“Müstəqilliyimizin əldə edilməsi xalqımızın əhval-ruhiyyəsinə çox müsbət təsir etdi. Biz illərdir ki, müstəqilliyə möhtac idik”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev 1991-ci ildə müstəqillik elan olunan günün səhəri yaşananlara münasibət bildirərkən deyib.
Yaşar Əliyev həmin günləri çox yaxşı xatırladığını da dilə gətirib.
“Hər birimiz azadlığa çıxacağımız günü səbirsizliklə gözləyirdik. O zaman millət fədailəri bunun üçün çalışırdı. İndi isə düz 25 ildir ki, dövlət, xalq olaraq müstəqilik. Həmin vaxt mərhum Heydər Əliyevlə müstəqilliklə bağlı söhbətlərimiz olurdu. Hər birimiz buna sevinirdik. Xalqın gözündə sevinc var idi”.
Yaşar Əliyev Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. Keçmiş Semaşko (indiki Musa Nağıyev – red.) adına xəstəxanada uzun müddət baş həkim işləyib.
Sonralar Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev iki çağırış deputat olub. O, Azərbaycan-İran iqtisadi komissiyasında sədr, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Daha sonra 10 il Azərbaycanın Çindəki səfiri postunda çalışıb.
2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasınıdakı səfiri vəzifəsindən geri çağırılıb. Hazırda Prezident təqaüdçüsüdür.
Yaşar Əliyevin YAP-ın yaradılmasında böyük xidməti olub.
O, yeganə deputat olub ki, parlamentdəki mandatını mərhum Heydər Əliyevə təklif edib.
(Namidə BİNGÖL, Modern.az)