Cümə , 22 Noyabr 2024
Drone Cameras

Politoloq: Bundan sonra Paşinyanın taleyi Azərbaycan və Türkiyədən asılıdır

İyunun 20-də Ermənistanda keçirilən parlament seçkilərində 21 partiya, 4 blok iştirak etsə də, əsas mübarizənin sabiq prezident Robert Koçaryanla baş nazir vəzifəsini icra edən Nikol Paşinyan arasında gedəcəyi proqnozlaşdırılırdı. Siyasi şərhçilər tərəfindən isə kimin qalib gələcəyi barədə ziddiyyətli fikirlər səsləndirilirdi. Seçki öncəsi aparılan sosioloji sorğular da ayrı-ayrı ölkələrin təsiri altında reallaşdırıldığından xəbər verirdi. Əksər politoloqlar tərəfindən isə Ermənistanda əhalinin xeyli hissəsinin seçkilərə biganəlik göstərdiyi, heç bir namizədə ümid bəsləmədiyi vurğulanırdı. Bütün bunlarla yanaşı, iki nəfərin – Paşinyan və Koçaryanın təmsil olunduqları qüvvələrin seçki baryerini aşa biləcəyi qeyd edilirdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov deyib.

R. Qonaqov bildirib ki, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Azərbaycanın, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir: “Nikol Paşinyanın yenidən parlament seçkilərində qalib gəlməsi Azərbaycanın dəmir yumruğu sayəsində Ermənistanın məğlubiyyətini qəbul etməsi kimi qiymətləndirilir. Bu dəmir yumruq sayəsində Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq  44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. Bundan sonra Nikol Paşinyan imzaladığı kapitulyasiya aktını xalqın arasında təbliğ etməyə başladı ki, yəni, bu müharibənin heç bir perspektivi yox idi və beləliklə də, Ermənistanın ilk prezidenti Petrosyanın sözləri ilə desək, Ermənistan üçün hər şey bitdi.

Ermənistan tarixində  belə bir ikinci hal olmayıb ki, təlxəklik edib öz xalqını müharibəyə sürükləyən baş nazir yenidən xalq tərəfindən bu vəzifəyə seçilsin. Bunu yalnız Ermənistan edə bilərdi. Demək ki, Ermənistan əhalisi müharibədə uduzduğunu etiraf etdi. Eyni zamanda,  Prezident İlham Əliyev əli Azərbaycan xalqının qanına batmış qatil Sarkisyan və Koçeryanı təkcə hərb meydanında deyil, siyasi meydanda da məhv etdi”. 

Ermənistanın bundan sonrakı ictimai-siyasi vəziyyətini dəyərləndirən politoloq qeyd edib ki, Ermənistan artıq  heç bir zaman Azərbaycanla bağlı ərazi iddialarına düşə bilməz: “Dəmir yumruq göstərdi ki, Azərbaycanla hərb dili ilə danışmaq olmaz. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi və dünyada söz sahibidir. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib, Vətən müharibəsində qalib gəlməklə haqq və ədaləti bərpa edib.

Beləliklə, seçkilərin nəticələri göstərdi ki, bundan sonra Paşinyanın taleyi Azərbaycan və Türkiyədən asılıdır. Çünki Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından  kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Əgər, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü qısa zamanda tanısa və Türkiyəyə qarşı ərazi iddialarına son qoyaraq böyük sülh sazişinə imza atarsa, imzaladığı kapitulyasiyaya aktının şərtlərini yerinə yetirərsə ermən xalqını düşdüyü ağır vəziyyətdən xilas edə bilər. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər. Əks halda Ermənistan kimi, Paşinyanın da durumu fəlakət olacaq”.

Nigar Orucova, “İki sahil”

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …