19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda təşkil olunan 33-cü Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2021 Singapore) Azercell-in dəstəklədiyi Azərbaycan komandasının üzvləri ölkəmizi növbəti dəfə uğurla təmsil edərək 2 bürünc medal qazanıblar.
90 ölkədən 351 şagirdin qatıldığı onlayn formatlı müsabiqədə fərqlənən iştirakçılar sırasında Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov da olub. Onlar müsabiqənin bürünc medalına layiq görülüblər. Olimpiadanın nəticələri yarışmanın Baş Assambleyasında səsvermə ilə rəsmiləşib.
Xatırladaq ki, Əziz Hüseynov ötən il də bu olimpiadada uğurla çıxış edərək bürünc medala layiq görülüb. Beləliklə də, Ə.Hüseynov birdən çox IOI medalı qazanmış ilk həmvətənimiz olub. Səid Nəsibov da bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, uğurlu nəticə göstərib.
Azercell şirkəti informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların inkişafı üçün təşəbbüsləri davamlı olaraq dəstəkləyir. Artıq 2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.