Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuraya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Boyukmilet.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, Vətən Müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi vurğulanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri də inkişaf edir. Hazırda Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanda Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz investisiya sahəsində uğurla əməkdaşlıq edir, hökumətlərimiz arasında imzalanmış Preferensial Ticarət Sazişi ilə müəyyən edilmiş məhsulların ixracının artırılması istiqamətində işlər aparılır. Görüşdə Azərbaycan-Türkiyə ticarət və investisiya imkanları dəyərləndirilib. Bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda ticarət nümayəndəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Nazirlər Türkiyə şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı məsələsini də müzakirə ediblər.
Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staray ilə görüşdə Macarıstanla iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Macarıstanla ticarət dövriyyəsinin həcminin artdığı bildirilib, investisiya sahəsində əməkdaşlığın inkişafının əhəmiyyəti, ticarət, KOB və investisiya, sənaye, nəqliyyat-tranzit sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib. Görüşdə macar şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakda maraqlı olduğu vurğulanıb.
Qırğızıstanın Nazirlər Kabineti sədrinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarovla görüşdə Qırğızıstanla müxtəlif sahələrdə əməkdaşlıq üçün möhkəm müqavilə-hüquq bazası formalaşdırıldığı, ölkələr arasında sərbəst ticarət, ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi, və s. istiqamətlər üzrə 60-a yaxın sənədin imzalandığı bildirilib. İki ölkə arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələri inkişaf etdiyi, 2021-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin 2 dəfə artdığı diqqətə çatdırılıb. Ticarətin gücləndirilməsi üçün hər iki tərəfdə potensial ixrac məhsulları üzrə məlumat mübadiləsinə zərurət olduğu qeyd edilib.
Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitovla görüşdə Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının həyata keçirilməsinin təmin edilməsi məqsədilə qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, 2021-ci ilin yanvar-iyul aylarında Özbəkistanla ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artıb. Ölkələrimiz arasında investisiyalar sahəsində də əməkdaşlıq inkişaf edir. Tərəflər Azərbaycan-Özbəkistan Ticarət üzrə İşçi Qrupunun yaradılmasının, habelə koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Görüşlərdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib, Türkiyə, Özbəkistan, Macarıstan və Qırğızıstanın iş adamları ölkəmizə investisiya yatırmağa dəvət edilib, eləcə də iqtisadi tərəfdaşlığın gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.