Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də strateji tərəfdaş ölkələrdir. İki qonşu ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın çağırışlarına uyğun olaraq yeni müstəviyə qədəm qoyur. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir.
Deputat bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır, Azərbaycanla Rusiyanın sıx əməkdaşlıq etmədiyi elə bir sahə yoxdur. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı Vladimir Putinlə görüşündə də əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür.
Deputatın sözlərinə görə, qarşılıqlı səfərlər münasibətlərin daha da gücləndirilməsində, həmçinin əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq büruzə verir.
Fatma Yıldırım qeyd edib ki, dövlət başçılarının görüşündə də vurğulandığı kimi, bu günümüzün əsas məsələsi regionda münaqişədən sonrakı vəziyyətdir. O deyib: “Moskva görüşündə bir daha bəyan edildi ki, Azərbaycan münaqişədən sonrakı dövrü gərginlik olmadan, maksimum sakit şəraitdə keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin – Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi yolverilməzdir. 10 noyabr tarixli razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də mövcuddur”.
Deputat bildirib ki, həmin qüvvələr regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər. Onlar 30 ilə yaxın dövrdə Ermənistana dəstək göstərib danışıqlar prosesinin uzanmasına səbəb olsalar da, sonunda hansı nəticə ilə üz-üzə qaldıqlarını anlayırlar. Ermənistan və ona havadarlıq edənlər Azərbaycanın bütün dünyanı heyran edən “Dəmir yumruq” əməliyyatını yaddan çıxarmamalıdırlar”.