“Görünən odur ki, Ermənistanı Azərbaycanla növbəti müharibəyə təhrik edən qüvvələr var və o qüvvələr də ona ilk növbədə təxrubatlar törətmək barədə təlimatlar verir”
Ermənilər bir günün içində Azərbaycana qarşı iki təxribat həyata keçirib. Belə ki, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.
Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar.
Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək.
İkinci təxribatı isə Naxçıvanın Sədərək rayonu istiqamətində həyata keçirublər. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər.
Ermənistanın Azərbaycana qarşı belə təxribatları get-gedə böyüyür, amma bunun qarşısını alan yoxdur. Sanki Ermənistan bununla yenidən təhrikedici davranışlar sərgiləyir ki, dəmir yumruğu işə salın. Hər iki təxribatdan açıq görsənir ki, Ermənistan müharibə istəyir. Ermənistanın təhrikedici təxribatlarının arxasında nə dayanır, bu ölkə nəyə arxayın olub belə addımlar atır?
- “Ermənistan havadarlarına arxayın olub öz faşist, işğalçı mahiyyətindən əl çəkmək istəmədiyini ortaya qoymaq istəyir”
İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli qeyd edir ki, Ermənistan həmişə öz havadarlarına arxalanıb, bu gün də onların kölgəsində gizlənib bizə qarşı təxribatlar həyata keçirir. “Bir neçə aydır ki, Ermənistanın Azərbaycana qarşı təxribatları davam etməkdədir. Hər gün bir neçə istiqamətdə təxribatçı hərəkətlərini davam etdirirlər. Bu təxrubatlar, xüsusən də son bir aydır ki, sərhəd boyunca Kəlbəcərdən Sədərəyə qədər davam etməkdədir. Sözsüz ki, Ermənistanın ardıcıl olaraq Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan ərazilərinin mütəmadi olaraq atəşə tutulması, hərbçilərimizə qarşı namərdcəsinə hücum, eləcə də yanğın törətmə təxribatları Ermənistanın revanşist davranışlarının növbəti örnəyidir. Son həftələr Rusiyanın açıq-aşkar Ermənistanı silahlandırdığını açıqlaması, ABŞ-ın Ermənistandakı səfirinin sərsəm bəyanatları, Ermənistana dəstək verməsi Paşinyan hökmətinin müharibə istəyinə düşdüyündən xəbər verir. Ermənistanı bu təxribatları törətməyə sövq edən qüvvələrin olduğu aşkardır. Görünən odur ki, Ermənistanı Azərbaycanla növbəti müharibəyə təhrik edən qüvvələr var və o qüvvələr də ona ilk növbədə təxrubatlar törətmək barədə təlimatlar verir. Ermənistanın bütün təxribatçı davranışları onu göstərir ki, bu ölkə hələ də məğlubiyyətindən nəticə çıxara bilməyib. Ermənistan havadarlarına arxayın olub öz faşist, işğalçı mahiyyətindən əl çəkmək istəmədiyini ortaya qoymaq istəyir. Təbii, Azərbaycan Ermənistanın törətdiyi təxribatlara hələ ki, təmkinlə yanaşır, amma bu səbr və təmkin də əbədi ola bilməz, bir gün səbr kasamız yenidən daşacaq və bu dəfə Ermənistanı tamamilə məhv edəcəyik”.
Ekspert bildirdi ki, 30 il səbr göstərib sonda torpaqlarının azadlığına qovuşan Azərbaycanın səbri elə də çox deyil və növbəti dəfə dəmir yumruq işə düşə bilər: “Əgər təxribatlar davam edərsə, Azərbaycan yenidən dəmir yumruğu işə salacaq. Ermənistan rəhbərliyi dəmir yumruğun dadını çox gözəl bilir. Bu gün Ermənistan da, onu bu təxribata sövq edənlər də bilsinlər ki, dəmir yumruqdan ən çox zərbə alan onlar və Ermənistan olacaq”.
S.Adıgözəlli deyir ki, Ermənistan havadarlarına çox da arxayın olmasın və üçtərəfli bəyanatın bütün bəndlərinə əməl etsin, yoxsa sonra gec olacaq.
İradə SARIYEVA