Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Böyük ehtimalla, Ermənistandan Qarabağa silah-sursat göndərirlər, sülhməramlı kontingent də buna şərait yaradır, göz yumur”

Qarabağda olan Rusiya sülhməramlı kontingenti bir həftə ərzində Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa və əks istiqamətə 2 min avtomobilin təhlükəsiz gediş-gəlişini müşahidə edib. Bu barədə Rusiya sülhməramlılarının bəyanatında bildirilib.

Maraqlıdır ki, Laçın dəhlizindən bir həftə ərzində 2 min avtomobil hara və hansı niyyətlə keçib, bu gəliş-gedişin məqsədi nə olub?

  • “Təbii ki, bu 2 min avtomobil hümanitar yardım  məqsədilə ora gəlməyib…”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2 min avtomobilin Qarabağa getməsində olduqca şübhəli məqamlar var. S.Adıgözəllinin sözlərinə görə, Ermənistanın sərhəd təxribatlarının artdığı bir dövrdə Laçın dəhlizindən 2 min avtomobilin gediş-gəlişinin müşahidə edilməsi təsadüfi deyil. “2 min böyük rəqəmdir və bir həftə ərzində bu qədər avtomobilin Ermənistandan Qarabağa, Qarabağdan da Ermənistana adlayıb getməsi adi hadisə deyil. Burada kifayət qədər müəmmalar, üzə çıxarılmayan məsələlər var. Rusiya sülhməramlıları Laçın dəhlizi vasitəsilə son bir həftə ərzində keçib gedən avtomobillərin sayını açıqlayır, amma bu avtomobillərin içindəkiləri açıqlamır. Niyə? Onu da açıqlasınlar. Ermənistanın son təxribatlarından, atəşkəsi pozmasından sonra belə bir vəziyyət hiss edilir ki, xoşagəlməz, müəmmalı hadisələr cərəyan edir. Xüsusən də Xankəndi ətrafında. Sülhməramlı kontingentin bəyanatında yer alan bu məlumat da müəyyən şübhələrə yol açır. Mümkün deyil ki, Rusiya sülhməramlıları 2 min avtomobilin içində nə daşındığından, bu səfərlərin mahiyyətindən xəbərdar olmasın, onlar bu maşın karvanının içində nə olduğunu, nə daşındığını, hansı məqsədlə daşındığını çox yaxşı bilirlər. Sadəcə olaraq, hesab edirəm ki, Azərbaycan bu məsələləri çox ciddi şəkildə diqqətdə saxlamalıdır”.

S.Adıgözəllinin fikrincə, son aylarda baş verən təxribatlarla bağlı sülhməramlıların üzərinə düşən məsuliyyət Azərbaycan tərəfindən onlara çatdırılmalıdır və bu, xəbərdarlıq şəkilində olmalıdır. Bizim hər şeyə hazır olmalı olduğumuzu deyən S.Adıgözəllinin sözlərlərinə görə, son proseslər də göstərir ki, Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa intensivləşən bu kimi səfərlər ziyanlı məqsədlərə xidmət edir: “Heç şübhəsiz, Ermənistanın daxilindəki məlum qüvvələr təxribatlardan əl çəkməyib. Böyük ehtimalla, Ermənistandan Qarabağa silah-sursat göndərirlər, sülhməramlı kontingent də buna şərait yaradır, göz yumur. Hesab edirəm ki, ermənilər Qarabağ bölgəsində təxribata əl ata bilərlər. Təbii ki, istənilən təxribata Azərbaycan ordusu lazımı cavabı verəcək. Bütün müşahidələr onu göstərir ki, Laçın dəhlizi vasitəsilə 2 min maşının Ermənistandan Qarabağa keçməsi ortaya böyük şübhəli məqamlar çıxarır. Təbii ki, bu 2 min avtomobil hümanitar yardım  məqsədilə ora gəlməyib, başqa məqsədlər üçün gəlib, burada xoş nəsə axtarmaq olmaz. Biz bütün bunları Rus sülhməramlılarından soruşmalıyıq”.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …