verildi. Müharibənin bitməsindən artıq yetmiş beş il keçib, amma BMT-də hər şeyi faktiki olaraq qalib ölkələr həll edirlər.
II dünya müharibəsinin daha bir nəticəsi soyuq müharibə oldu və SSRİ bu müharibəni uduzdu. Əksəriyyət düşünürdü ki, soyuq müharibə bitəndən sonra BMT-nin strukturu və qərar qəbuletmə mexanizmləri təftiş olunacaq. Amma BMT özünün yüz illik yubileyinə yaxınlaşsa da, bir siyasi “atavizm” kimi qalır. Fəqət, bu haqda yalnız akademik politologiyanın təmsilçiləri danışırlar. Düşünürük ki, məhz buna görə qlobal müharibələrə stop verilsə də lokal müharibələr davam edir.
Uzağa getməyək, Suriyanın dağıdılmış şəhərləri sanki müharibədən sonrakı Varşavanı xatırladır.
Biz hələ onu demirik ki, ermənilərin bir vaxt işğal etdkləri Azərbaycan şəhərlərinin bir qismi də artıq “Qafqaz Xirosiması” adını alıb…