Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: İran 44 günlük müharibədəki qələbəmizi həzm edə bilmir

Samir Adıgözəlli: “Elə bil ki, öz ölkəsinə görə narahat olur”

İran Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazilərindən keçən hissəsinin hərbçilərimiz tərəfindən bağlanmasından narahat olub. İranın Ermənistandakı səfirliyi sözügedən hadisə ilə bağlı narahatlıq keçirdiklərini bəyan edib.

Səfirliyin yaydığı açıqlamada bildirilir ki, İran tərəfi tezliklə sərhəddə yaranmış problemlərin həllinə və üçtərəfli razılaşmaya uyğun olaraq, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atılacağına ümid edir. Həmçinin, səfirlik Gorus-Qafan yolunun bağlanması səbəbindən İranın Ermənistanla əlaqələrində bir neçə gün problem yarandığını bildirir:

“İki gün ərzində şahidi olduq ki, son hadisələr səbəbindən təkcə erməni əhalisinin normal həyatı üçün deyil, İran yüklərinin Ermənistana daşınması məsələsində də problem yaranıb…

Ümid edirik ki, Ermənistanla Azərbaycan arasındakı demarkasiya və delimitasiya işlərilə bağlı fikir ayrılığı sülh atmosferində, hər hansı gərginlik olmadan və rabitə kəsilmədən həll olunacaq”.

İran səfirliyi, həmçinin, Ermənistanı tezliklə Gorus-Qafan yoluna alternativ yollar inşa etməyə çağırıb: “Biz ümid edirik ki, Gorus-Qafan marşrutu ilə bağlı mübahisələrin həlli yönündə aparılan danışıqlara paralel olaraq, həm Ermənistan vətəndaşlarına, həm də Ermənistanla ticarət əlaqələrimizin normallaşmasına şərait yaradılması üçün alternativ marşrutların yaxşılaşdırılması və inkişafı işləri sürətləndiriləcək”.

Qeyd edək ki, sözügedən yolla bağlı yaranmış vəziyyətdən İranın Ermənistandan daha çox narahatlıq keçirdiyi nəzərə çarpır. Hətta İran Ermənistana dost məsləhəti verməyi də unutmayıb. İranın bu addımını necə dəyərləndirmək olar?

Boyukmillet.com xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi  ki, İranın bu siyasətində təəccüblü nəsə axtarmağa dəyməz: “Bütün bunlar həmin ölkənin bizə qarşı olan ənənəvi siyasətindən qaynaqlanır. İran heç vaxt istəmir ki, burada güclü Azərbaycan olsun. Qarabağ probleminin tarixinə nəzər salın. Görəcəksiniz ki, Ermənistana ən ciddi dəstəyi məhz İran verib. Ermənistanın işğal zamanı uzun müddət duruş gətirməyinin başlıca səbəbkarı İran oldu. Ermənistana nəfəslik rolunu oynadı. İslam dəyərlərindən danışan bir ölkə təkcə ermənilərin bizim məscidlərə qarşı törətdiyi vəhşilikləri əsas götürüb onunla əlaqəni kəsməliydi. Ən azından Türkiyə, Pakistan kimi ölkələrdən ibrət dərsi götürə bilərdi. Bilirsiniz ki, Gorus-Qafan yolunun bir hissəsi bizim kəndlərdən keçir. Müharibədən sonra Azərbaycan orada möhkəmlənib. Ermənilər özlərini yaxşı aparmadıqları üçün oranı bir neçə gün bağlı saxladı. Nəticədə Paşinyan səhvlərini etiraf etməli oldu. Hətta parlamentdə çıxışında həmin kəndlərin Azərbaycana aid olduğunu etiraf etdi. İndi İranın mövqeyinə baxın. Elə bil ki, öz ölkəsinə görə narahat olur. Hətta Ermənistana alternativ yollar çəkməyi də məsləhət görür. Bunu ona görə edir ki, maksimum dərəcədə onların bizdən olan asılılığı azalsın. Yeri gəlsə, həmin yolların çəkilişinə pulu da İran verəcək. Bütün bunlar heç bir müsəlman ölkəsinin siyasi kursuna uyğun deyil. İran, xüsusilə də bizim 44 günlük müharibədəki qələbəmizi həzm edə bilmir. Hiss edir ki, Azərbaycan bölgədə daha da qüdrətlənir. Ona görə də Ermənistana dəstəyini bütün istiqamətlər üzrə artırıb. Biz bunu İran avtomobillərinin Qarabağa daşıdığı yüklərin həcmindən də görürük. Nə etsələr də, xeyri yoxdur. Azərbaycan bu müharibədə öz dostları ilə düşmənlərini yaxşı tanımış oldu”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …