Bir neçə ildən sonra dünyada neftin dəyəri qalmayacaq.
“Hesab edirəm ki, yaxın bir il ərzində dollar bahalaşması gözlənilmir. Ona görə ki, neftin qiyməti sabitləşib. Azərbaycanda da dolların bahalaşması, əsasən, neftə bağlıdır”.
Bunu İnterpress.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib: “Böyük ehtimalla, dolların bahalaşması 2018-ci il ərzində baş verməyəcək. Amma hamı başa düşməlidir ki, neft erası bitib artıq. Bunu dövlət başçımız da dəfələrlə deyib”.
Ə.Həsənovun sözlərinə görə, yaxın bir neçə il ərzində neftin dünyada indiki kimi dəyəri qalmayacaq: “Bununla yanaşı, Azərbaycanda neft hasilatı da azalan xətt üzrə gedir. Buna görə də, biz uzunmüddətli olaraq, milli valyutamızın gələcəyini neftə bağlaya bilmərik. Bu səbəbdən, Azərbaycan iqtisadiyyatında islahatların aparılmasını və digər iqtisadi fəaliyyət sahələrinin inkişaf etdirilməsini məqsədəuyğun sayıram. Çünki, əks təqdirdə, milli valyutamızda ucuzlaşma müşahidə oluna bilər”.
“Manatın sabitliyini qorumaq üçün iqtisadiyyatı gücləndirmək lazımdır. Qeyri-neft sektorunu inkişaf etdirmək və sahibkarları müdafiə etmək zəruridir” – deyə, ekspert Əkrəm Həsənov qeyd edib.
(Səid Qərib, İnterpress.az)