Hər bir xalqın, millətin taleyində böyük şəxsiyyətlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlərin böyük xidmətləri nəticəsində qəbul edilən müdrik qərarlar, sağlam ideyalar aid olduğu ölkənin inkişaf konsepsiyasının hərəkətverici qüvvəsinə çevrilərək onun gələcək istiqamətini müəyyənləşdirir. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də dahi şəxsiyyətə xalqın böyük etimadının nəticəsi idi.
1991-ci ilin 3 sentyabr tarixi yenicə müstəqilliyini qazanmış Azərbaycanın müasir tarixində, sadəcə, sıradan bir təqvim günü deyildi. Bu tarix 70 ildən çox müstəqillik arzuları ilə yaşayaraq onu bərpa edən, lakin qısa bir zamanda bu azadlıq duyğularını itirmək qorxusu ilə üzləşən, xaos və anarxiya burulğanında çırpınan bir xalqın yenidən özündə böyük güc taparaq böyük lideri ilə böyük bir mübarizəyə başladığı gün idi. Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, insanların sabahkı günə inamı qalmamışdı. Xalqın yeganə təsəllisi ulu öndər Heydər Əliyevin Naxçıvanda xalqı ilə bir yerdə olması idi. Buna görədir ki, ümummilli lider Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan bu gün haqqında danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir… Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Zamanın və insanların çağırışına məhz bu düşüncələrlə cavab verən ulu öndər Heydər Əliyev bununla da Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır. Məhz onun iradəsi və qətiyyəti ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Tale ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən ulu öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı…” Bu mənada, 3 sentyabr tarixi həm ictimai-siyasi baxımdan, həm də milli özünəqayıdışın dərki baxımından dövlətçilik tariximizin yenidən yazılmasında müstəsna əhəmiyyəti olan bir gündür.
Ümumiyyətlə, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. …O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”. Beləliklə, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunmuşdur. Və bunun da təməlində həm bəşəri, həm də milli dəyərləri özündə birləşdirən müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinə başlanılmışdır. Nəzərə alaq ki, ötən əsrin 90-cı illərində Naxçıvan ətraf aləmdən təkcə iqtisadi və sosial bağları qoparılmış bölgə deyildi. Həmçinin sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş bir vətən parçası idi. Buna görə də dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi vəzifəsinə başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım olmuşdur. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin edilmişdir. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur. Və yaxud dövlətçilikdə əsas amillərdən biri sayılan xalqın vahid ideya və amal uğrunda birləşdirilməsi görkəmli dövlət xadiminin bütün siyasi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi idi ki, 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Bundan əlavə, çoxəsrlik qonşuluq münasibətlərinə malik Naxçıvanın Türkiyə və İranla əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ulu öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. 1992-ci ildə hər iki ölkəyə edilmiş səfərlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Görülən işlərin praktik nəticəsi kimi qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyəti təmin olunmuşdur. İqtisadi sahəyə nəzər salsaq, Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların qəbul edilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amil olmuş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır.
1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, ümumilikdə isə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyulmuşdur. Qısa müddətdə üzvlərinin sayı durmadan artan partiya xalq arasında böyük nüfuz qazanmış, ölkə həyatının inkişafında böyük rol oynamışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, ölkədə hakimiyyətdə olanların bacarıqsızlığı, şəxsi maraqların milli maraqları üstələməsi Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi. Torpaqlarımızın ard-arda işğal olunması, yaranmış gərgin ictimai-siyasi hadisələr 1993-cü il iyun ayının əvvəllərində özünün son həddinə çatdı. Hakimiyyət böhranı bütün ölkəni cənginə aldı. Artıq Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin gündən etibarən ulu öndərin müdrik daxili və xarici siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi. Beləliklə, tarix üçün qısa zaman ərzində Azərbaycan mühüm nailiyyətlər qazandı.
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən ötən 30 il müddət ərzində dahi şəxsiyyətin ideyalarının uğurla davam etdirilməsi bu qədim diyarı hərtərəfli inkişaf yoluna çıxarıb. Blokada vəziyyətində olmasına baxmayaraq, muxtar respublika böyük bir inkişaf yolu keçmiş, regionda mühüm infrastruktur tədbirləri görülmüş, diyarımızda bütün sahələrin kompleks şəkildə yenilənməsi Naxçıvanı Azərbaycanın ən nümunəvi regionlarından birinə çevirmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olmuşdur.
Ölkəmizin ən böyük uğuru illərdir, işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Ötən il Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız Tarixi Qələbə həm də “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi. Azərbaycan Prezidentinin “Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”, – sözləri isə bu təsdiqin əbədi möhürünə çevrildi. Böyük Zəfərin qazanılmasından sonra Naxçıvana gələn ölkə başçısının bu səfəri böyük tarixi əhəmiyyəti və rəmzi mənası ilə seçilirdi: “Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfədir ki, mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım…”
Həmin səfərdə muxtar respublikada bir sıra obyektlərin açılışında iştirak edən cənab İlham Əliyev çıxışında Naxçıvanın hərbi təhlükəsizliyi ilə bağlı görülmüş işlərdən, eyni zamanda ordumuzun buradakı gücündən də söz açdı: “Ümumiyyətlə deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir… İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıqlar göstərmişlər…”
Kommunikasiyaların açılmasından sonra muxtar respublikanın daha da inkişaf edəcəyini söyləyən ölkə başçısı Naxçıvanın sürətli inkişafına da toxundu: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm… Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir… Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir…”
Bu gün Naxçıvanın əldə etdiyi çoxsaylı uğurları sadalamaqla qurtarmaq mümkün deyil. Böyük öndərin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” fikirləri bu gün artıq qədim diyarın real həyatında öz əksini tapıb. Amma bu da son deyil. Tam 30 il bundan əvvəl – 1991-ci il sentyabrın 3-dən başlayan Böyük Yol Naxçıvanı yaxın gələcəkdə daha Böyük Yollara çıxaracaqdır!
“Şərq qapısı”