Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Makron İlham Əliyevə niyə zəng vurmuşdu… – Aydın Quliyev yazır…

“Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev avqustun 5-də Fransa prezidenti Emmanuil Makronun Azərbaycan prezidentinə zəngi və iki ölkə başçısı arasında regional məsələlərin müzakirə olunması ilə bağlı xəbəri özünün Facebook sosial hesabında şərh edib. Politoloq yazır:

– Hadisənin bir neçə məqamı diqqət çəkir. Bundan əvvəl Fransa prezidenti Paşinyanla danışmışdı. Bilirik ki, hazırda regionumuz üçün Fransanın maraqları əsas hansı məsələlərə yönəlib. Elə bunlar dəqiq məlum olduğu üçün Makronun hansı ümidlə və hansı niyyətlə Azərbaycan Prezidentinə zəng etməsi çox düşündürücüdür.

Həm Azərbaycan, həm də Fransa tərəfinin yaydığı rəsmi məlumatdan aydın olur ki, diqqətlər əsasən bu məsələlərə yönəlib – 10 noyabr sənədinin maddələrinin icrası, müharibədən sonrakı regional məsələlər, Azərbaycan-Ermənistan sərhədində vəziyyət və regionda təhlükəsizlik. Bütün əsas məsələlərdə Fransanın və Azərbaycanın mövqeləri diaqonal boyu ziddiyyətlidir. Azərbaycan Prezidenti hesab edir ki, münaqişə həll edilib, Makron isə açıq deyir ki, hələ həll edilməyib. Azərbaycan deyir ki, status olmayacaq, Makron iddia edir ki, hələ status dialoqu aparılmalıdır. Azərbaycan hesab edir ki, Qarabağ mövzusunda Azərbaycan-Ermənistan dialoquna əsas qalmayıb, Makron yenə tam əksini deyir. Azərbaycan hərbçiləri özümüzə aid sərhəd xəttində mövqe tutub, Makronun iddiasına görə isə, Azərbaycan Ermənistanın torpaqlarına girib və çıxmalıdır. Azərbaycanın fikrincə, Qarabağ münaqişəsi kontekstində Minsk Qrupu həmsədrləri formatı artıq nəyəsə yaramır, Makron isə həmsədrlər üçlüyünün ideyası altında substantiv danışıqların bərpasından danışır. Göründüyü kimi, mövqelər tam bir-birinin əksinədir. Üstəlik, Makron o ölkənin prezidentidir ki, Azərbaycana qarşı açıq düşmənçiliyini gizlətmir. Qondarma separatçı qurumu tanıyır, uydurma genosidi tanıyır, separatçı Qarabağ şəhərləri ilə qardaşlaşmağa rəvac verirdi, Vətən müharibəsi günlərində BMT TŞ- də Azərbaycana sanksiya tətbiqinə çalışırdı. Bütün bunlar elə prinsipiallıq kəsb edir ki, Prezident Əliyevin istənilən opponentlə danışıqda onlardan zərrə qədər geri duracağını və ya kompromisə gedəcəyini təsəvvür etmək mümkünsüzdür. Makron, hər halda, Azərbaycan Prezidentini tanımamış olmaz və bilməmiş deyil ki, onun daşıdığı mövqe ətrafında Prezident İlham Əliyevlə hər hansı konsensus mümkünsüzdür. İki prezidentin müzakirə etdikləri deyilən məsələlər barədə İlham Əliyevin Makronu inkaredici tutarlı arqumentlər qarşısında qoyduğuna şübhə edilmir. Belədə, Makron hansı əsasla konsensusa gəlinə biləcəyi ümidilə İlham Əliyevə zəng edib? Niyə?

Axı o, yol verdiyi düşmənçilikləri, qərəzləri özü yaxşı bilir və şübhə etmir ki, İlham Əliyev belə mövqelərə heç sona qədər qulaq asmaya və diplomatik jestlə qarşı tərəfin “ağzından vura bilər “. Demək, Makronun əsas hədəfi heç də bəlli məsələlərlə bağlı Azərbaycan Prezidentinin fikirlərinə təsir göstərmək olmayıb.

Makron Fransada yaxınlaşan və özünün taleyinə dəxli olan prezident seçkisinə daha çox fokuslanıb. O yaxşı bilir ki, Fransada prezident seçkilərinin taleyi tək erməni diasporunun əlində deyil və Fransada Azərbaycanı da dəstəkləyən ictimai-siyasi qüvvələr var. Makron Azərbaycan Prezidentinə yaxınlaşmaqla bu qüvvələrin rəyini yumşaltmaq istəyir. Makron ehtiyatlanır ki, xüsusilə son üç ildə yol verdiyi antiazərbaycan isteriyalarına cavab olaraq, İlham Əliyev Fransanın Azərbaycandakı maraqlarına qarşı hansısa iqtisadi, siyasi qərarı verə bilər. Razılaşaq ki, bu baş versə, seçki ərafəsində Makronun daxili siyasi reytinqinə ölüm zərbəsi effekti verə bilər.

Politoloq sonda bildirir ki, beləliklə, Makronun Əliyevə zəngi erməni mənafeyinə və Fransanın dövlət maraqlarına yox, onun öz hakimiyyət marağına uyğun siyasi taktikaya daha çox oxşayır:

– Ancaq Makronun taktiki və strateji planda bizim Prezidenti üstələyə biləcəyinə heç bir ehtimal belə yoxdur…

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …