Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar

1990-cı illər Gürcüstanın ictimai-siyasi həyatında çətin dövrlərdən biri olmuşdur. Ağır iqtisadi, siyasi şərait, millətçilik siyasəti ölkə daxilində çaxnaşmaya və nəhayət müharibəyə səbəb oldu. Bu ağır dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar vətəndaşı olduğu dövlətin ərazi bütövlüyünü müdafiə etmək üçün ayağa qalxmışdılar. Məlumdur ki, tarixin ən çətin məqamlarında Gürcüstanın ərazi bütövlüyünün qorunmasında 500-dən artıq azərbaycanlı iştirak etmişdir. Onlardan bir qismi bu yolda şəhid olmuş, bəziləri isə göstərdiyi rəşadətə görə təltif edilmişlər.

AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı Nəsibə Mirzəyeva 
ZiM.Az
-a bildirib ki, 2017-ci ildə Tiflisdə tanınmış gürcü yazıçısı, Tiflisdəki Texniki Universitetinin asistent-professoru David Maisuradzenin 
“Vətən oğulları” kitabı nəşr edilib. 

Kitab Abxaziya və Cənubi Osetiyada separatçılara qarşı vuruşan Gürcüstan azərbaycanlılarına həsr olunub. 
Kitabda 600-a qədər Gürcüstan azərbaycanlısının Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü və onlardardan 13 nəfərinin “Vaxtanq Qorqasalı” Ordeni ilə təltif olduğu vurğulanıb.

Müəllif elə ilk cümlələrini bu ifadələrlə başlayır: 
“Böyük siyasətin hərəkətverici qüvvəsi vətənpərvərlikdir. 
Bu sənin vətəninə, vətəninin torpağına, insanlarına olan sevgidən yaranan bir hissdir”. 

Müəllif Gürcüstanda yaşayan azərbaycanlıları gürcülərin etnik qruplarından biri olmadığına baxmayaraq, yaşadığı torpağın qayğısını çəkən müdafiəçilər adlandırır: 
“Bəli, onlar gürcülərin etnik qruplarından biri deyillər. Amma… dəyərli vətənpərvərlərdir, yaşadığı torpağı, suyu, vətəninin yoluxduğu xəstəliyi müalicə etməyə çalışan insanlardır”. 

Yazıçı 90-cı illərdə Gürcüstanın düşdüyü ağır vəziyyətindən dərin kədərlə bəhs edərək, hədsiz dərəcədə özbaşnalığın olmasını dəfələrlə vurğulayır və bildirir ki, məhz Gürcüstanı bu çətin dövrlərdə burada yaşayan azərbaycanlılar da qorudu. Bu məqamda müəllif maraqlı bir ifadə işlədir: 
“Tarix insanları, siyasi şəraiti qiymətləndirməyə imkan verən ən yaxşı vasitədir”. 

Əsərində sanki bütün gürcüləri, həmin dövrdə yaşamasına baxmayaraq, vətəninin qayğısını çəkməyənləri məzəmmət edir: “Düşmənçilik hissi heç bir zaman sizin qəlbinizi tərk etmədi və siz qardaşlarınızı, dostlarınızı, qohumlarınızı qurban verdiniz! Lakin təəssüflər olsun ki, onlar hələ də bunun fərqinə varmırlar”.

Abxaziya və Cənubi Osetiyada baş verən hadisələri bir sınaq kimi qiymətləndirən müəllif bir nəticə olaraq fikirlərini bu cür ifadə edir: “bu müharibə göstərdi ki, həqiqətən də kimlər bu torpaqlarda gürcülərlə bərabər yaşamağa layiqdirlər”. 

Azərbaycanlıların Gürcüstanın ərazi bütövlüyü uğrunda öz həyatlarını qurban vermələrinə baxmayaraq, onların haqqında Gürcüstan tarixində bir kəlmə də olsun yazılmadığını müəllif təəssüf hissi ilə vurğulayır. Azərbaycanlıların bəhs olunan dövrdə vətənləri uğrunda vuruşmalarını bu cür ifadə edir: 
“Gürcüstanı bir vətən kimi qorumağı öhdələrinə onlar da götürdülər… bəli… bəli… qeyri-kartvel və qeyri-provoslav olan Gürcüstan azərbaycanlıları”. 

Kitabda Gürcüstan uğrunda vuruşan döyüşçülər, gənclər hörmətlə yad olunur, Ənvər Hümbətov, Qəhrəman Musayev, Zaur Abdullayev, Mustafa Novruzov kimi müharibədə döyüşənlər haqqında qısaca məlumat verilir. 

Müəllif hətta bu qəhrəmanların şərəfinə Rustavidə, Borçalıda küçələrə onların adlarının verilməsini, abidələrin qoyulmasıni təklif edir.

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılarƏnvər Hümbətov

1950-ci il yanvarın 1-də Marneuli rayonunun Algeti kəndində anadan olmuşdur. Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçmüşdür. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi Metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Politexnik İnistitutunun Rustavı filialındakı metallurgiya fakültəsində təhsilini davam etdirmişdir. 
Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir. 
Gəncliyində idmanla məşğul olan Ənvər Hümbətov tez-tez şəhərdə təşkil olunan velosiped yarışlarına qatılaraq mükafat da qazanmışdır. 
Təhsilini başa vurduqdan sonra Sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür. 
Fatma Xasiyeva ilə ailə həyatı qurmuş, Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir.

Daha sonra Ənvər Hümbətovun çalışdığı zavodda vəzifəsi yüksəlmiş, mühəndis kimi işinə davam etmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırmışdır. 1992-ci il avqustun 14-də Abxaziyada İnquri çayı üzərində dəmiryolu körpüsü partladılmışdır. Bu hadisə Gürcüstanda yeni müharibənin başlamasına işarə idi. 1992-ci ilin sonlarında isə Abxaz separatçılarının daha da fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavı şəhərinin hərbi komissarlığına müraciət edərək, könüllü olaraq hərbi xidmətə yollanmışdır. Müharibə zamanı o, döyüşlərin ən qızğın olduğu bölgələrdə – Oçamçiri, Tkvarçeli, Labra və Şroma kimi qaynar nöqtələrdə döyüşmüşdür.

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılarGürcüstanın Abxaziya Muxtar Respublikası uğrunda qəhrəmancasına vuruşan Ə.Hümbətov 1993-cü il iyun ayının 4-də hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşmüş, mühasirədə qalan dəstəni özünü fəda edərək xilas etmişdir. 
Təxmini hesablamalara görə, Ənvər Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfər ölümdən xilas olmuşdur.

Ənvər Hümbətov snayper gülləsinə tuş gələrək şəhid olarkən vəfat edərkən 43 yaşında idi, ailəsinin və özünün vəsiyyəti əsasında doğulduğu Alget kəndində dəfn edilmişdir.

Ənvər Hümbətov 1994-cü il, 30 dekabrda, Gürcüstan prezidentinin fərmanına əsasən “Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə” “Vaxtanq Qorqasali” ordeni ilə ölümündən sonra təltif olunmuşdur. 
Qeyd edək ki, Vaxtanq Qorqasalı ordeni Gürcüstanda hərbi şücaətə görə verilən ən yüksək ordendir.

Gürcüstanın paytaxtı Tiflisin mərkəzi meydanlarından olan “Qəhrəmanlar Meydanı”nda Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış olan memorial abidədə Ənvər Oruc oğlu Hümbətovun da adı yazılmışdır.

Yazəçı-alim, professor David Maysuradzenin gürcü dilində yazdığı və Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən “Vətən oğulları” kitabında Ənvər Hümbətovdan xüsusi bəhs etmişdir. 

Qəhrəman Musayev

Abxaziya müharibəsi başlayan zaman müəllim İsfəndiyar Musayevin ailəsində böyüyüb boya-başa çatmış Qəhrəman Musayev də həmin bölgədə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşmuşdur. Q.Musayev Tbilisidə Mirzə Fətəli Axundov adına 73 nömrəli orta məktəbi bitirmişdir. Daha sonra təhsilini 65 nömrəli texniki peşə məktəbində davam etdirmişdir. 1972-1976-cı illərdə Bakıda Universitetin fizika fakültəsində ali təhsilinə davam edən Q.Musayev 1984-1989-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ali Tədris Mərkəzinin Tbilisi filialında hüquqşünas vəzifəsində çalışıb və daxili işlər orqanlarında mayor rütbəsinə qədər yüksəlmişdir. 1992-ci ilədək Tbilisi Şəhər Təhsil idarəsində, 1992-ci ildən 2005-ci ilədək Tbilisi Şəhər Polis İdarəsinin İsani-Samqor rayon idarəsində müfəttiş kimi çalışmışdır. 1991-1993-cü illərdə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri uğrunda gedən müharibələrdə vuruşub. Müharibədə göstərdiyi qəhrəmanlığına görə medalla təltif edilmişdir. Qəhrəman Musayev hazırda müharibə veteranıdır. O, müharibə dövrünü bu cür xatırlayır: “Oçamçire-Tkvarçelinin Labra kəndi ətrafında gedən ölüm-dirim savaşında bizim mövqelərimiz SU-24 təyyarələri ilə tez-tez bombardıman edilirdi. Tez-tez minalara rast gəlirdik. Heç kəs sağ qalacağına ümid etmirdi. Bir daha qeyd etmək istəyirəm ki, bu müharibədə gürcülərlə bərabər Gürcüstan azərbaycanlıları da fədakarlıqla vuruşurdular. 
Dözülməz şəraitə baxmayaraq, o çətin anlarda heç kəs cəbhədən qaçmadı”. 

Zaur Abdullayev

Zaur Abdullayev 1974-cü ildə fevralın 13-də Bolnisidə anadan olub. İlk təhsilini də məhz burada almışdır. 1991-ci ildə Gürcüstanda baş verən hadisələrə görə, Z.Abdullayevin ailəsi Bakıya köçməli olur. Bakıda universitetə daxil olan Zaur burada ali təhsilini almağa başlayır. Bir il sonra yəni, 1992-ci ilin avqustunda Zaurun ailəsi yayda istirahət etmək üçün doğma Bolnisiyə qayıdır. Bu zaman separatçılara qarşı müharibə başlayırdı. Gürcüstan vətəndaşları hərbi xidmətə çağırılır. Zaur Abdullayev öz dostları ilə bərabər könüllü olaraq hərbi xidmətə yazılır. O, 1992-ci ildə Qaqra ətrafında gedən döyüşlərdə şəhid olur. 

Mustafa Novruzov

Abxaziya və Cənubi Osetiya uğrunda döyüşən Gürcüstan azərbaycanlılarından biri də Mustafa Novruzovdur. O, 1971-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi şəhərinin 62 nömrəli məktəbini bitirmişdir.Sonradan təhsilini 13 nömrəli texniki peşə məktəbində davam etdirir. Gürcüstan Politexnik İnstitutuna qəbul olmağa hazırlaşan Mustafa Novruzov 1992-ci ildə məcburi hərbi xidmətə çağırılır. Müharibənin ağır çətinliklərinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya uğrunda gedən müharibədə gürcü silahdaşları ilə bərabər vuruşur. Hazırda Mustafa Novruzov müharibə veteranıdır. 

Tarix bir sınaqdır. Çətin anlarda kimin dost, kimin düşmən olduğunu açıq-aydın ortaya qoyan bir səhnədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan və hətta canlarından belə keçməyə hazır olan, gürcülərlə çiyin-çiyinə yaşadığı torpaqlara dayaq olan azərbaycanlılarla ermənilərin “Baqramyan batalyonu”nu müqayisə etsək, yəqin ki, doğru nəticəyə gəlmək elə də çətin olmayacaq. Unudulan azərbaycanlı qəhrəmanları yada salmaq hər iki cəmiyyətin həyatına öz müsbət təsirini vermiş olacaqdır. Sevindirici haldır ki, uzun müddət keçməsinə baxmayaraq, tarixin bu qaranlıq qalmış səhifələrinə işıq salan gürcü tarixçiləri var. (Müşfiq BORÇALI, ZiM.Az)

Boyukmillet.com

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir