Yevlax şəhər Şəhidlər xiyabanında Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Soltan Məmmədovun doğum günü münasibətilə tədbir keçirilib.
Boyukmilet.com xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, rayon məktəbinin şagird və müəllim kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə mərhumun həyatı və qəhrəmanlığı barədə məlumat verilib.
Qeyd edək ki, Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində əvvəlcə Tağım Komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.
2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə “mayor” rütbəsi alıb. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində Tabor Komandiri vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Soltan Məmmədov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub, Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.