“Amerika-Azərbaycan münasibətləri üç sütun üzərində dayanıb. Buna təhlükəsizlik, iqtisadi və enerji, insan haqları, qanunun aliliyinə dəstək sahələri aiddir. Amerika Azərbaycanla, o cümlədən də Naxçıvanla bütün sadaladığım istiqamətlərin hamısında əməkdaşlığını genişləndirməyə niyyətlidir”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Naxçıvana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
“Misal üçün biz Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə narkotik qaçaqmalçılığına və digər qaçaqmalçılıqla mübarizə istiqamətində köməklik göstərə bilərik. Eyni zamanda Amerika şirkətləri üçün hər iki ölkəyə faydalı ola biləcək əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdə maraqlıyıq. Ən vacibi isə biz Naxçıvandan daha çox tələbənin Amerika Birləşmiş Ştatları tərəfindən maliyyələşən Dövlət proqramlarında iştirak etməyini arzulayırıq. Və mən çox əminəm ki, bu səfərimdə bütün bu işlər üçün zəmin yarada bilmişik”.