Samir Adıgözəlli: “…hər kəs layiqli qiymətini alır, sabah da alacaq…”
Məlum olduğu kimi, Prezident İlham Əliyev 76 min 349 hərbi qulluqçunu müxtəlif orden və medallarla təltif edib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Baki-xeber.com xəbər verir ki, dövlət başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər “Füzulinin azad olunmasına görə”, 11831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5867 nəfər “Qubadlının azad olunmasına görə”, 5784 nəfər “Şuşanın azad olunmasına görə”, 3522 nəfər “Ağdamın azad olunmasına görə”, 4225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2643 nəfər “Laçının azad olunmasına görə”, 10647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1743 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Prezidentin digər sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Ümumilikdə, təltif olunanların sayı 76 min 349 nəfərdir.
Vətən müharibəsi sona çatandan qısa müddət sonra Ali Baş Komandan tərəfindən əsgər və zabitlərin təltif edilməsinin ilk mərhələlərində sosial şəbəkələrdə, bəzi KİV-də əsassız olaraq yazılırdı ki, Vətən müharibəsi iştirakçıları yalnız bu mərhələdə təltif ediləcək, daha təltif olmayacaq. Lakin, gördüyümüz kimi, Vətən müharibəsi başa çatdıqdan indiyə qədər bir neçə dəfə müharibə qəhrəmanları orden və medallara layiq görüldülər, heç kəs kənarda qalmadı. Prezidentin hələlik son təltifetməsi də onu göstərir ki, kimlərinsə kənarda qalması ilə bağlı deyilənlər tamamilə yanlışdır və heç kəs diqqətdən kənarda qalmır, heç kəs unudulmur.
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bir qrup insan hər zaman təxribatlarla, ürəkbulandırıcı işlərlə məşğul olsa da, haqq-ədalət qələbə çalır. İlk növbədə, Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün qəhrəman, şanlı ordumuzu ürəkdən təbrik edən ekspertin sözlərinə görə, bəziləri təltifetmə ilə bağlı səbrsiz davranıb, amma bu gün açıq görsənir ki, səbrsiz davranmağa ehtiyac yoxdur: “Prezident göstərdi ki, Vətən müharibəsində ərazilərimizin düşmən işğalından azad olunması uğrunda şücaətlər göstərən heç bir əsgər, gizir, çavuş, zabit undulmur, hamısı öz dəyərini, qiymətini alır. İndiyə qədər minlərlə hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olunub, bundan sonra da olunacaq.
Çoxları başa düşmür, yaxud başa düşmək istəmir ki, hamını eyni zamanda, bir gün içində təltif etmək mümkün deyil. Ağır müharibədən çıxan bir ölkə kimi müharibənin nəticələri təhlil edilir, iştirakçıların siyahıları müəyyənləşdirilir, dəqiqləşdirilir. Yəni təltifetməyə qədər böyük mərhələ keçilir. Müvafiq qurumlar ayrı-ayrı şəxslərlə bağlı müəyyən səhvlər edə bilərlər. Amma Prezident heç zaman səhv etmir. Bu məsələlər lap başdan cənab Prezidentin diqqətində olub. Yəni müharibədə qələbə qazanıldığı gündən bu tərəfə zəfərin qazanılmasında əməyi, zəhməti olan hər kəsin təltif edilməsi, layiqli qiymətini alması, birinin də kənarda qalmaması Ali Baş Komandanın diqqətində olub. Prezident bütün qəhrəmanlarımızı diqqətdə saxlayır və onların heç birinin təltiflərdən kənarda qalmasına yol vermir. Bu gün həm qazilərimiz, həm də şəhid ailələri ölkə başçısının və ölkəmizin Birinci vitse-prezidentinin diqqət və qayğısı ilə əhatə olunublar. Son təltifetmələr də açıq göstərir ki, səbrlə, təmkinlə davranılmalıdır. Heç kəs Ali Baş Komandanın diqqətindən kənarda qalmır, qalmayacaq da. Bu təltiflər yalnız birmərhələli deyil ki, insanlar narahat olsunlar, indiyə qədər görün neçə dəfə bu baş verib. Bu il yenə də təltiflər ola bilər, növbəti illərdə də bu davam edəcək, gələcəkdə də olacaq. Yəni 5-6 ay təltifolunmanı gözləmək o demək deyil ki, kiminsə təltif edilməsi dövlətin diqqətindən kənarda qalıb. Sadəcə, müharibədən çıxmışıq, müharibənin fəsadlarını hələ aradan qaldırmamışıq. Müharibədə 100-200 nəfərdən söhbət getmir ki, onların sayının dəqiqləşdirilməsi niyə bu qədər çətin oldu deyə düşünək, burada söhbət 10 minlərlə insandan gedir”.
S.Adıgözəlli hesab edir ki, ərazilərimizin işğaldan azad olunmasında rolu, əməyi olan insanların hamısı diqqətdədir. “Bu təltiflərin davam etdirilməsi onu göstərir ki, Azərbaycan dövləti öz igid övladlarına hər zaman yüksək dəyər verir. Prezidentin təltif etdiyi hərbi qulluqçularımızın, gələcəkdə təltif edəcəyi şəxslərin hər biri qəhrəmandır. Ona görə də bütün bu məsələlərə həssas yanaşılmalıdır və hansısa söz-söhbətə yol verilməməlidir. Heç kəs undulmur, heç kəs yaddan çıxmır, hər kəs layiqli qiymətini alır, sabah da alacaq. Təltifetmə prosesi davam edəcək və hər kəsi də əhatə edəcək. Bu səbəbdən də heç kəsin narahatlığına ehtiyac yoxdur” – deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA