İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti arasında danışıqlar qısa müddətdə başa çatacaq.
Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Xatırladaq ki, ötən il dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan MR-ə təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi iki ölkənin nazirləri – Pərviz Şahbazov və Fatih Dönməz imzalayıb.
Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır, iki ölkənin şirkətlərinin təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana – Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri illik 500 milyon, gündəlikisə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.