“Qarabağ münaqişəsinin həlli məsələsində heç bir ölkə İran kimi müsbət rol oynaya bilməz, lakin hazırda Tehranın vasitəçiliyi gündəmdə deyil”.
Bunu APA-nın İran bürosuna açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
O bildirib ki, İran SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik sahəsində önəmli və əsaslı rol oynayıb. “Qarabağda ilk ciddi atəşkəsin bərqərar olmasını təmin etdik. Bu böyük uğur idi, lakin bəzi səbəblərdən və bəzi ölkələrin təxribatı nəticəsində bu atəşkəs davamlı olmadı”.
B. Qasımi deyib ki, İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri zamanı vasitəçilik məsələsi deyil, ikitərəfli əlaqələr müzakirə olunacaq: “Məndə olan məlumata görə, bu gün vasitəçilik məsələsi gündəmdə deyil. Ümid edirəm ki, regionun təhlükəsizliyi üçün təhdid ola biləcək bu problem tezliklə ədalətli formada öz həllini tapacaq”.